Yunis Səfərov: Ölkədəki problemlərdən danışmasam, mən insan olmaram

“Əgər bir insana təhlükə varsa, o təhlükəni qanuni yollarla aradan qaldırmaq mümkün deyilsə, bu zaman çıxış yolu kimi atılan addım cinayət sayılmır”

Yunis Səfərov, Foto: Meydan TV


“Əgər bir insana təhlükə varsa, o təhlükəni qanuni yollarla aradan qaldırmaq mümkün deyilsə, bu zaman çıxış yolu kimi atılan addım cinayət sayılmır”

Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Y.Səfərov Bakı Ağır Cinayətlər Məhkəməsində vəkillərin suallarını cavablandırıb.

Y.Səfərov bildirib ki, onunla birlikdə mühakimə olunan digər təqsirləndirilən şəxslərin bu hadisəyə heç bir aidiyyəti yoxdur. Onların icra başçısını öldürmək planından da xəbəri olmayıb: “Heç bir mütəşəkkil dəstə olmayıb. Görünür, kiməsə lazımdır bizi bu şəkildə təqdim eləmək. Niyə lazımdır, bilmirəm. Mənim düşüncələrim, planlarımla bağlı buradakıların heç birinin məlumatı olmayıb. Yazıblar ki, guya bizim vatsap qrupumuz olub, orada danışmışıq. Bu da yalandır, mənim vatsap qrupum olmayıb. Bu şeyləri məqsədyönlü şəkildə yazıblar. Mən polisin silahını götürüb qaçandan sonra Bakıya gəlmişdim. Bakıda olduğum müddətdə Gəncədə baş verənlər barədə heç bir məlumat ala bilmirdim. Mütəşəkkil dəstə olsaydıq, orada olanlar barədə kimsə məni məlumatlandırardı“.

Y.Səfərov digər təqsirləndirilən şəxslərlə görüş və telefon danışıqlarında dövlətçilik əleyhinə danışmaları haqda cinayət işinin materiallarında yazılanları da təkzib edib. O bildirib ki, təqsirləndirilən şəxslərdən Ağa Sərxani, Firudin Zeynalov və digər bir neçə nəfəri ümumiyyətlə, tanımır. Tanıyıb görüşdükləri ilə də dövlətçilik əleyhinə söhbətləri olmayıb.

“Mən hər yerdə ölkəmdəki problemlər barədə danışmışam. Bu gün də danışıram. Əgər bu barədə danışmıramsa, onda mən insan deyiləm”, – Y.Səfərov bildirib.

Onun sözlərinə görə, şəriət dövləti qurmaq üçün terror törətməsi barədə yazılanlar da yalandır, icra başçısına qarşı sui-qəsdin gerçək səbəbini gizlətmək məqsədi güdür.

Y.Səfərov deyir ki, məsələn, təqsirləndirilən şəxslərdən sabiq polis əməkdaşı Vüqar Məmmədov ona kirayə ev tapmağa kömək edib, amma onun planından xəbəri olmayıb.

Həbsdə olduğu 1 il 4 ay ərzində ailə üzvlərilə əlaqə saxlaya bilmədiyini, telefon danışığı və görüş hüququnun məhdudlaşdırıldığını deyən Y.Səfərov özünü qismən təqsirli bilməsilə bağlı məsələyə də aydınlıq gətirib: “Mən özümü ona görə qismən təqsirli bilirəm ki, icra başçısını öldürmək niyyətim olub, amma polisləri öldürmək niyyətim olmayıb”.

O, həbsindən bir neçə gün sonra sosial şəbəkələrdə yayılan, üzündə xəsarət izləri olan fotoşəkil haqda da danışıb: “O foto mənə məxsusdur. Həbs olunduğum gün çəkilib. Mən həbs olunanda orada çoxlu sayda insanlar vardı, məni döyürdülər”.

Onun sözlərinə görə, üzündəki xəsarət də həmin döyülmə nəticəsində yaranıb. Y.Səfərov məruz qaldığı işgəncələrin təfərrüatlarını danışmaq istəmədiyini söyləyib. Amma onu deyib ki, döyənlər arasında həm polis formasında olanlar vardı, həm də mülki geyimlilər.

Y.Səfərov onu da vurğulayıb ki, E.Vəliyevi öldürmək istəməsi cinayət deyildi: “Mən elədiyim cinayət deyil. Əgər bir insana təhlükə varsa, o təhlükəni qanuni yollarla aradan qaldırmaq mümkün deyilsə, bu zaman çıxış yolu kimi atılan addım cinayət sayılmır. Cinayət Məcəlləsinin 38-ci maddəsində də bu var. Mənim də başqa yolum yox idi”.

Y.Səfərovun bəhs etdiyi, Cinayət Məcəlləsinin “Son zərurət” adlanan 38-ci maddəsində yazılıb: “Şəxsin özünün və ya başqalarının həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq mümkün deyilsə, bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır”.

Y.Səfərovun qayınatası Şahin Nəcəfi, qayınanası Tahirə Nəcəfi, qaynı Cavad Nəcəfi də məhkəmədə dindirilib. Onlar şahid qismində ifadə verib.

Ş.Nəcəfi bildirib ki, Yunis onun qızı Şərafətlə 2007-ci ildə ailə qurub, iki övladı var. Moskvada yaşasalar da, 2009-2010-cu illərdə Yunis ailəsilə Bakıya gəlib, bir il burada yaşayıb, amma iş tapa bilmədiyinə görə yenidən Moskvaya geri qayıtmalı olublar.

Ş.Nəcəfinin sözlərinə görə, Y.Səfərovla birlikdə mühakimə olunan şəxslərdən Gəncə sakini Hamlet Abdullayev 2017-ci ilin yayında onunla görüşüb, Yunisin icra başçısını öldürmək istədiyini, bu məqsədlə silah axtardığını xəbər verib. Onu bu yoldan çəkindirməsini istəyib: “Gedib məsciddə Yunisi tapdım, tənbeh elədim, tutduğu yoldan çəkilməsini tələb etdim. İki gün sonra eşitdim ki, Gəncədə mühafizə polisinin silahı oğurlanıb. Kameraya düşən şəxsi Yunisə oxşatdım. O biri kürəkənim Gəncə prokurorluğunda mühafizəçi işləyirdi. O gedib məlumat verdi, bundan sonra müəyyənləşdirdilər ki, Yunisdir”.

Məhkəmə prosesi noyabrın 17-də davam edəcək.

Ana səhifəXəbərlərYunis Səfərov: Ölkədəki problemlərdən danışmasam, mən insan olmaram