Iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun və həyat yoldaşı, tarixçi Arif Yunusun məhkəməsi keçirilib. Məhkəməyə gələn jurnalistlər səfirlik nümayəndələri və digər şəxslər zala buraxılmayıblar. Nəticədə mübahisə yaranıb.
Turan Informasiya Agentliyinin direktoru Mehman Əliyev böyük zalların boş olduğunu bildirib.
Məhkəmə prosesində vəkillər Arif Yunus barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi, bəzi şahidlərin adının siyahıdan çıxarılması haqda vəsatət qaldırıblar. Hakim vəsatətləri təmin etməyib. Vəkil Elçin Qəmbərov Arif və Leyla Yunusun səhhətinin ağır olduğunu bildirib.
Çəkiliş aparmaq istəyən jurnalistlərə ədliyyə naziriyinin işçiləri su töküblər.
Məhkəmə ayın 28-nə təxirə salınıb.
Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.
«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.
Hazırlıq iclası iyulun 15-də olub. Hazırlıq iclasında Leyla Yunus təcridxanada məruz qaldığı işgəncələrdən danışıb, əri Arif Yunusun başında şiş yarandığını, tibbi müalicəyə ehtiyacı olduğunu söyləyib.
Penitensiar Xidmət daha öncə işgəncəylə bağlı yayılan xəbərləri təkzib edib.