”Yumora qarşı çıxmağın özü qara yumordu”

Qulu Məhərrəmli: ”İndi ekranlarımızda keyfiyyətli yumor yoxdur, əvəzində düşük və bayağı əyləncə proqramları artıb”

Source:


Qulu Məhərrəmli: ”İndi ekranlarımızda keyfiyyətli yumor yoxdur, əvəzində düşük və bayağı əyləncə proqramları artıb”

MTRŞ-nın özəl telekanallarda “qara yumor”dan istifadə edərək, guya tamaşaçıların mənəviyyatını pozan, “Azərbaycan tamaşaçısının mənəvi dəyərlərinə zidd olan” bir neçə verilişi bağlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Televiziya tənqidçisi, professor Qulu Məhərrəmli MTRŞ-nın bu addımını telekanalların yayım siyasətinə və verilişlərin məzmununa birbaşa müdaxilə kimi qiymətləndirib.

O Meydan TV-yə deyib ki, mücərrəd ittihamlarla hər hansı telekanalın yumoristik verilişini bağlamaq, onsuz da yaxşı gündə olmayan televiziyalarda əlavə senzura qurmaq təhlükəsini artıra bilər.

Q.Məhərrəmli Milli Teleradio şurasının belə bir yanaşması ilə razıdır ki, ekranda keyfiyyətli, tamaşaçını düşündürən məzmunlu yumor olmalıdır.

O, bir vaxtlar ANS-də yayımlanmış “Qulp” proqramını nümunə gətirərək, bu cür ictimai problemlər qaldıran yumor verilişlərinin maraqla qarşılandığını deyib. Teletənqidçi təəssüf edib ki, indi ekranlarımızda belə keyfiyyətli yumor yoxdur, əvəzində düşük və bayağı əyləncə proqramları artıb. Amma bu vəziyyətin özü belə MTRŞ-ya cərrahi müdaxilə üçün əsas vermir. Təbii ki, bu qurum müəyyən tövsiyyələr verə bilər, vəziyyəti TV-lər özləri zəhmət çəkib düzəltməlidir.

Televiziya ekranını yumorsuz təsəvvür etmədiyini deyən Q.Məhərrəmli telekanalların Yeni il şoularında da yumor səhnəciklərinin kəskin azaldılmasını dilə gətirib. Onun fikrincə, istisnasız olaraq bütün telekanallar hansısa təzyiq nəticəsində yumordan və tənqiddən çəkinməyə başlayıblar. Bunu “pis tendensiya” adlandıran televiziya mütəxəssisinin fikrincə, əsl qara yumor tamaşaçının ruhunu oxşayacaq sağlam yumora qarşı çıxmağın özüdür.

Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib ki, Azərbaycan televiziyalarında insanları güldürmək məqsədilə yayımlanan və “qara yumor”dan istifadə olunan verilişlər yığışdırılıb.

O bildirib ki, “qara yumor” vasitəsilə tamaşaçıda gülüş yaratmağa çalışan “Bu da bu”, “Komedi.az” kimi verilişlər dayandırılıb.

Şöbə müdirinin sözlərinə görə, hazırda telekanalların efirində Azərbaycan tamaşaçısının mənəvi dəyərlərinə zidd olan, hansısa xarici kanalda yayımlanan verilişləri olduğu kimi təqlid edən proqramlar yayımlanmır.

Ana səhifəXəbərlər”Yumora qarşı çıxmağın özü qara yumordu”