Azərbaycanın 2025-ci il yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsində daşınan yüklərin həcmi 1,5 faiz azalsa da, dəyər baxımından 3,7 faiz artım qeydə alınıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin 10 ayında daşınan yüklərin ümumi çəkisi 49,5 milyon ton təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 750 min ton daha azdır. Statistik dəyər baxımından isə daşınan yüklərin ümumi məbləği 3,77 faiz artaraq 40,86 milyard dollara çatıb.
İdxal olunan yüklərin dəyəri artıb
DGK-nin məlumatlarının təhlili göstərir ki, xüsusilə idxal olunan məhsulların dəyərində kəskin artım müşahidə olunur. 2025-ci ildə idxal edilən yüklərin ümumi çəkisi 6,83 faiz azalaraq 8,8 milyon ton təşkil etsə də, onların statistik dəyəri 15,6 faiz artaraq 19,2 milyard dollara yüksəlib. Bu tendensiya ölkəyə gətirilən məhsulların orta qiymətinin əhəmiyyətli dərəcədə bahalaşdığını göstərir və idxal inflyasiyasına təsir edir.
Eyni zamanda, 2025-ci ilin yanvar-oktyabr aylarında ixrac istiqamətində daşınan yüklərin çəkisi cəmi 0,2 faiz azalaraq 40,7 milyon ton olub, lakin ixracın ümumi statistik dəyəri 2024-cü illə müqayisədə 4,86 faiz azalaraq 21,6 milyard dollar səviyyəsində qeydə alınıb.
Yükdaşımalarının qiymətləri niyə artıb?
Cari ilin ilk 10 ayına dair göstəricilər daşınma vasitələri içərisində ən kəskin dəyişikliklərin hava nəqliyyatında baş verdiyini meydana çıxarır. 2025-ci ilin yanvar-oktyabr aylarında hava nəqliyyatı vasitəsilə daşınan yükün həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51,2 min ton azalaraq 67,3 faizlik geriləmə göstərib. Bu azalma əsasən ixrac hissəsində baş verib. İdxal üzrə isə cəmi 387,9 ton azalma qeydə alınıb ki, bu da təxminən 3,3 faiz təşkil edib.
Hava yolu ilə daşınan yüklərin ümumi azalmasının böyük hissəsi ixrac məhsullarının həcminin düşməsi ilə bağlıdır. 2024-cü ilin yanvar-oktyabr aylarında hava yolu ilə ixrac olunan yükün həcmi 64,3 min ton olduğu halda, 2025-ci ilin eyni dövründə bu göstərici 13,4 min tona qədər enib.
Bununla belə, çəki azalmasına baxmayaraq, hava nəqliyyatı ilə daşınan malların statistik dəyərində yüksək artım müşahidə olunub. Bu artımın əsas səbəbi hökumətin maliyyə aktivlərinin tərkibində qızıl alışını artırması və qızılın dünya bazarında bahalaşmasıdır. Nəticədə hava yolu ilə daşınmaların ümumi dəyəri 60,3 faiz artaraq 6,2 milyard dollara qədər yüksəlib.
Statistik dəyərin artamasının əsas səbəbi 2025-ci ilin yanvar-oktyabr aylarında hava yolu ilə idxal olunan yükün dəyərinin yüksək olması olub. Belə ki, sözügedən dövrdə hava yolu ilə 5,9 milyard dollarlıq idxal əməliyyatı həyata keçirilib ki, bu da əvvəlki ilin analoji dövrünə nisbətən 63,5 faiz yüksəkdir. İdxal-ixrac olunan məhsulların strukturuna baxdıqda, hava nəqliyyatında çəki azalmasına rəğmən daha yüksək qiymətli məhsulların, xüsusilə qızılın payının artdığını görmək olur.
Azərbaycan xaricdən aldığı neft və qazı azaldıb
Ölkənin yük daşımalarının çəkisində ən böyük hissə stasionar nəqliyyat vasitələrinin, yəni boru kəmərlərinin payına düşür. Ümumilikdə ixrac-idxal edilən məhsulların 70-75 faizi bu nəqliyyat növü vasitəsilə daşınır. 2025-ci ilin 10 ayında boru kəmərləri vasitəsilə həyata keçirilən daşımaların həcmi 36,1 milyon ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 1,8 faizlik azalma deməkdir. Azərbaycanda boru kəmərləri vasitəsilə daşıdığı yük neft və qaz təşkil edir. Boru kəməri daşımaları üzrə 2025-ci ilin yanvar-oktyabr aylarında həm ixracın, həm də idxalın dəyərində azalma enerji məhsullarının dünya bazarındakı qiymət dəyişkənliyi və hasilatın azalması ilə əlaqəlidir.
Maraqlı məqamlardan biri budur ki, 2024-cü ilin on ayında boru kəmərləri ilə 347 min ton yük idxal olunduğu halda, 2025-ci ilin yanvar-oktyabr aylarında bu rəqəm 193 min tona düşüb. Buraya isə əsasən Rusiya və Türkmənistandan alınan neft və qaz həcmləri daxil edilir. Bu istiqamətdə idxalın bir il ərzində 1,8 dəfə azalması həmin ölkələrdən neft-qaz alışının məhdudlaşdırılması ilə bağlıdır.
Boru kəmərləri vasitəsilə ixrac da 1,4 faiz azalaraq, 2025-ci ildə 35,9 milyon ton təşkil edib.
Dəyər göstəricilərinə baxdıqda, ötən ilin yanvar-oktyabr aylarında ixracdan əldə olunan 9,8 milyard dollar gəlir 2025-ci ilin müvafiq dövründə 18,3 milyard dollara, idxaldan əldə olunan vəsait 85,1 milyon dollardan 4,8 milyon dollara qədər enib. Ümumilikdə boru kəməri vasitəsilə daşımaların dəyərində 7,3 faiz azalma müşahidə olunur ki, bu da, qeyd edildiyi kimi, neft hasilatının azalması və qlobal bazarlardakı qiymətlərin dalğalanmaları ilə əlaqələndirilir.
Dəmiryolu nəqliyyatı da Azərbaycanın xarici ticarətində mühüm əhəmiyyətə malik olaraq qalır. Xüsusilə, Rusiya və Ukrayna arasında, həmçinin İsrail-İran bölgəsində baş verən hərbi gərginliklərin fonunda Azərbaycan üzərindən Orta Dəhliz çərçivəsində dəmiryolu yükdaşımaları prioritet hal alıb.
2025-ci ildə dəmir yolu vasitəsilə ümumilikdə 5,8 milyon ton yük daşınıb. Bunun 2,3 milyon tonu ixracın, 3,5 milyon tonu isə idxalın payına düşür. Ümumi həcmin 4,8 faiz azalması əsasən idxal hissəsindəki geriləmə ilə əlaqədardır.
Statistik dəyər baxımından isə dəmiryolu nəqliyyatı xüsusi əhəmiyyətə malikdir. Belə ki, 2025-ci ilin yanvar-oktyabr aylarında dəmir yolu ilə həyata keçirilən ixrac əməliyyatlarının dəyəri 2,8 faiz artaraq 750,9 milyon dollara çatıb, idxalın dəyəri isə 1,8 milyard dollar təşkil edib.
Avtomobil nəqliyyatı üzrə göstəricilərə gəlincə, cari ilin yanvar-oktyabr aylarında bu vasitə ilə daşınan yüklərin həcmi 8,4 faiz artaraq 830,5 min tona çatıb. Həm ixrac, həm də idxalda artım müşahidə olunub. Lakin artımın daha böyük hissəsi ixracda qeydə alınıb -17,5 faiz.
Statistik dəyər baxımından avtomobil nəqliyyatı vasitəsilə daşınan yüklərin ümumi dəyəri də yüksələrək 10,3 milyard dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 18,6 faiz çox deməkdir.