”Zabil Salmanova 4 milyon, 700 min manat verdim”

İsfəndiyar İsfəndiyarov: ”Sənədləşmə işləri yekunlaşanda Rəşad Məmmədovun həyat yoldaşının adına keçiriləcəkdi”

Source:
Rəşad Məmmədov
Rəşad Məmmədov
Rəşad Məmmədov
Rəşad Məmmədov


İsfəndiyar İsfəndiyarov: ”Sənədləşmə işləri yekunlaşanda Rəşad Məmmədovun həyat yoldaşının adına keçiriləcəkdi”

İyunun 7-də  Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin məhkəmədə olan əməkdaşının məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsfəndiyar İsfəndiyarov prokurorun suallarını cavablandırıb. Bildirib ki, Zabil Salmanova 236 kvadratmetr qeyri-yaşayış sahəsi üçün 4 milyon 700 min pul verib. O, Zabil Salmanova məxsus obyektin Arzu Məmmədovun adına keçirilməsini isə sənədləşmə işlərinin rahat olması ilə əlaqələndirib: “Rəşad Məmmədovun həyat yoldaşına əziyyət verməmək üçün sənədləşmə işləri başa çatana kimi obyekti Arzunun adına keçirmişdik. Sənədləşmə işləri yekunlaşanda Rəşad Məmmədovun həyat yoldaşının adına keçiriləcəkdi”. O, 6 milyon pulu Rəşad Məmmədovun ofisindən Arzu Məmmədovun götürdüyünü deyib:”Mənim tapşırığımla Arzu pulu götürüb gətirdi. Bundan başqa da pul olub”. Prokuor digər pulun hansı məsələ ilə bağlı olduğunu soruşub. Bu zaman İ İsfəndiyarovun vəkili İradə Cavadova prokurorun sualına etiraz edib. O, bildirib ki, digər pullar başqa məsələ ilə bağlı olub. Hakim isə etirazı qəbul etməyib. İ.İsfəndiyarov da vəkilinin dediklərini təsdiq edib. Hakim bildirib ki, danışanda sözləri kontrol etmək lazımdır:”Onunla bağlı deyilsə, niyə deyirsən? Siz kimi dolamaq istəyirsiniz? Səmimi olmaq lazımdır. Nə etsəniz, özünüzə edirsiniz”.

İ.İsfəndiyarov bildirib ki,Z.Salmanova obyektini almaq üçün 4 milyon 700 min manat pul verib. O, obyektin R. Məmmədovun həyat yoldaşının adına keçirilməsi barədə suala cavab olaraq bildirib ki, bunu ona Rəşad Məmmədov tapşırmışdı.

Prosesdə digər təqsirləndirilən Arzu Məmmədov da ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib. Qeyd edib ki, İsfəndiyar İsfəndiyarov onun dayısı oğludur: “Bir gün mənə dedi ki, belə bir yer var, sənin adına rəsmiləşdirək, başqasına etibar etmirəm. Mən də razılaşdım”.

 A.Məmmədov istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edib. Arzu Məmmədov daha sonra ifadəsində qeyd edib ki, R.Məmmədovun ofisindən pulu götürüb İsfəndiyara gətirib:”Məni həbs edəndə insult keçirdim. Həmin vaxt özümdə deyildim. Desəydilər kimisə öldürmüsən, deyərdim, hə. Ona görə də istintaq zamanı verdiyim ifadəni qismən təsdiq edirəm”. O, istintaq zamanı təzyiqə məruz qalmadığını da deyib.

Məhkəmə prosesi iyunun 10-da davam etdiriləcək.

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib.

Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.

Ana səhifəXəbərlər”Zabil Salmanova 4 milyon, 700 min manat verdim”