Yun Sok Yol Cənubi Koreyada həbs edilən ilk Prezident oldu

Yun Sok Yol, Foto: Reuters

Prezident videomüraciət yayıb: “Ölkədə qanunun aliliyi pozulur”

Dekabrda Cənubi Koreyada hərbi vəziyyət tətbiq etməyə cəhd etdiyi üçün parlament tərəfindən impiçment edilən Prezident Yun Sok Yol həbs edilib.

Yun Sok Yol özü də dindirilməyə razı olduğunu bildirib.

Səlahiyyəti dayandırılsa da, Yun Sok Yol Cənubi Koreya tarixində vəzifədə olduğu halda həbs edilən ilk Prezidentdir.

Yun Sok Yolun saxlanılması ilə bağlı məlumatı “Reuters” yayıb.

Bildirilir ki, prezident iqamətgahında bir neçə saatlıq qarşıdurmadan sonra ilk dəfə 12 gün əvvəl olduğu kimi müstəntiqlər bu dəfə Yun Sok Yolu dindirmək üçün Korrupsiya İstintaq Bürosuna gətirə biliblər.

Yun daha əvvəl qısa bir video mesaj yayımlayıb.

Bildirib ki, o, hələ də həbsinin qanunsuz olduğuna inanır, sadəcə, qan tökülməməsi üçün müstəntiqlərlə sorğu-suala gedib:

“Bu məsələ qanunsuz olsa da, mən lazımsız qan tökülməsinin qarşısını almaq üçün Korrupsiya İstintaq Bürosuna məlumat vermək qərarına gəldim. Amma bu o demək deyil ki, mən onların işin açılması ilə razıyam”.

O əlavə edib ki, ölkədə qanunun aliliyi pozulur.

Prezident ona qarşı cinayət işi açan istintaq orqanlarının fəaliyyətini də qınayıb:

“İstintaq orqanlarının və məhkəmənin mənə həbs qərarı çıxarmağa ixtiyarı yoxdur”, – deyib.

Yun 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyətin tətbiqinə uğursuz cəhd edib.

Bundan sonra parlament onu üsyana cəhddə ittiham edib və dekabrın 14-də dövlət başçısına impiçment elan edib.

Yun prezidentlik səlahiyyətlərindən kənarlaşdırılıb, lakin onun vəzifədən kənarlaşdırılması üçün impiçment Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir.

Məhkəmə qərar verənə qədər Yun rəsmi olaraq Prezident sayılır.

O, hələ dekabrın əvvəlində üsyan cəhdi ilə bağlı ittihamları rədd etmişdi.

Bildirmişdi ki, hərbi vəziyyətin tətbiqi “siyasi hesablanmış qərar”dır və dövləti müxalifətdən qorumağa hesablanıb.

Ana səhifəDünyaYun Sok Yol Cənubi Koreyada həbs edilən ilk Prezident oldu