Vəkil Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəklərini söyləyib
Martın 11-də Bakı Apellyasiya Məhkəməsində Leyla Yunus və Arif Yunusun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdirilib.
Proses barədə Meydan TV-yə açıqlama verən vəkil Elçin Sadıqov şikayətin təmin edilmədiyini deyib.
O, Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəklərini söyləyib.
Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə onların müraciətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus əmlakları müsadirə olunmaqla 8 il 6 ay, onun həyat yoldaşı, politoloq Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq ötən ilin noyabrın 12-də Arif Yunus məhkəmə zalından azad olunub. Hakimiyyət səbəb kimi onun səhhətinin ağır olmasını göstərib. Dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusu 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxıb. Məhkəmə əmlaka qoyulan həbs hökmünü də götürüb.