2013-cü il fevralın 5-də bir-birini tanımayan 2 fərqli insan səhər yuxudan durdu. Bu insanlardan biri səliqəli geyimini geyinib yeni aldığı bahalı avtomobilinə əyləşib ölkənin ən böyük holdinqlərindən birində işinə getdi. Digər insan isə bir gün əvvəldən telefonuna gələn zənglə ona bildirilən başqa bir ünvana – Ağır Cinayətlər Üzrə Baş Polis İdarəsinə tərəf üz tutdu. Bu şəxslərin kim olması ilə bağlı yəqin ki, ilkin təsəvvürünüz formalaşdı. Bəli, bu insanlardan biri bu sətirlərin müəllifi, digəri isə İlqar Məmmədov idi.
Həmin gün axşam mən holdinqdə işimi bitirib dostlarımla görüşəndən sonra evə qayıtdım. İlqar isə həmin gün evə qayıtmadı. İlqar həmin gündən sonra evinə heç qayıtmadı. Qayıda bilmədi. Onu həbs etdilər. Həmin gecə mən evimdə, isti yatağımda mışıl-mışıl yatdım, İlqarın isə hansı şəraitdə yatması məlum deyil. Hətta yata bildimi, bu da sual altındadır.
Həmin gecə, ondan əvvəlki gecələr, hətta ondan sonrakı iki ildə mən həmişə “yatılı” vəziyyətdə oldum, oyaq olsam belə, gözlərim açıq olsa belə, ayaq üstə dursam belə, iş görsəm belə, mən əslində “yatırdım”. O isə ondan əvvəlki gecələrdə də, həmin gecə də, ondan sonrakı gecələrdə də yuxuya getsə belə, həmişə “oyaq” idi.
Mən “yuxulu” olduğum zamanlarda xəbərim belə yox idi ki, bu ölkədə İlqar adlı bir insan mənim, sənin, onun, bizim, hamımız üçün yuxusuna haram qatıb mübarizə aparır. Biz özümüzü oyaq sanıb əslində lunatik şəklində gəzən xəbərsizlər ordusu idik, o isə bizi yuxudan oyatmağa çalışan bir cümhuriyyətçi.
Mənim “yuxu”dan ayılmağım iki il çəkdi. Bir gün bu “oyaq” insanın komandası ilə, internet üzərindən çıxışları ilə tanış olanda anladım ki, ayılmaq üçün çox gecikmişəm. Bəzi insanlar məndən əvvəl oyanmışdılar, mən həmin “oyaq” insanların cərgəsinə qoşuldum. Amma meydana çıxanda anladım ki, gecikən mən deyiləm. Mən “işə getməyin” tam zamanında ayılmışam, avtomobili bir az sürətlə idarə etsəm, işə vaxtında çata bilərəm, görəcəyim, görməli olduğum işləri vaxtında yetişdirə bilərəm. Bəs geridə qalan “yatanlar”?
Bu gün oyaq insanlara baxıram, sayımız çox azdır. Biz yatmış xalqı oyadıb “işə” getmələrini istəyirik, amma məlum “oyaq”lar bunu bizə imkan vermir, hər fürsətdə mane olmağa çalışır. Onlar anlayırlar ki, bu xalq “oyansa”, onlar “işlərini itirəcəklər”, bacarıqsızlıqlarının hesabını verməli olacaqlar. Bu hesabı verməmək üçün əllərindən gələni edirlər, biz oyaqları ciddi-cəhdlə əngəlləməyə çalışırlar.
Azərbaycan xalqı bir dəfə yuxudan oyanmaq üçün 70 il gözlədi. Oyandı, yer-yerindən silkələndi, daşlar yerinə oturdu, azadlığını əldə etdi və geri çəkildi. Xalqı günahlandırmıram, bu normal və təbii olandır. Xalq hər dəfə ayağa qalxmalı deyil, oturduğu yerdən də işini görə bilər. Amma təəssüf ki, Azərbaycan xalqı oturduğu yerdə yatıb. Əgər oyanmasa, oturulu yatmağın sonu yıxılmaqdır, nəticə isə zədələnməkdir, bu zədə isə bədənə ciddi ziyan vura bilər.
Bu gün İlqar Məmmədov Azərbaycan xalqını “oyatmaq” istədiyi üçün 5 ildir ki, həbsdə “yatır”. İlqar Azərbaycan insanının zədə almasını istəmədiyi üçün 5 ilini həbsdə keçirməyə razı olub. Xalq isə yuxuda olduğu üçün bundan xəbəri yoxdur.
Tez-tez işlədilən məsəl var, Azərbaycan xalqı yatmış şirdir, burda oyatsan qalxacaq, gedib digər tərəfdə yatacaq. Azərbaycandan Avropaya gələn yüzlərlə siyasi mühaciri eynilə o şirə bənzədirəm. Azərbaycanda “əsnəyən” insanlar yuxudan qalxmağa cəhd etsələr də, Avropada yenə “yatmağa” üstünlük verdilər. Bu insanlar canını ortaya qoyan İlqar Məmmədovla bərabər 150 nəfərdən artıq siyasi məhbus, bir o qədər də siyasi məhbus olub azadlığa çıxan insanlara rəğmən şirin yuxudan oyanıb acı reallığın gözünə baxmaq istəmədilər. Maraqlıdır, növbəti oyanış üçün yenidən 65 il gözləməkmi lazımdır? Ötən 70 ildə yatarkən dəyən ziyanlar dərs olmadımı? Yoxsa hələ də məndən ötən kimə dəyirsə dəysin prinsipi ilə yaşayırıq? Oyanmasaq, bizdən ötən sadəcə bizdən sonra gələnlərə, birbaşa övladlarımıza dəyəcək. Hətta övladlarımız üçün də oyanmağa dəyməzmi?
İlqar Məmmədov bu yazını böyük ehtimal oxumayacaq, oxuya bilməyəcək. Amma ona müraciət edirəm: İlqar bəy, səsinizi vaxtında eşitmədiyim üçün yatıb yuxuya qalmışam, iki il gec oyanmışam. Buna görə sizdən üzr istəyirəm. Əminəm, gec oyananların hamısında bu üzrxahlıq var. Amma bu üzrxahlığın yanında sizə ayrıca təşəkkür də edirik. Bizi oyatdığınız üçün, digərlərini oyatmağa bizləri vasitəçi etdiyiniz üçün və nəhayət, oyandıqdan sonra irəliəmək üçün Cümhuriyyət adlı cığır açdığınız üçün. Əmin olun, 5 ilinizi hədər yerə sərf etmədiniz, 5 il bir heç üçün “yatmadınız” və ümid edirəm ki, böyük oyanış üçün 65 il gözləməyəcəyik.
Yazının son cümləsini xahiş, sonra isə tələblə bitirirəm: İlqar Məmmədov, zəhmət olmasa, çıxın azadlığa, açdığınız Cümhuriyyət cığırında önə düşün, birgə addımlayıb yuxu gətirən bu qaranlıq meşədən oyaq qalmağa səbəb yaradan günəşli açıqlığa çıxaq. Cümhuriyyət günəşi göylərdə bizim üçün şüa saçsın. Bu günəş, bu işıq, bu nur Azərbaycan xalqının haqqıdır.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.