ODA Teatrının rəhbəri mədəniyyət nazirinə müraciət etdi
ODA Teatrının bədii rəhbəri Elmin Bədəlov mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət edib. Müraciətdə deyilir:
“Cənab nazir, YUĞ Teatrının M.Muxtarov küçəsi 83 ünvanında yerləşən, tarixi hamam olmuş binasının sökülməsi bir müstəqil teatr olaraq bizi narahat edir. Xüsusən də YUĞ-un Kukla Teatrının standart, dördbucaqlı otaqlarında fəaliyyət göstərməsi üzücü bir haldır. Bildiyiniz kimi, bu teatrın özünəməxsus estetikası və ruhu var. Böyük rejissor Vaqif İbrahimoğlu bu teatrın estetikasını adıçəkilən ünvanda yerləşən tarixi hamama hopdurmuşdu.
Biz hesab edirik ki, bu binanın sökülməsi Vaqif İbrahimoğlunun ruhuna, onun qurduğu teatr estetikasına ağır zərbədir. Bu baxımdan belə bir binanın sökülməyinin qarşısını almağı sizdən xahiş edirik”.
Müraciətdə daha sonra deyilir ki, belə bir teatrın Kukla Teatrında yerləşdirilməsi həmin teatrın estetikasına, tamaşalarının ruhuna birbaşa mənfi təsir edəcək: “İki teatrın bir binada yerləşdirilməsi Azərbaycan mədəniyyətinin, teatrının inkişafına heç də kömək olmayacaq. Biz ölkəmizdə teatrların, teatr binalarının sayının çox olmasını istəyərik. Bildiyiniz kimi, cəmiyyətin inkişafında teatrların, mədəniyyət ocaqlarının rolu böyükdür. Cəmiyyət üçün mühüm rol oynayan YUĞ Teatrının binasız qalması ürəkağrıdan mənzərədir. Və bu teatrın məkanını itirməsi cəmiyyət üçün böyük fəsadlar verə, tarixdə bir ləkə kimi qala bilər.
Azərbaycanın, cəmiyyətin inkişafı üçün mədəniyyət ocaqlarının, teatrların sayı artmalı və olan teatrlarımızın yaşaması üçün hər kəsin birgə çalışmasını məqsədəuyğun görürük. Sizdən xahiş edirik ki, YUĞ Teatrının yaşaması və estetikasının qorunması üçün addımlar atasınız”.