Yunanlar Azərbaycandakı korrupsiyadan danışır

''Daily Mail'': ''Azərbaycanla danışıqlarda bəlli oldu ki, yüksək vəzifəli rəsmilərə pul ödəmədən müqavilə imzalamaq mümkün deyil''

Böyük Britaniya şahzadəsi Endryunun adı zaman-zaman müxtəlif qalmaqallarda hallanır. O, 2001-2011-ci illərdə Birləşmiş Krallığın Ticarət müvəkkili kimi fəaliyyət göstərirdi. Bu vaxta qədər dərc olunmuş çoxsaylı materiallar göstərir ki, şahzadə Endryu müxtəlif ticarət əlaqələrinin qurulması, bu istiqamətdə əməliyyatların həyata keçirilməsi zamanı şəxsi maraqlarını da unutmayıb. Ona qarşı irəli sürülən ittihamlardan biri də avtoritar rejim başçıları ilə, o cümlədən Azərbaycanda Əliyevlərlə sıx münasibət qurmasıdır.

Bugünlərdə Böyük Britaniyanın “Daily Mail” qəzeti şahzadə Endryu ilə bağlı daha bir ciddi qalmaqal barədə material yayımlayıb.

Məqalədə bu yaxınlarda ələ keçirilmiş elektron yazışmalardan bəhs olunur. Həmin yazışmalardan bəlli olur ki, Endryu Böyük Britaniyanın xüsusi Ticarət nümayəndəsi kimi fəaliyyət göstərdiyi dövrdə Yunanıstan və İsveçrə şirkətlərinin çoxdan korrupsiyaya uğramış Qazaxıstanla biznes əlaqələrinin qurulması üçün vasitəçi rolunda çıxış edib. Söhbət 385 milyon funt-sterlinq dəyərində biznes layihəsinin Qazaxıstanda həyata keçirilməsindən gedir. Şahzadə bu məsələdə Yunanıstanın və İsveçrənin biznes strukturlarının adından çıxış edib.

Keçmiş deputat Norman Beyker bu məsələyə münasibət bildirərək deyib ki, şahzadə Endryu Qazaxıstandakı şübhəli şəxslərlə sıx münasibətlərdə olaraq, kral ailəsinin nüfuzuna zərbə vurur: “Digər tərəfdən, biz bu məsələdə maraqların konfliktinin şahidiyik. Britaniyanın Ticarət nümayəndəsi kimi fəaliyyət göstərərkən şahzadə ölkədən çox şəxsi maraqlarını düşünüb”.

Böyük Britaniya şahzadəsi Endryu və prezident İlham Əliyev

Böyük Britaniya şahzadəsi Endryu və prezident İlham Əliyev

“Endryunun maliyyə imkanları kraliçadan aldığı müavinət və Hərbi Dəniz Qüvvələrində xidmətinə görə əldə etdiyi pensiyanın məbləğilə heç cür uyğun gəlmir. Yazışmalar göstərir ki, Endryu 2011-ci ilin aprelində Yunanıstan və İsveçrə şirkətlərinin Qazaxıstanda infrastruktur sahəsində fəaliyyət göstərmək üçün müqavilələr əldə etmək məqsədilə qazax oliqarx Rakişevlə yaxın münasibətlərindən istifadə edib. Bu şirkətlər Qazaxıstanın iki əsas şəhərində – Astana və Almatıda su və kanalizasiya sistemlərinin qurulması üçün müqavilə əldə etməyə çalışırlar. Rakişev şahzadə Endryunun xahişi yerinə yetirərək, qısa zamanda şirkətlərin nümayəndələrinin bu şəhərlərin merləri və digər vəzifəli şəxslərlə görüşlərini təşkil edib. Qazaxıstanın əsas şəhərlərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 383 milyon funt-sterlinq dəyərində müqavilə bağlanmalıymış. Buna görə şahzadəyə müqavilənin 1 faizi qədər ödəniş edilməli imiş. Müqavilələr üzrə intensiv danışıqlar getdiyi dövrdə Qazaxıstanın Janaozen şəhərində neftçilərin güclü etiraz aksiyası keçirilir. Ölkədə qarışıqlıq yaranacağından çəkinən şirkətlər danışıqları dayandırmağa məcbur olur”, – deyə “Daily Mail” yazır.

Məqalədə diqqət çəkən məqamlardan biri də budur ki, sən demə, materialda haqqında bəhs olunan yunan şirkətinin Azərbaycanda su təchizatı sahəsində böyük layihə həyata keçirmək istəyi olub. Yunanıstanın “Eydap” şirkətinin yüksək vəzifəli əməkdaşı “Daily Mail”ə bildirib ki, Azərbaycanda dəyəri 120 milyon avro olan su təchizatı sisteminin qurulması üçün bir neçə aylar ərzində danışıqlar gedib: “Danışıqların gedişində bəlli oldu ki, böyük korrupsiyanın olduğu ölkələrdə yüksək vəzifəli rəsmilərə pul ödəmədən müqavilənin imzalanmasına nail olmaq mümkün deyil. Bizim şirkət dövlətə məxsus olduğundan çox ciddi qaydalar çərçivəsində fəaliyyət göstərməyə məcburuq. Sahib olduğumuz status bizə belə işlərlə məşğul olmağa imkan vermir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mdrv9m

Ən çox baxılan