Vəkil Yunis Səfərovun əliqandallı oturmasına etiraz edib
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə yenidən məhkəmə araşdırmaları başlayıb. Onların hökmdən verdikləri şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Noyabrın 26-da hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən ilkin baxış iclasında vəkillər xeyli vəsatətlər qaldırıblar.
Onlar bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi üzrə obyektiv, hərtərəfli araşdırma aparılmayıb, bir çox şahid dindirilməyib. Məsələn, təqsirləndirilən şəxslərdən Mahir Əzizovun evinə baxış keçirilməsi barədə protokolda iki polis, iki də hal şahidinin imzası var. Amma məhkəmə onların heç birini dindirməyib. Yaxud da təqsirləndirilən Firudin Zeynalovun öz əleyhinə olan ifadəsində – dindirmə protokolunda onun adından atılmış imza var. Firudin Zeynalov həmin ifadənin də, imzanın da ona aidiyyəti olmadığını bildirir.
Vəkillərin sözlərinə görə, imzanın onun başqa imzalarına oxşamadığı gözlə görünür. Lakin məhkəmə bu məsələni araşdırmaq üçün heç bir addım atmayıb.
Vəkillər apelyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla (dindirmələr, sənədlərin tədqiq olunması, lazımi orqanlara sorğuların verilməsi və s.) baxılmasını istəyiblər. Müdafiəçilər şahidlərin çağırılıb dindirilməsi, imza məsələsinin araşdırılması üçün xətşünaslıq ekspertizasının keçirilməsi, səhhətində ciddi problemlər olan təqsirləndirilən Ceyhun Qurbanovun durumunun həbsdə qalmağa imkan verib-vermədiyinin müəyyənləşdirilməsi üçün onun tibbi ekspertizası və s. vəsatətlər qaldırıblar.
Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev zərərçəkmiş qismində tanınan Elmar Vəliyevin məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıb:
“Birinci instansiya məhkəməsi heç bir ciddi əsaslandırma olmadan Elmar Vəliyevin məhkəmədə iştirakını təmin etmədi. Axırda da bir rəy aldılar ki, anlaqlı olmadığına görə gələ bizməz. Əgər anlaqlı deyildisə, onu məhkəmədə təmsil edən nümayəndəsinə etibarnaməni necə verib? Bu məsələ araşdırılmalıdır ki, həmin etibarnamə hansı şəraitdə verilib. Ya özü məhkəməyə gəlməlidir, ya qəyyumu müəyyənləşdirilməlidir”.
Məhkəmənin vəsatətlərlə bağlı qərarı dekabrın 15-də keçiriləcək növbəti məhkəmə iclasında məlum olacaq.
Məhkəmə iclasında diqqət çəkən məsələlərdən biri Yunis Səfərovun digər təqsirləndirilən şəxslərdən ayrı, həm də şüşə kabinədə belə, qandallar açılmadan saxlanması olub. Onun vəkili bu cür saxlanmaya etiraz edib və bunu şəxsin hüququnun pozulması kimi qiymətləndirib. Vəkilin etirazından sonra qandal açılıb.
Təqsirləndirilən Mahir Əzizov isə məhkəməyə qolu gipsdə gəlib. Anası Məhbubə Əzizova Meydan TV-yə bildirib ki, oğlu Bakı İstintaq Təcridxanasında əlini etiraz olaraq divara vurub, nəticədə qolu sınıb:
“Təcridxanada qızdırması qalxıb, vəziyyəti pis olub, baxan olmayıb. O da etiraz olaraq, əlini divara vuranda qolu sınıb. İki aydır qolunda mil var. Günahsız həbs eləməkləri bəs eləmir, orada da zülm eləyirlər. Belə bir vəziyyətdə də əllərinə qandal vururlar”.
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin binasında Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərova ömürlük həbs cəzası verilib.
Onunla birlikdə mühakimə olunan digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülən, lakin təqsirləndirilən şəxs kimi tanınan Anar Bağırov və Ağa Sərxani isə təqsirli sayılsalar da, öldüklərinə görə barələrindəki cinayət işinə xitam verilib.
Yunis Səfərov özünü qismən təqsirli bilir. O, icra başçısını öldürmək istədiyini etiraf edir. Lakin deyir ki, bu addımın səbəbi ölkədə dövlət çevrilişi etmək, dini dövlət qurmaq və s. olmayıb. Bu barədə ittihamda yazılanlar yalandır və hadisənin əsl səbəbi ilə bağlı ictimaiyyəti çaşdırmaq niyyətilə ortaya atılıb. Yunis Səfərovun sözlərinə görə, hadisənin əsl səbəbi Elmar Vəliyevin uzun illər əhaliyə zülm etməsidir.
O, digər təqsirləndirilən şəxslərin bu işə aidiyyəti olmadığını, sui-qəsd planını təkbaşına hazırladığını vurğulayıb:
“Əgər biz mütəşəkkil dəstə olsaydıq, evlərdən orada yazıldığı qədər silah-sursat çıxsaydı, Elmar Vəliyevi vurmaq üçün silahı polisdən niyə götürüb qaçırdım? Yaxud da niyə icra hakimiyyətində bu işi görürdüm, elə dəstənin üzvlərindən biri Elmar Vəliyevin getdiyi yerləri, evini müəyyənləşdirərdi, orada eləyərdim. İttihamda yazılanlar cəfəngiyyatdır”.