”Qazaxıstan əhalisi bütöv halda Qarabağ məsələsində Azərbaycanın yanındadır”
İyunun 2-də Bakıda QHT-lərin “Stop Metsamor” beynəlxalq koalisiyasının təsis konfransı keçirilib. Tədbirə Azərbaycan, Türkiyə, İsrail, Ukrayna, İran, Belarus, Rusiya, Qazaxıstan, Gürcüstan və Ermənistandan olan QHT-lərin qatıldığı bildirilir. Koalisiyada Qazaxıstan Milli Konqresinin nümayəndəsi Yusufbay Nurqaliyev Meydan TV-nin bəzi suallarına cavab verib. O, “Stop Metsamor” beynəlxalq koalisiyasının vacibliyini qeyd edərək, Metsamorun işləməsinin Türkiyə, Azərbaycan, o cümlədən, Ermənistanın özü üçün də təhlükəli olduğunu qeyd edib. Yusufbay Nurqaliyev xüsusi olaraq xatırladıb ki, 2007-ci ildə beynəlxalq razılaşmaya əsasən, Metsamorun fəaliyyəti dayandırmalıydı.
– Razılaşmanın olduğunu qeyd etdiniz, bəs Ermənistanın razılaşmaya əməl edəcəyinə inanırsınızmı və xüsusilə Rusiya bu məsələdə hansı mövqeni sərgiləyəcək?
– Rəsmi Kremlin mövqeyini bilirik. Bu mövqe yalnız atom enerji nüvə stansiyasına deyil, Qarabağ probleminə münasibətdə də özünü göstərir. Bütün hallarda koalisiya çalışmalıdır, biz Qərb mütəxəssislərini də işə cəlb etməliyik. Sualınızı genişləndirib demək istərdim ki, Avrasiya İqtisadi Birliyində də Qazaxıstan, Qırğızıstan Rusiya prezidenti Putinin təklifləri altındadır. Məsələ ortaq birlik, ortaq enerji mənbələrinin, ortaq enerji qiymətlərinin bir mərkəzdən idarə olunmasıdırsa, Rusiyanın təsiri göz önündədir. Rusiyanın daxili durumunu qiymətləndirsən, Tatarıstanda, Çuvaşıstanda, Başqırıstanda ana dili təhsili çox zəifdir. Rusiyadakı xalqların assimiliyasiya prosesi əvvəlki illərdə olduğu kimi indi də davam edir.
–
Qazaxıstanda Putinin postsovet məkanını müxtəlif birliklər adı altında yenidən Kremlin təsir dairəsi altına alacağına inanırlarmı?
– Orta Asiyaya bütöv baxdıqda Qazaxıstan mərkəzdədir. Ancaq Qazaxıstan iki iri dövlətin Rusiya və Çinin arasındadır, bunlar bölgənin böyük akyorlarıdır. İlginc və təbii olanı odur ki, Qazaxıstanın Rusiya və Çinlə ticari əlaqələrinin dövriyyəsi Azərbaycan və Türkiyə də daxil olmaqla regiondakı türk dövlərilə ticari əlaqələrindən çoxdur. Bu, türk dövlətlərinin iqtisadi əlaqələrinin istənilən səviyyəyə çatdıra bilməməsinin göstəricisidir. Çox qəribədir ki, türk dövlətləri keçirilən toplantıların sayına görə birincidir. Məlum Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra Ankara-Moskva münasibətlərini bilirsiniz. Düzdür, son zamanlar iki dövlətin mediasına baxsanız, yaxınlaşma meyllərini görərsiniz. Əlbəttə, Türkiyə və Rusiya arasında əvvəlki münasibətlərin bərpa olunması üçün vasitəçilik təklifi ilk dəfə Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən gəldi. Bəzi məsələlərdə Türkiyədə, Azərbaycanda və Qazaxıstanda iqtidarlarla xalqın yanaşmaları üst-üstə düşməyə bilər. Ancaq tam əminliklə deyə bilərəm ki, Qazaxıstan əhalisi bütöv halda Qarabağ məsələsində Azərbaycanın yanındadır. Bu, aprel ayında baş verən döyüşlər zamanı qazaxların Facebookda sərgilədiyi mövqedən də görünür. O zaman Qazaxıstanda müəllim, yaxud alim, işçi olsun, hamısı Azərbaycan bayrağına büründülər, o cümlədən, müxtəlif tədbirlər keçirildi.
– Qazaxıstanda Rusiyaya münasibət necədir?
– Bilirsiniz ki, Azərbaycan da daxil olmaqla Avrasiya bölgəsində informasiya yayımına və siyasətinə Kreml nəzarət edir. 4-5 il əvvəl Qazaxıstanda Qarabağ problemini əsaslı şəkildə bilmirdilər, çünki mətbuatda Kremlin ağırlığı açıq şəkildə hiss olunurdu. Təəssüf ki, bu gün də bu təsir qalmaqdadır. Bu gün Qazaxıstanda qazax dilini bilməyən qazaxlar var və onlar az deyil, bunun nə demək olduğunu bilirsiniz. Amma Rusiyanın əvvəlki təsiri tədricən zəifləyir və paralel olaraq milli şüur güclənir.
– Neftin qiymətlərinin enməsi Qazaxıstan iqtisadiyyatına hansı təsirlərini göstərdi?
– Neft ölkəsi olan Qazaxıstanda da Azərbaycanda olduğu kimi böhran yaşanır. Hazırda Avrasiya İqtisadi Birliyi üzvləri arasında iqtisadi və informasiya münasibətlərinin praktik sistemləşməsi üçün danışıqlar gedir. Neftin qiymətinin enməsi və ardınca Rusiyaya qarşı iqtisadi sanksiyalar istər-istəməz əlaqələrə və daxili iqtisadiyyata mənfi təsirini göstərib. Hazırki vəziyyətdə Qazaxıstanın məqsədi odur ki, qonşu ölkələrlə ticari birliyi daha da gücləndirsin. Çünki türk dövlətlərində olduğunu kimi Qazaxıstanda da milli valyuta itkiyə məruz qaldı.
–
Bir neçə həftə əvvəl Qazaxıstanda prezident Nazarbəyova qarşı aksiyalar keçirildi, etirazların səbəbi nədən ibarət idi?
– Çox maraqlı məsələyə toxundunuz. Bu barədə rəsmi və qeyri-rəsmi informasiyalar var. Ancaq mən həqiqəti deyəcəm, etirazlar Ana Yasaya torpaq icarəsiylə bağlı edilən dəyişikliklərdən sonra meydana gəldi. Söhbət xarici vətəndaşlara yatırım qoyacaqları təqdirdə torpağın onlara 10 il icarəyə verilməsindən gedir. Qanunvericilikdə bu müddətin 25 ilə qədər uzadılması təklif olunmuş və təsdiqlənmişdi. Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri bu məsələdə xalqı məlumatlandırmadan istədiklərini həyata keçirmişdilər, əlbəttə ki, məsuliyyət istər-istəməz hakimiyyətin üzərində idi. Prezident Nazarbəyov xalqla anlaşılmazlığın olduğunu görəndə məmurlar və xalqın bir sıra təmsilçilərilə birgə müşavirə keçirdi. O, açıq şəkildə dedi ki, xalqın maraqlarına cavab verməyən qanunvericilikdəki dəyişiklər bizə lazım deyil, ona görə 2017-ci ilə qədər həmin dəyişikliyin işləməsinə qadağa qoyur. Nazirliklər də xalqla yenidən danışmalı, onları dinləməli, əgər uyğun bilinsə, qadağa götürüləcək, yaxud saxlanılacaq. Bu məsələyə münasibətdə çoxrəngarənglik özünü göstərdi, Kremlin təsir dairəsində olan informasiya mənbələrilə Qərb mediası fərqli xəbərlər yayırdı. Ancaq sosial media olduğu halda heç nəyin gizlədilməsi mümkün deyil, orda hər şey açıq şəkildə yazıldı və ictimai müzakirəyə səbəb oldu. Yerli mətbuatda müxtəlif iddialar səsləndi. Birinci, guya, Amerika səfirinin həmin bölgəyə səfərindən sonra etirazlar başlandı. Amma bu bir iddia, ehtimal idi, təsdinlənmiş bir şey deyildi.
–
Qazaxıstanda da iqtisadiyyat Nazarbəyovlar ailəsinin təsir dairəsindədir, yoxsa müxtəlif qrupların rəqabəti var?
– Nazarbəyovun ən böyük uğuru ondadır ki, bir tərəfdə Çin, digər tərəfdə Rusiya olduğu halda ölkəsində indiyə qədər sosial-iqtisadi və siyasi böhranların ciddi hal almasına imkan vermədi. Müxtəlif variantlarda böhran, narazılıq yaratmaq istəyənlər olsa da, bunu bacarmadılar. Hətta terrorçu qrupların ölkəyə daxil olmasına imkan verilmədi. Hazırda bir inkişaf var, gələcəyə ümid var, bu isə Nazarbəyovun apardığı siyasətin nəticəsidir.
–
Heydər Əliyevin olduğu kimi, onun da varisi varmı?
– Bu barədə məlumatsız olduğumdan heç nə deyə bilmərəm.