Vəkil hesab edir ki, icraatın dayandırılmasına ehtiyac yox idi
Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun 2014-cü ildə həbsilə bağlı məhkəmə prosesi 8-ci ildir ki, davam edir. Oktyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində onların işi üzrə məhkəmə iclası keçirilib.
Leyla və Arif Yunuslar 2014-cü ilin yayında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. 2015-ci ilin dekabrında Bakı Apelyasiya Məhkəməsinin qərarıyla onlar şərti azadlığa buraxılıb. 2016-cı ilin aprelində isə Niderlanda gediblər. Daha sonra siyasi sığınacaq üçün bu ölkənin xarici İşlər Nazirliyinə müraciət ediblər və onlara müsbət cavab verilib.
Bundan sonra Azərbaycanda Ali Məhkəmə hüquq müdafiəçisi və həyat yoldaşının işinə baxıb və onların şərti azadlığa buraxılması haqda apelyasiya məhkəməsinin qərarını ləğv edib. İş yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Ali Məhkəmə öz qərarında yazıb ki, apelyasiya məhkəməsi bu işə məhkəmə istintaqı aparılmaqla (dindirmələr, sənədlərin tədqiqi) baxılsın.
Təkrar apelyasiya məhkəməsində bu işə baxılanda prokuror və hakimlər tələb edib ki, təqsirləndirilən şəxslər özləri də məhkəmədə iştirak etsin. Onların vəkili Elçin Sadıqov isə bildirib ki, müvəkkilləri “Skype” vasitəsilə prosesə qoşula, sualları cavablandıra bilər. Lakin məhkəmə bununla razılaşmayıb. 2017-ci ildən məhkəmə prosesi təxirə salınıb.
Oktyabrın 18-də keçirilən məhkəmə iclasında Elçin Sadıqov bildirib ki, bu iş üzrə icraatı dayandırmağa əsas yoxdur. Vəkil Yunusların iştirakının elektron qaydada təmin olunması barədə vəsatət qaldırıb:
“Elektron qaydada iştirakları təmin olunsun, ifadə versinlər”.
Lakin Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası bununla razılaşmayıb. İş üzrə icraatın dayandırılmasına qərar verilib. Əsas kimi isə təqsirləndirilən şəxslərin məhkəmə prosesində iştirak etməməsi göstərilib.
Adətən bu cür hallarda – təqsirləndirilən şəxsin yayınması əsasıyla icraat dayandırılanda həmin şəxs haqqında həbsli axtarış qərarı çıxarılır.
Vəkil Elçin Sadıqov bildirib ki, Yunusların işi üzrə məhkəmə prosesi 2017-ci ildən qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı:
“O vaxtdan bu işə baxmırdılar. Məhkəmə bugünkü iclası öz təşəbbüsüylə təyin eləmişdi”.
Vəkil hesab edir ki, icraatın dayandırılmasına ehtiyac yox idi.
Leyla və Arif Yunuslar dələduzluq, saxta sənədlərdən istifadə və s. ittihamlarla həbs olunmuşdu. Lakin onlar ittihamları qəbul etmir, siyasi sifarişlə cəzalandırıldıqlarını bildirirlər.
Yunuslar həbsdə olarkən “Amnesty İnternational” onları “vicdan məhbusu” elan etmişdi.
Avropa Məhkəməsi də onların işinə baxarkən bu işdə Avropa Məhkəməsinin 18-ci maddəsinin pozuntusunu tanımaqla, hüquq müdafiəçisi və həöyat yoldaşının siyasi motivlərlə həbs olunduğunu təsdiqləmişdi.