Yaxını: ”Onu vəkilindən imtinaya məcbur edirlər”
Avqustun 1-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı basqın etməkdə təqsirli bilinən Yunis Səfərovun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel” kimi tanınır-red) gətirilib.
Ancaq Yunis Səfərova yaxınları və ailəsi tərəfindən müqavilə bağlanılmış vəkili ilə görüş imkanı yaradılmır.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, onu ailəsinin etibar edərək müqavilə bağladığı vəkilindən imtinaya məcbur edirlər. Bu məqsədlə onu BMCMİ-inə gətiriblər və hazırda ağır işgəncə altındadır.
“Eyni zamanda, onu işgəncə ilə məcbur etmək istəyirlər ki, “qrup halında cinayət” planlaşdırıldığı barədə tərtib edilən ifadəni imzalasın və digər şəxslərin əleyhinə istintaqın özü tərəfindən tərtib edilmiş yalan ifadələri təsdiqləsin”,- deyə yaxını bildirir.
İyulun 3-də
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib.
Hadisədə əslən gəncəli olan Rusiya vətəndaşı Yunis Səfərov təqsirli bilinir.
İyulun 10-da isə Gəncə şəhərində aksiya keçirilib və həmin vaxt iki polis zabiti qətlə yetirlib.
Baş prokuror
Zakir Qaralov
iyulun 30-da keçirdiyi toplantıda demişdi ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə hadisələri ilə bağlı 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib, silahlı müqavimət göstərmiş 4 nəfər xüsusi xidmət orqaları tərəfindən öldürülüb, 13 nəfər barəsində isə həbsli axtarış elan olunub.