“Həmin gecə Ramil adlı polis onu saxlayaraq Sumqayıt 4-cü polis bölməsinə aparıb və orada Məqsəd 51 manat cərimə edilib”
Sentyabrın 20-də Zəngilan qaçqını, taksi sürücüsü Məqsəd Süleymanovun özünü yandırmasına polis tərəfindən sıxışdırılması səbəb olub. Bu barədə “Turan İA”a mərhumun qohumu Zahid Əliyev bildirib.
Onun sözlərinə görə, M.Süleymanov gecələr Sumqayıt ərazisində sərnişin daşıyırmış. Taksıçı adambaşı 1-2 manata aparırmış. Post-patrul xidmətinin serjantı Ramil adlı şəxs ondan pul tələb edib, əvəzində işləməyi qadağan edəcəyilə hədələyib.
“Lakin Məqsəd onsuz da az qazanırdı, üstəlik maşına görə kredit borcunu da ödəməliydi. İki ay öncə Ramil Məqsədi iki sutkalığa həbs edib. Polis əməkdaşı onu sıxışdırdığına görə Məqsəd maşını sataraq bazarda işləməli olub”.
Qohumunun sözlərinə görə, qazancı olmadığından o, yenidən taksi sürməyə cəhd göstərib. “Onun başqa gəlir mənbəyi yoxdur. Lakin Ramil yenidən ona mane olmağa başlayıb. Həmin gecə onu saxlayaraq Sumqayıt 4-cü polis bölməsinə aparıb. Orada Məqsəd 51 manat cərimə edilib”.
Məqsəd qayıtdığı zaman Ramil başqa taksiçilərə deyib: “O, 1 manat vermək istəmirdi, indi 51 manat ödəyəcək”. Bu, Məqsədə çox pis təsir edib və o, benzini üstünə tökərək orada özünü yandırıb. Ramil hətta onu söndürməyə belə cəhd göstərməyib”, – mərhum sürücünün qardaşı bildirib.
M.Süleymanovun iki övladı var. Zəngilan rayon rəhbərliyi ailəyə yardım göstərib, lakin qohumları onu intihara sövq etdiyi üçün polis işçisinin cəzalandırılmasını tələb edirlər.
Sumqayıt prokurorluğunda agentliyə bildilirib ki, fakt üzrə CM-in 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb.