Nazim Məmmədov: ”Bizim dövlət başçısıyla görüşümüz təşkil edilməlidir ki, o, ölkədəki real iqtisadi vəziyyət haqda məlumat alsın”
“İqtisadiyyat Nazirliyinə müraciət edən market şəbəkələrinin xahişinə Vergilər Nazirliyi ilə birgə baxılır”.
“APA-Economics”-in məlumatına görə, bu barədə jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
“Bilirsiniz ki, İqtisadiyyat Nazirliyində market şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib və onların xahişi nəzərə alınıb. İqtisadiyyat Nazirliyi Vergilər Nazirliyi ilə birgə bu məsələyə baxır. Konkret kənd təsərrüfatı məhsullarının satışı zamanı mərhələlərlə vergiyə cəlb olunması ilə bağlı bəzi problemlər onlar tərəfindən qaldırılıb. Hal-hazırda onlara baxılır”, – deyə nazir qeyd edib.
Ötən həftə bir qrup iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib. Sahibkarlar müraciətində bildirib ki, müflis olma təhlükəsi qarşısındadırlar. Bildirilib ki, hazırda tətbiq edilən effektiv vergi dərəcələri və digər ödəmələr qiymətlərin stabil saxlanmasına imkan vermir. Üstəlik devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Sahibkarlar hesab edir ki, yaranmış vəziyyəti, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumət pərakəndə satış sahəsində vergi yükünü azaltmaq üçün addımlar atmalıdır.
Müraciəti “Rahat”, “Bizim”, “Fresko”, “Səbət”, “Makromart”, “Araz”, “Neptun”, “Bolmart”, “Favorit” kimi iri marketlər şəbəkələrinin rəhbərləri imzalayıb.
Müraciətdən sonra iqtisadiyyat naziri şəbəkə rəhbərlərinin nümayəndələrini qəbul edib. Nazirliyin açıqlamasında qeyd edilib ki, görüşdə sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV-nin tətbiqinin aradan qaldırılması məsələsi müzakirə olunub.
Maraqlıdır ki, bundan sonra “Neptun” və “Grand” marketlər şəbəkəsinin bəzi mağazalarında Vergilər Nazirliyi tərəfindən yoxlamalara başlanılıb. Buna münasibət bildirən Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsi qeyd edib ki, adıçəkilən marketlər şəbəkəsinin bəzi mağazalarında aparılan yoxlamalar dövriyyənin müəyyənləşdirilməsi ilə əlaqədardır.
Nazir Şahin Mustafayevin söylədiklərini Meydan TV-yə şərh edən iqtisadçı Qadir İbrahimli diqqəti daha çox yoxlamaların 500 dəfə azaldılmasına yönəltməyi vacib hesab etdi.
İqtisadçı deyir ki, yoxlamaların 500 dəfə azaldılması rüsvayçı faktdır və ciddi suallar yaradır: “Bəli, hökumətin müdaxiləsi nəticəsində yoxlamaların sayının azaldılması msbətdir. Amma 500 dəfə azaldılma ondan xəbər verir ki, bütün dövlət qurumları fəaliyyətlərini sahibkarlıq subyektlərini yoxlamlaqla keçirirmiş. Qanunvericilik 17 dövlət orqanına sahibkarlıq subyektlərində yoxlama aparmaq səlahiyyəti verir və 500 rəqəmi həmin qurumların yalnız sahibkarları yoxlamaqla məşğul olduğunu göstərir. Bu faktın özü ölkədə biznes mühitinin hansı vəziyyətdə olmasının göstəricisidir. Əgər hökumətin bir göstərişi ilə yoxlamalar 500 dəfə azalıbsa, bu, ondan xəbər verir ki, sahibkarlar faktiki olaraq təzyiq və qeyri-bərabər şərtlər altında işləyirlər. Bu tendensiya olubsa, deməli, “bundan sonra necə olacaq” sualı açıq qalır və biznes mühitinə yatırım qoyulması da sual yaradır. Çünki yoxlamaların yenidən bərpa olunmayacağına təminat yoxdur”.
Q.İbrahimli market sahiblərinin müraciətinin nəticəsinin olacağı barədə suala cavab verməyin hələ tez olduğunu dedi: “Ən azı yoxlamaların dayandırılmasının müvəqqəti olub-olmamasını gözləməliyik. Yəni hökumətin sahibkarlığa münasibəti dəyişəcəkmi, yoxsa əvvəlki qaydada qalacaq, bu suallar hələ açıq qalır. Ona görə yaxın 6 aydan sonra bu barədə nəsə demək olacaq”.
Sabiq millət vəkili, iqtisadçı Nazim Məmmədov isə vergi dərəcələrinin ilin ortasında dəyişdirilməsinin əleyhinədir: “Ticarət şəbəkələrində ƏDV-nin götürülməsini də alqışlamıram. Bəli, kənd təsərrüfatı məhsulları vergidən azaddır. Amma Sahibkarlığa Yardım Milli Fondu və Avrolizinq vasitəsilə büdcədən ayrılan maliyyənin effektivliyi aşağıdır. Çünki idxal məhsulları hər il artır. Görünən odur ki, dövlət tərəfindən ayrılan subsidiyalar əkin sahələri şişirdilməklə, statistika rəqəmləri manipulyasiya olunmaqla mənimsənilir. Bu mənimsəmələr icra hakimiyyətlərinə yaxın olan kağız üzərindəki sahibkarlar tərəfindən həyata keçirilir. Bax, bu amil hökumətə proqnoz verməkdə problem yaradır. Ona görə hökumət ildə bir neçə dəfə un və çörək məmulatlarına ƏDV-nin tətbiq olunması, yaxud sonradan götürülməsi haqda qərar qəbul edir. Bu, onun sübutudur ki, hökumətin əlindəki rəqəmlər normal proqnoz verməyə imkan yaratmır. Günah isə yalnız Statistika Komitəsində axtarılmamalıdır. Hesab edirəm ki, kompleks addımlar atılmalı və ünvanlı sahibkara ünvanlı resurs verilməlidir”.
Nazim Məmmədov ticarət şəbəkələrinin Vergilər Nazirliyinin üstünə getməsini düşünülmüş addım hesab edir: “Məqsəd daha çox imtiyaz əldə etmək və vergidən yayınmaqdır. Adi sahibkarların şəbəkələşmiş marketləri ola bilməz, bunların arxasında güclü strukturlar dayanır ki, nazir Şahin Mustafayevlə görüşə bilirlər. Ancaq biz metal istehsalçıları 2012-ci ildən Şahin Mustafayeva və Prezident yanında Apellyasiya Şurasına müraciət etsək də, reaksiya yoxdur. Halbuki, bizim istehsal etdiyimiz məhsullar İrana, Rusiya, Türkmənistan, Gürcüstana və başqa ölkələrə satılır, nəticədə ölkəyə valyuta gəlir. Mənim kimi sahibkarların müraciətinə baxılmır, hətta Mustafayevin müavini səviyyəsində problemimizi qaldıra bilmirik, sadəcə, məktublarla cavab verirlər. Bəs necə oldu ki, bir neçə ticarət şəbəkəsinin müraciəti nəzərə alınır? Ancaq onların vergiləri yüksək deyil, ikinci, istehsal yox, inhisarlaşmış ticarət sahəsidir, nəhayət, idxalda olan qiymətlərlə ticarət piştaxtalarına gəlib çıxan qiymətlər arasında böyük fərq var. Belə olduqda, onların problemi dinlənilirsə, yaranmış durum ümumi sahibkarlığın xeyrinə deyil. Sadaladıqlarım həmin şəbəkələrin arxasında nazirə təsir edə bilən məmurların dayandığını göstərir. Düşünrəm ki, prezident yanında Sahibkarlar Şurası işlək vəziyyətdə olmalı və bizim dövlət başçısıyla görüşümüzü təşkil etməlidir ki, o, ölkədəki real iqtisadi vəziyyət haqda məlumat alsın. Əgər bu olmayacaqsa, problemlər də həll edilməyəcək”.