Zabitdən istifadə etmədiyi məzuniyyətə görə kompensasiya tələbi

Amil Saatov 3 ildir ki, Şəmkir Korpusuna zəng vurur, məktub yazır…

Foto: Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi


Amil Saatov 3 ildir ki, Şəmkir Korpusuna zəng vurur, məktub yazır…

“10 ildir ki, ordudan tərxis olunmuşam. 3 ildir vaxtilə xidmətdə olarkən istifadə etmədiyim məzuniyyət pulunu və geyim pulunu Müdafiə Nazirliyindən ala bilmirəm”.

Bunu Meydan TV-yə Şəki sakini Amil Saatov deyir.

O danışır ki, 2004-ci il iyun ayından 2005-ci ilin iyun ayınadək “Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (SQTTM), 2005-ci ilin iyun ayından 2007-ci ilin iyun ayınadək isə Müdafiə Nazirliyinin Qazaxdakı N saylı hərbi hissəsində tağım komandiri kimi xidmət edib. 2007-ci ildə xidmət etdiyi hərbi hissədə baş vermiş bir bədbəxt hadisəyə görə həbs olunub. 2008-ci ildə 7 illik məhkum edilib. Elə həmin ilin martında ordudan da zabit kimi tərxis olunub. Həbs müddəti bitəndən və azadlığa buraxılandan sonra hərbi hissə komandirinə həqiqi hərbi xidmətdə olduğu müddətdə istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasını və geyimə görə ödənişi tələb etsə də, ala bilməyib:

”Qalmışam Komissiya ilə hərbi hissə arasında…”

“2016-cı ilin avqustunda kompensasiyanın ödənilməsi üçün Azərbaycan Beynəlxalq Bankında hesab da açdırdım. Ancaq 3 ildir ki, Müdafiə Nazirliyinə və hərbi hissə rəhbərliyinə müraciət etsəm də, bir-birlərinin üstünə yollayırlar. Kompensasiyanın ödənilməsinin gecikmə səbəbini öyrənmək üçün dəfələrlə vaxtilə xidmət etdiyim hərbi hissəyə zəng etmişəm. Hər dəfə deyirlər ki, sənədləri hazırlayıb Şəmkir Korpusuna göndəriblər. Şəmkir Korpusu isə sənədlərin göndərilmədiyini deyir. Beləcə qalmışam hərbi hissələrin arasında…”



Kompensasiya üçün Ali baş komandana müraciət edib

Zabit ölkə başçısına da müraciət edib. Ordunun Ali baş komandanından istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın və geyim pulunun ödənilməsinə kömək etməsini istəyib.

Məsələyə Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Ancaq zabitə bu ilin mayında Şəmkir Korpusundakı müvafiq komissiya tərəfindən göndərilmiş rəsmi cavab məktubunda bildirilir ki, o, tələb olunan bütün sənədləri komissiyaya təqdim etsə də, xismət göstərdiyi hərbi hissə hələ də tələb olunan sənədləri göndərməyib. Bunlar məzuniyyət günləri barədə arayış, pul təminatı barədə arayış və ehtiyata buraxlarkən hərbi hissə komandirinin əmrindən çıxarışdır. 3 ilə yaxındır ki, bu üç sənədi hərbi hissə müvafiq komissiyaya göndərmir.



Hüquqşünas: “Məhkəmədə iddia qaldırsın”

Zabitin özünün hesablamalarına görə, istifadə etmədiyi növbəti məzuniyyətlərin müddəti ümumilikdə 70 gündür və hər günü 18 manatdan hesablandıqda ümumilikdə 1260 manat edir. 3 ildir ki, o, bu məbləği hərbi hissədən ala bilmir.

Hüquqşünas Vaqif Alıyev deyir, zabit Şəmkir Korpusundakı istifadə edilməmiş məzuniyyət əvəzi pul kompensasiyasının ödənişi üzrə komissiyanı məhkəməyə verməlidir:

“Vətəndaşa maraqlı deyil, kim kimə hansı sənədi göndərib, yaxud göndərməyib. Bunu iki hərbi hissə öz aralarında həll etməlidir. Komissiya sadəcə, məktubla müraciət etməməlidir, tələb etməlidir, o sənədləri qısa müddətdə komissiyaya təqdim etməksə hərbi hissə rəhbərliyinin qanuni borcudur”.

Hüquqşünas bildirir ki, vətəndaş yazışmalara son qoymalı, Komissiya tərəfindən ona göndərilmiş rəsmi məktubları da əlavə etməklə Korpusun yerləşdiyi ərazi üzrə inzibati məhkəməyə müraciət etməlidir.

Ana səhifəBölgəZabitdən istifadə etmədiyi məzuniyyətə görə kompensasiya tələbi