Yunis Səfərov: Məni yeni cinayət törətməyə vadar edirsiz

Hakim “özün bilərsən…” deyərək, bu məsələni qapadıb.

Yunis Səfərov, Foto: Meydan TV


Keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, özünü də tanımır”

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov yenidən cinayətə əl atmağa vadar edildiyini bildirib. Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən prosesdə Y.Səfərov deyib ki, 2018-ci ilin iyulunda həbs olunandan bu günə qədər onun ailə üzvlərilə danışmaq, görüşmək hüququ pozulur.

Y.Səfərov məhkəmə zalında mikrofon yerləşdirilməsini istəyib. O bildirib ki, həm məhkəmə zalındakılara, həm də cəmiyyətə çatdırmaq istədiyi fikirlər var. Amma məhkəmə zalında o, şüşə kabinəyə salınıb, səsi eşidilmir: “Mən qışqıra bilmirəm. İstəyirəm hamı məni eşitsin. Mən sizə də, başqa səlahiyyətlilərə də çatdırmaq istəyirəm ki, yeni cinayət törətmək ərəfəsindəyəm. İki ildən çoxdur mənim ailəmlə əlaqə saxlamağıma imkan verilmir. Mən də məcbur olub, bu hüququmdan istifadə etmək üçün qeyri-qanuni yollar axtarıram. Axı mən belə olmasını, yeni cinayət törətməyi istəmirəm. Amma hüquqlarımı pozanlar, buna göz yumanlar məni buna vadar edir”.

Hakim Əfqan Hacıyev bildirib ki, bu, məhkəməyə yox, onun saxlandığı müəssisəyə (Bakı İstintaq Təcridxanası) aid məsələdir: “Bu məsələyə saxlama yerinin rəhbərliyi baxır. Əgər icazə vermirsə, yerli məhkəməyə müraciət edə bilərsiz”.

Y.Səfərov bildirib ki, müxtəlif dövlət orqanlarına, məhkəməyə də müraciət edib: “Hər yerə müraciət eləmişəm. Heç kim də bu problemi həll eləmir. Ona görə deyirəm ki, yeni cinayət törətmək ərəfəsindəyəm. Hər yerə yazmışam. Karantin vaxtı toya gedib oynayan Ombudsmana da. Hamı deyir, “mənlik deyil”. Bəs kimlikdir? Bu cür davranışla deyirsiniz ki, get, cinayət törət…”

Hakim “özün bilərsən…” deyərək, bu məsələni qapadıb.

Təqsirləndirilən Firudin Zeynalov isə tələb edib ki, əvvəlki məhkəmə iclaslarında yazılmış protokollar tanış olmaq üçün onlara verilsin. Çünki qanunda yazılıb ki, təqsirləndirilən şəxsin, vəkilin məhkəmə iclasından üç gün sonra protokolla tanış olmaq hüququ var.

Hakim bu vəsatəti də təmin etməyib. Bildirib ki, hər iclasın protokolu onlara verilməyəcək. Yalnız məhkəmə prosesi tam başa çatıb, yekun hökm çıxarılandan sonra protokollar onlara təqdim olunacaq.

Məhkəmədə məlum olub ki, bu işə baxan üç hakimdən biri – Fikrət Qəribov həm infarkt keçirib, həm də insult olub. Bu səbəbdən hakimlər heyətində dəyişiklik olub.

“Əslində, belə böyük işlərdə ehtiyat hakim olmalıdır. Amma hakimlərin sayının azlığına görə ehtiyat hakim təyin etmək mümkün olmayıb. Heyətdə dəyişiklik olanda isə məhkəmə prosesi yenidən başlanmalıdır”, – məhkəmə prosesinə sədrlik edən Əfqan Hacıyev bildirib.

O, məlumat verib ki, F.Qəribovun əvəzinə Əli Məmmədov heyətə daxil edilib.

Y.Səfərov və digərləri haqqında ittiham aktının həcmi böyük olduğuna görə iki prokuror onu iki iclas ərzində elan etmişdi. Qaydalara görə, hakim dəyişibsə, ittiham aktı yenidən elan olunmalıdır. Bu dəfə prokurorlar yalnız Y.Səfərova aid hissəni elan ediblər. Bundan sonra dindirmələr mərhələsi başlayıb. Hakim tərəflərdən dindirmə ardıcıllığını soruşanda təqsirləndirilən şəxslər də, vəkilləri də zərərçəkmişlərdən başlanmasını istəyiblər. Vəkillər tələb ediblər ki, zərərçəkmiş qismində tanınan E.Vəliyev və digərləri məhkəməyə gəlsin.

“Məhkəmənin göstərişlərinə hər kəs əməl etməlidir. Elmar müəllim də mütləq çağrılıb dindirilməlidir. O, bu işdə əsas şəxslərdən biridir, hadisə onun üzərində qurulub”, – deyə vəkil Vamiq Şükürov bildirib.

E.Vəliyev zərərçəkmiş qismində tanınsa da, istintaq zamanı da dindirilməyib. Prokurorluğa ərizə təqdim olunub ki, onun səhhətində problemlər var, ifadə vermək iqtidarında deyil.

Təqsirləndirilən şəxslər və vəkillərinin E.Vəliyevin məhkəməyə gəlməsi tələbinə keçmiş icra başçısının nümayəndəsi, vəkil Fəxrəddin Səfərov cavab verərək bildirib ki, onun durumu dindirməyə imkan vermir: “O, heç nə bilmir. Heç özünü tanımır. Həm də ölkədə yoxdur. Bu gün (oktyabrın 20-də) səhər yenidən Türkiyəyə müalicəyə aparılıb. Orada xəstəxanadadır. İstəsəniz, sorğu verib, araşdıra da bilərsiniz. İstintaqda da onun səhhətindəki problemlər barədə arayış vermişdik, məhkəməyə də oktyabrın 1-də göndərmişik”.

Y.Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə prosesi oktyabrın 22-də davam etdiriləcək.

Ana səhifəSiyasətYunis Səfərov: Məni yeni cinayət törətməyə vadar edirsiz