Zeytun ağacları ilə əhatələnmiş qəbiristanlıqda yüzlərlə məzar var
Zığ yolunun kənarında, zeytunluq ərazidə yerləşən qəbiristanlığa gedən yol yazda-yayda tozdan, payızda-qışda palçıqdan keçilməz olur.
Bu barədə Meydan TV-yə yaxınlarının məzarını ziyarətə gedənlər bildiriblər.
Tez-tez yaxınlarının məzarını ziyarətə gedən Bakı sakini Ülviyyə Mehdiyeva deyir ki, yolun bərbad olması azmış kimi, üstəlik qəbir yerlərindən çıxan torpaq da yola yığılır. Bəzi ərazilərdə köhnə qəbirlərin ətrafı gölməçəyə çevrilib. Ağacların qurumuş budaqları, köl-kos və tullantılar yola, qəbirlərin ətrafına yığılır.
Zeytun ağacları ilə əhatələnmiş qəbiristanlıqda yüzlərlə məzar var. Qəbirstanlığın yaxınlığında məcburi köçkünlər məskunlaşıblar. Onlardan biri deyir ki, dəfələrlə edilən şikayətlərdən sonra ərazi nisbətən təmizlənib.
“Bu qəbirstanlığın rəsmi işçisi yoxdur. Buna görə də baxımsızdır. Yola asfalt örtüyü çəkmirlər. Bir az yağış yağan kimi palçıq dizə qalxır. Dəfələrlə maşın palçığa batıb”,-anasının məzarını ziyarətə gələn Zaur Babayev bildirib.
Ziyarətçilər onu da deyiblər ki, şəhərə yaxın olduğundan qəbirstanlıqda məzar yerinin qiyməti 2 min manatdan başlayır.
Şikayətçilər bildiriblər ki, təxminən 3-4 il əvvəl məzarlıq ərazisinin hasara alınacağı, yolun təmir olunacağı, həmçinin zeytun bağının abadlaşdırılacağı vəd edilsə də, əməl olunmayıb.
Xətai Rayon İcra Hakimiyyətindən qəbiristanlıq ərazisinin onlara aid olmadığını, bununla belə, məsələ ilə maraqlanacaqlarını deyiblər.
Zığ bələdiyyəsindən də həmin ərazinin onların balansında olmadığını söyləyiblər. Bildirilib ki, ərazi Zığ Zeytunluq Sovxozu adlanan müəssisənin balansındadır. Ancaq Meydan TV əməkdaşı həmin müəssisə ilə əlaqə saxlaya bilməyib. İnternet resurslarında dərc olunmuş Bakı qəbiristanlıqlarının siyahısında isə bu məzarlığın adı yoxdur.