Yunis Səfərovun vəkili: Elmar Vəliyevin insanlara hörmət etməməsinə görə bu yola əl atıb

Bəxtiyar Hacıyev müvəkkilinin işgəncəyə məruz qalmasından da danışıb

Yunis Səfərov, Foto: Meydan TV


“Onun hansısa xüsusi xidmət orqanı ilə işbirliyinə dəlalət edən bircə sübut da ortaya qoyulmayıb”

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsdlə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir. Məhkəmə prosesində hazırda çıxışlar mərhələsidir. Ötən iclasda prokuror təqsirləndirilən 10 nəfərdən 9-na 18-20 il, Yunis Səfərova isə ömürlük həbs cəzası verilməsini istəyib. Aprelin 13-də isə vəkillər çıxış edib.

Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev bildirib ki, müvəkkilinin əməli düzgün tövsif olunmayıb. Vəkilin sözlərinə görə, bu hadisənin terror, dövlət çevrilişinə cəhd kimi qiymətləndirilməsi, Yunis Səfərov və digərlərinə bu cür ittihamların verilməsi əsassızdır.

“Baş vermis hadisəyə Elmar Vəliyevin Gəncə şəhərinin icra başçısı kimi etdiyi hərəkətlər kontekstində baxmaq lazımdır. Yunis Səfərov özü də məhkəmədə bildirdi ki, Gəncədə insanlara zülm edən icra başçısından yuxarı dövlət qurumlarına şikayətlər edilirdi, amma bu şikayətlər səmərə vermirdi. Ona görə də, özü Vəliyevi cəzalandırmaq niyyətinə düşüb. Yunis Səfərov ifadəsində göstərdi ki, Gəncə sakinlərini, onların dini etiqadlarını təhqir edən Vəliyevin mentalitetə, xalqın adət-ənənəsinə, insanlara hörmət etməməsinə görə bu yola əl atıb. Yəni heç bir başqa ölkənin xüsusi xidmət orqanının ona göstərişindən söhbət gedə bilməz. Onun hansısa xüsusi xidmət orqanı ilə işbirliyinə dəlalət edən bircə sübut da ortaya qoymayıb. Bu da yazılanların həqiqətə uyğun olmadığını söyləməyə əsas verir”, – vəkil bildirib.

Müdafiəçi, Yunis Səfərovun bu hadisəni təkbaşına törətməsi, heç kimlə məsləhətləşməməsi, digər təqsirləndirilən şəxslərin günahsız olması haqda dediklərini xatırladıb. Vəkilin sözlərinə görə, ittihamda təqsirləndirilən şəxslər mütəşəkkil dəstə kimi təqdim olunur, amma onların əksəriyyəti bir-birini ümumiyyətlə tanımır. Yunis Səfərovun özü də digər təqsirləndirilən şəxslərin bir çoxunu məhkəməyə qədər tanımayıb, onların arasında ünsiyyət olmasına dair heç bir sübut yoxdur. Amma hadisənin əvvəlcədən planlaşdırılmış terror olması görüntüsünü yaratmaq üçün bu işə heç bir aidiyyatı olmayan adamları həbs edib, mütəşəkkil dəstə kimi təqdim ediblər.

Vəkil, Yunis Səfərovun təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunu da vurğulayıb: “İyulun 6-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirdilər ki, Yunis Səfərov əhalini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırıb. Onu cinayətkar birliyin, mütəşəkkil dəstənin başçısı kimi təqdim etdilər. Halbuki, barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan kimsə cinayətkar kimi təqdim oluna bilməz. Bu açıqlamanın məqsədi həm də, Elmar Vəliyevin vurulmasını dövlət çevrilişinə cəhd kimi təqdim etmək idi. Yunis Səfərovu dini fanatizm əsasında hərəkət edən biri kimi qələmə verməklə, Elmar Vəliyevin Gəncə şəhərində etdiyi qanunsuzluqlara haqq qazandırmaq cəhdi idi”.

Bəxtiyar Hacıyev müvəkkilinin işgəncəyə məruz qalmasından da danışıb: “Yunis Səfərov həbs edildikdən bir neçə gün sonra mediada onun üzərində xəsarətlər olan fotoları yayıldı. Həmin fotolarda Yunis Səfərovun üzündə xəsarətlər açıq-aşkar görünürdü. O zaman Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirdi ki, şəkillərdə görünən xəsarətlər işgəncənin nəticəsi deyil, Yunis Səfərov hadisə yerindən qaçmaq istəyəndə polis əməkdaşları onu yaxalayıb. Bu zaman Yunis polis əməkdaşlarına müqavimət göstərib. Polislər onu zərərsizləşdirmək üçün güc tətbiq edib, yerə yıxıb zərərsizləşdirib. Amma istintaqa təqdim olunandan sonra ona heç bir təzyiq göstərilməyib. Lakin Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşları məhkəmədə şahid kimi dindirilərkən bildirdilər ki, Yunis Səfərov Elmar Vəliyevi vurduqdan dərhal sonra maşına tərəf aparılıb, həmin vaxt onun üzündə heç bir xəsarət olmayıb. Bu da onu göstərir ki, Yunis Səfərov istintaq zamanı işgəncəyə məruz qalıb. Bu işgəncənin məqsədi də ondan müəyyən ifadələrin alınması olub. Yunis Səfərov özü də məhkəmədə bildirdi ki, istintaq zamanı işgəncəyə məruz qalıb”.

Vəkil çıxışının sonunda bildirib ki, qəsdən adam öldürməyə cəhd istisna olmaqla, digər ittihamların hamısı əsassızdır. Bəxtiyar Hacıyev müvəkkilinə Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi əsasında cəza verilməsini, həmçinin ona münasibətdə CM-in 62-ci (əmələ görə nəzərdə tutulmuş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiq olunmasını istəyib.

Təqsirləndirilən digər şəxslərdən Vüqar Məmmədovun vəkili müvəkkilinin günahsız olduğunu bildirib, onun haqqında bəraət hökmü çıxarılmasını xahiş edib: “Heç bir dəlil-sübut olmadan həbs olunub. Buna baxmayaraq, prokuror ona ağır cəza istədi. Cinayət işinin materiallarında bir cümlə keçir ki, Vüqar Məmmədov Gəncədə Yunisə kirayə ev tapmaqda kömək edib. Bu cümləyə görə 19 il cəza istəmək ədalətsizlikdir. Yunis Səfərov özü də bildirib ki, ifadələrə işgəncə altında imza atıb. Vüqarın tapdığı ev icra hakimiyyətinin yaxınlığında olmayıb. İkincisi, Vüqar hardan bilə bilərdi ki, Yunis nə edəcək? Vüqarın bu işdən xəbərdar olduğunu təsdiqləyən heç bir sübut yoxdur”.

Rasim Mustafayevin vəkili də müvəkkilinin təqsirsiz olduğunu vurğulayıb: “Yazıblar ki, Rasimdən qumbaralar tapılıb. Guya o da həmin qumbaraları torpağı qazıb çıxarıb. Amma istintaq müəyyənləşdirmir ki, hardan qazıb çıxarıb…”

Məhkəmə prosesi aprelin 15-də, digər vəkillərin çıxışı ilə davam edəcək.

Ana səhifəSiyasətYunis Səfərovun vəkili: Elmar Vəliyevin insanlara hörmət etməməsinə görə bu yola əl atıb