“Sonuncu dəfə keçmiş nəqliyyat naziri Ziya Məmmədov 4 kəndin sakinləri ilə görüşüb”
İsmayıllının bir neçə kəndi yol olmadığı üçün yağışlı-qarlı havalarda, payızda-qışda blokada vəziyyətində qalır. Kəndlər get-gedə boşalır. Burovdal, Çəndahar, Həftəsov, Zarat kəndində evlərin çoxuna qıfıl vurulub.
Əslən Burovdal kəndindən olan Ənvər Həsənov Meydan TV-yə danışır ki, bir neçə il əvvəl kənddən köçmək məcburiyyətində qalıb. Hazırda doğma kəndində cəmi 14 evdə yaşayış var. Çünki kəndə yol çaydan keçir:
“Yağışlı-qarlı havalarda çayda su artır, NİVA, UAZ markalı maşınlar da qalxa bilmir. Həmin vaxtlar kənddə kiminsə vəziyyəti pisləşərsə, xəstə Allahın ümidinə qalır, həkim çağırmaq və ya xəstəni xəstəxanaya çatdırmaq mümkün olmur”.
Burovdal kəndi İsmayıllının ucqar kəndlərindəndir, kənd Babadağın yaxınlığında yerləşir.
Ənvər Həsənov deyir ki, Burovdal sərin bulaqları, yaşıllığı ilə tanınır, amma kəndə gediş-gəliş mümkün olmadığından kəndlilər heç olmasa, təbiətdən yararlanaraq turist qarşılaya, dolana bilmirlər. Kənd mağazasında gündəlik tələbat malları hər zaman olmur: “Kəndimiz balı ilə də məşhurdur. Yol olarsa, yayda turist cəlb eləmək, obyekt açıb dolanmaq olar. Ancaq kəndə güc-bəla ilə gedib çıxan turist havadan asılı olur, çayda su qalxarsa, ətrafla əlaqə kəsilir”,-Həsənov əlavə edib.
Həftəsov kəndi də boşalan kəndlərdəndir. Kəndlilər deyirlər ki, sonuncu dəfə keçmiş nəqliyyat naziri Ziya Məmmədov 4 kəndin sakinləri ilə görüşüb, çayın üzərində körpü tikiləcəyini söyləyib. Z.Məmmədovdan sonra illər bir-birini əvəzləyib, amma körpü tikilməyib.
Zarat kəndində isə cəmi 3 evdə yaşayış var. Kəndlilər yalnız yay aylarında, qızmar havalarda evlərinə geri dönürlər. Halbuki vaxtilə kənddə yüzdən çox ailə yaşayıb.
Burovdal Kənd Bələdiyyəsinin sədri Ağami Ağayev Meydan TV-yə bildirib ki, həmin kəndlərə yol Girdiman çayı üzərindən keçir. Çayın üzərində körpü tikilərsə, gediş-gəliş asanlaşacaq. Hələlik isə kəndlərə NİVA, UAZ maşınları işləyir.
“2014-cü ildə Ziya Məmmədovla görüş oldu, həmin vaxtdan körpü çəkilişini gözləyirik. Rayon rəhbərliyi də sakinlərlə görüşüb, körpü tikintisi üçün müraciət edilib”,-bələdiyyə sədri deyib.
A.Ağayevin sözlərinə görə, axşam yağış yağan kimi çayda su artır, gediş-gəliş çətinləşir. Kənddə həkim məntəqəsi var, amma tibb bacısı yalnız ağrıkəsici, qızdırmasalıcı dərmanlardan istifadə edə bilir. Kəndə qaz da verilmir. Burovdalda 122 evdən 14 evdə yaşayış var. Zaratda 3 ev, Çəndahar kəndində 16 ev qalıb.
İsmayıllı Rayon İcra Hakimiyyətindən isə həmin kəndlərə gedən yolun düzəldilməsi, çayın üzərində körpünün tikintisinin nə vaxt reallaşacağı ilə bağlı suala “bilmirik” cavabı verilib.