”Yoxsulluq bizi yıxıb sürüyür”

Fəhlə: “Mənim uşaqlarıma nə vaxta qədər o-bu dərman alıb verməlidir?”

Source:
Şikayətçilər
Şikayətçilər


Fəhlə: “Mənim uşaqlarıma nə vaxta qədər o-bu dərman alıb verməlidir?”

“17 ildir bu Depoda çalışıram. Səhər saat 8-də gedib, axşam saat 8-də gəlirəm. 12 saat… Ancaq o qədər az maaş alıram ki, heç aylıq çörəyə çatmır”.

Gəncə sakini Şöhrət Qurbanov Gəncə Lokomotiv Deposunda çilingər işləyir. Meydan TV-yə danışır ki, iş yükü ağır, məvacibi isə vur-tut 140 manatdır.

Dolanışığın çətinliyindən danışır. Deyir, bu məvaciblə ailəsinin üzünə baxa bilmir.

Evə getmək istəmirəm

“İnanın ki, işdən çıxıram, evə getmək istəmirəm. Nə yoldaşımın, nə uşaqlarımın üzünə baxa bilirəm. Bir dəfə etirazımı bildirdim, işdən çıxartdılar. Ümumiyyətlə, rəhbərlik işçilərlə həbsxana rəisi kimi davranır. Otağına girib maaş tələb edəni polislə hədələyir. Fəhlələrin maaşından hər ay 5 manat tutulur. Bu, ona görə tutulur ki, kiminsə evində xeyir-şər işi düşəndə, o puldan həmin işçiyə yardım edilsin. 16 min manat yığılmışdı. Nənəm rəhmətə gedəndə bildirdim ki, hər ay maaşımızdan tutulan puldan versinlər, nənəmi dəfn edim. Bu tələbimə görə işdən çıxartdılar. Bir zülmlə işə bərpa oldum. Bilirəm ki, yenə çıxaracaqlar, ancaq susa bilmirəm, uşaqlarım gözüm görə-görə ac qalır. Onsuz da verdikləri maaş heç çörəyə də çatmır. Yoxsulluq yıxıb sürüyür bizi…” – Şöhrət Qurbanov gileylənir.

Fəhlələrdən pul tutulur

Fəhlə iddia edir ki, hər ay onların maaşından xeyir-şər üçün tutulan pulları rəhbərlik mənimsəyir:

“Yığırlar, sonra da dədə pulu kimi öz aralarında bölüşdürüb yeyirlər. Fəhlələrin etirazına da baxmırlar. Dəfələrlə demişəm ki, mənim maaşımdan tutmayın, onsuz da özünüz basıb yeyirsiz. Bununla belə, maaş əlimə gəlib çatanda baxıram ki, yenə tutublar”.

Şöhrət Qurbanov bütün sənədlərini təqdim etsə də, ona ünvanlı sosial yardım ayrılmır:

“Üç uşaqdan ikisi xəstədir. Birinin ayaqlarında problem var, o birinin başında… Ayaqlarında problem olan qızım adi ayaqqabı geyinə bilmir. Bu yaxınlarda 140 manatın 90 manatını onun bir ayaqqabısına vermişəm. İkinci qızım qan çatışmazlığından əziyyət çəkir. İynə-dərmanını ala bilmirəm. Ünvanlı sosial yardım verilsəydi, heç olmasa uşaqların dərmanlarını alardım. Uşaqlarımın yaxşı qidalanmasını istəyirəm. Bütün problemləri də buna görədir. Mənim uşaqlarıma nə vaxta qədər o – bu dərman alıb verməlidir? Mən də özümə görə bir kişiyəm”.

Deyir, otur evdə, iş olanda çağırarıq

Şöhrət Qurbanovun həyat yoldaşı da özünə iş tapa bilmir. Xanım deyir, hər dəfə Məşğulluq Mərkəzinə müraciət edəndə ondan əlaqə nömrəsi alıb deyirlər: “Get otur, evdə gözlə, iş olanda xəbər edərik”. Və illərdir ki, bu vəziyyət davam edir.

Gəncə Lokomotiv Deposundan bildirilib ki, Şöhrət Qurbanov növbəli – iki gün işdə, iki gün qeyri-iş günü rejimində çalışır. Maaşının azlığı da buna görədir. Bir müddət əvvəl ixtisar aparılarkən onun ailə vəziyyəti nəzərə alındığı üçün işdə saxlanılıb.

Xeyir-şər adı altında fəhlələrdən pul toplanması və mənimsənilməsi ilə bağlı deyilənlər də Depodan təkzib olunub.

Şöhrət Qurbanov dolanışığın çətinliyi haqda ölkə başçısına da yazıb, ancaq yazdığı məktubların hamısı cavabsız qalıb.

Ana səhifəXəbərlər”Yoxsulluq bizi yıxıb sürüyür”