Zabil Qəhrəmanovun fəaliyyəti dayandırıldı, sonra saxlanıldı: Vəkillərə qarşı təzyiqlərin yeni mərhələsi?

Zabil Qəhrəmanov. Foto: Meydan TV

Vəkil Zabil Qəhrəmanov Gəncədə polis tərəfindən saxlanılıb. O, avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirməkdə ittiham olunur. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Qəhrəmanovun saxlanılmasının səbəbi barədə rəsmi açıqlama verilməyib. Hadisə, vəkilin fəaliyyətinin dayandırılmasından qısa müddət sonra baş verdiyi üçün, vəkillərə qarşı məqsədli təzyiqlər ehtimalı ilə bağlı ictimai müzakirələr başlayıb.

2025-ci il oktyabrın 8-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti 6 ay müddətinə dayandırılmışdı.

Zabil Qəhrəmanov ictimaiyyət arasında siyasi motivli və həssas cinayət işlərində müdafiəçi kimi çıxış etməsi ilə tanınır. O, xüsusilə 10 yaşlı Nərmin Quliyevanın qətli işində müttəhim İlkin Süleymanovun vəkili olub.

Vəkillərin cəzalandırılması və intizam məsuliyyətinin hüquqi çərçivəsi

Vəkillərin intizam məsuliyyətinə dair məsələlər “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun, “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə” və “Vəkillərin İntizam Komissiyası haqqında Əsasnamə” ilə tənzimlənir.

Qanunun 22-ci maddəsinə əsasən, vəkil peşə borcunu yerinə yetirərkən qanunvericiliyin, davranış qaydalarının və etik normaların tələblərini pozduqda, o, intizam məsuliyyətinə cəlb edilir.

İntizam icraatını Vəkillərin İntizam Komissiyası başlada bilər və bu Komissiyanın rəyi əsasında Rəyasət Heyəti aşağıdakı tənbeh tədbirlərini tətbiq edə bilər:

  1. İrad tutma;
  2. Töhmət;
  3. Üç aydan bir ilədək fəaliyyətin dayandırılması.

Yalnız Vəkillər Kollegiyasından xaric edilmə qərarı məhkəmənin səlahiyyətinə daxildir.

İfadə azadlığı və intizam tədbirləri

Vəkillərin fəaliyyətini tənzimləyən sənədlər etik davranış qaydalarının pozulması hallarını müəyyənləşdirsə də, bu qaydalar ümumi və qeyri-müəyyən xarakter daşıyır. Beynəlxalq insan hüquqları təşkilatları bu səbəbdən Azərbaycan Vəkillər Kollegiyasının etik kodeksini beynəlxalq standartlara uyğun hesab etmir.

Mediada yayılan məlumatlara əsasən, Zabil Qəhrəmanov barəsində intizam icraatının başlanmasına səbəb onun Gəncə polisi haqqında sosial mediada tənqidi paylaşımları olub.

Bu hal, vəkillərin cəzalandırılmasının çox vaxt onların ifadə azadlığı hüququnun həyata keçirilməsi ilə bağlı olduğuna dair şübhələri artırır.

Beynəlxalq hüquqi təcrübə və Avropa Məhkəməsinin yanaşması

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq bir neçə dəfə Azərbaycan vəkillərinin Kollegiya tərəfindən cəzalandırılmasını ifadə azadlığının pozuntusu kimi qiymətləndirib.

Xüsusilə, Yalçın İmanov, Xalid Bağırov, Elçin Namazov və Əlayif Həsənov işlərində AİHM belə nəticəyə gəlib ki, vəkillərin dövlət orqanlarını və ya hüquq-mühafizə strukturlarını tənqid etməsinə görə cəzalandırılması Konvensiyanın 10-cu maddəsinin – ifadə azadlığının pozulması deməkdir.

2025-ci ilin iyulunda Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillərə xəbərdarlıq edərək bildirmişdi ki, onların sosial şəbəkələrdəki paylaşımları intizam məsuliyyətinə səbəb ola bilər. Bu mövzu ilə bağlı Meydan TV-nin araşdırmasında vurğulanırdı ki, Bağırovun açıqlaması vəkillərin ifadə azadlığı hüququnun potensial pozuntusu kimi qiymətləndirilə bilər.

Avropa Məhkəməsinin bu kontekstdə sonuncu qərarı 2025-ci il oktyabrın 7-də Yalçın İmanov işi üzrə qəbul edilib. Məhkəmə qərarına əsasən, vəkilin müvəkkilinin işgəncəyə məruz qalmasına dair bəyanatlarına görə Kollegiyadan xaric edilməsi hüquqların pozulması hesab olunub.

Zabil Qəhrəmanovun fəaliyyətinin dayandırılmasından qısa müddət sonra tutulması, vəkillərin ifadə azadlığına və peşə müstəqilliyinə qarşı artmaqda olan təzyiqlərin davamı kimi qiymətləndirilir.

Vəkillər Kollegiyasının adətən dövlət qurumlarının vəzifəli şəxsləri ilə bağlı tənqidi bəyanatlar verən vəkilləri cəzalandırması isə şübhələr yaradır.  Bu həm də beynəlxalq standartlarla ziddiyyət təşkil edir, həm də hüquq müdafiə sisteminin müstəqilliyi və ictimai etibarını sarsıdır.

Ana səhifəAnalitikaZabil Qəhrəmanovun fəaliyyəti dayandırıldı, sonra saxlanıldı: Vəkillərə qarşı təzyiqlərin yeni mərhələsi?