Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin olunmadı

Zabil Qəhrəmanov. Foto: şəxsi Facebook səhifəsi

Oktyabrın 28-də Gəncə Apellyasiya Məhkəməsində vəkil Zabil Qəhrəmanovun həbsinə etiraz olaraq verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Əlizamin Abdullayev sədrlik edib. 

Hakim Gəncə şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb və vəkil Zabil Qəhrəmanovun apellyasiya şikayətini təmin etməyib.

Oktyabrın 25-də Gəncə şəhər Məhkəməsinin qərarı ilə Zabil Qəhrəmanov həbs edilib. Onun oktyabrın 23-də Göygöldə avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.

Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq – ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Gəncə şəhər Məhkəməsinin qərarı ilə Zabil Qəhrəmanov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Oktyabrın 8-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunmuşdu.

Z.Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın qətlində günahlandırılan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.

Onun Gəncədə polislərin fəaliyyəti barədə sosial mediada yazdıqlarına və açıqlamalarına görə cəzalandırıldığı ehtimal olunur.

Ana səhifəSiyasətZabil Qəhrəmanovun apellyasiya şikayəti təmin olunmadı