Yüzlərlə azərbaycanlı Rusiya Azərbaycan sərhədində qalıb

İki sərhəd arasında, heç bir insani ehtiyaclarımızın qarşılanmasına imkan verilmədən dayanmışıq”.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bu ölkəni tərk edən Azərbaycan və Türkiyə vətəndaşlarının bir neçəsi Samur Gömrük Postunda qalıb, Azərbaycana buraxılmır. Aralarında Ukrayna vətəndaşı olan qadınlar da var. Artıq 3 gündür sərhəddə qaldığını deyən türk əsilli Ukrayna vətəndaşı Tuncel Ertunkun sözlərinə görə, onların adi ehtiyacları da təmin edilmir: “Xahiş edirik ki, heç olmasa qadınlara tualetdən istifadə izni versinlər, ona da icazə vermirlər. İnsanlar körpünün altında təbii ehtiyaclarını ödəmək məcburiyyətində qalırlar”.

“Biz Azərbaycan torpaqlarına gələndə çox sevindik. Müharibənin içindən çıxdıq, 3-4 gün yol gəldik, xilas olduğumuzu zənn etdik, amma burada daha da pis vəziyyətlə qarşılaşdıq. Bizi təkrar Rusiyaya qovurlar, sərhəd qapısına yaxın buraxmırlar. Rusiya da bizi qəbul etmir. İki sərhəd arasında, heç bir insani ehtiyaclarımızın qarşılanmasına imkan verilmədən dayanmışıq. Dövlət rəhbərlərindən, hər kəsdən yardım gözləyirik. Allah xatirinə, bizi buradan qurtarmağa kömək edin”, – Ertunk deyib. 2 min kilometrlik məsafəni qət edərək Azərbaycan sərhədinə gələn Ukrayna vətəndaşı İrina Ertunk də ölkəyə buraxılmadıqlarını, heç bir təbii ehtiyaclarını ödəməyə imkan verilmədiyini, üstəlik ac-susuz qaldıqlarını bildirirlər.

Marina Solopova da bir neçə sutkadır sərhəddə qaldıqlarını, üstəlik süd vəzi xərçəngindən yeni əməliyyat olunduğunu deyir. Onun sözlərinə görə, yemək və kommunikasiya xidmətlərindən də məhrumdular. Vəziyyətlə bağlı Azərbaycanın əlaqədar orqanlarından məlumat almaq mümkün olmayıb. Dövlət Sərhəd Xidməti, eləcə də Dövlət Gömrük Komitəsindən cavab verilməyib. Martın 15-də Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib ki, bu gün səhər saatlarına olan məlumata görə, Ukraynada yaşayan 9 246 vətəndaşımız təxliyə edilib. Hazırda proses davam etdirilir. Azərbaycana gələn Ukrayna, Türkiyə vətəndaşlarının olub-olmaması haqqında isə rəsmi məlumat yoxdur.

Ana səhifəVideoYüzlərlə azərbaycanlı Rusiya Azərbaycan sərhədində qalıb