Nazlı Ağayeva

Mənbə: meydan tv

Başlıq: Nazlı Ağayeva

Kiçik ürəklərin böyük qəlpələri

Çanta

(İkinci yazı)

Növbəti şənbələrin birində evimizə getmək üçün oxuduğumuz kəndin mərkəzində nəqliyyat gözləyirdik. Xeyli dayandıqdan sonra fermaya yem aparan hündür kuzovlu yük maşını gəldi. Oğlanlardan bir-ikisi məni yerdən qaldırdı, yuxarıdakılar götürdülər. Yumşaq çiyidin üstündə oturub yola düşdük. Hər kəsin əhvalı yüksək idi. Zarafat edən, lətifə, danışan, şeir söyləyən bir-birinə qarışmışdı. Bu ara kimsə dedi ki, allahdan bu maşında daş aparaydılar, görək səsiniz çıxardımı? Yol o qədər rahat və maraqlı oldu ki, bir də özümüzü evdə gördük.

Axşam dərslərimə baxmaq istəyəndə çantamı tapmadım. Bir az vurnuxandan sonra yadıma düşdü ki, maşın gözləyəndə dayanacaqdakı ağacın kökündən asmışdım. Kənddən gələn yemək zənbillərimiz də həmişə ordan asılırdı. Yağışlı havalarda gözətçi götürüb öz köşkünə qoyardı. Səhər gedəndə götürərəm deyə məsələni böyütmədim.

Ertəsi gün kənddən birbaşa məktəbə getdim. Dərs bitincə ağacın yanına gəlib çantanı tapa bilmədim. Gözətçi dayı da rayon mərkəzinə gedib dedilər. Qonşu qızların kitablarıyla həmin günü yola verdim. Sabaha o qədər arxayın idim ki, qardaşlarıma da bir söz demədim.

Səhər dərsə gedəndə köşkü yenə bağlı gördüm. Birinci zəngdən dərhal sonra növbətçi gəlib məni direktorun çağırdığını söylədi. Çağırışla bağlı heç bir fikrim yox idi. Direktoru ikinci dərs ilində cəmi bir neçə dəfə görmüşdüm. O boyda adam xırda bir uşağı niyə çağırsın ki?

Növbətçi qapını açıb məni kabinetə buraxdı. Hamının “zavuç” çağırdığı dərs hissə müdirindən və direktordan başqa kimsə yoxdu. Göstərilən yerdə oturub stolun kənarında gözümə sataşan çantama sarı əyiləndə direktor acıqlı səslə “otur yerinə!” dedi. Qorxu və heyrətdən nitqim tutuldu. Stulun qırağına çəkilib gözlərimi çantama zillədim. Həyəcandan əllərim tərləmişdi, ayaqlarım əsirdi. Direktor tövrünü dəyişmədən şənbə günü harda olduğumu soruşdu. Cavab gözləmədən çantaya işarə edib “bunu məktəbin aşağısındakı dərədən tapıblar” dedi. Boğazım tıxanmışdı, amma ağlaya bilmirdim. “Zavuç”un işarə etməsinə baxmayaraq qaldığı yerdən davam etməyə başladı. Çantam boş içki şüşələrinin yanından tapılıbmış. Tapan hər kimsə şagird çantası olduğu üçün məktəbə təhvil verib. Direktor məndən orda nə işim olduğu barədə cavab tələb edirdi. Yoxsa çantamı toplanışa çıxardıb ordan mənə “ibrət dərsi” verəcəkmiş.

Uşaq canımla ittihamın nə qədər dəhşətli olduğunu anlayırdım. Bir-iki dəfə ağzımı açıb danışmaq istəsəm də, dilim söz tutmadı. O toplanışdan sonra yuxarı sinifdə oxuyan qardaşlarımı düşündükcə burdan gücüm gəldikcə qaçmaq, yoxluğa qarışmaq istədim. Ayağa qalxanda otaqdakı hər şey fırlanmağa başladı. “Zavuç” kəskin hərəkətlə çantamı götürüb direktora “ağlını başına yığ!” deyə bağırdı. Sonra məni kabinetdən çıxartdı və sinfimizin qapısına qədər qolumu buraxmadı. İçəri keçib sinif uşaqlarına və riyaziyat müəlliminə dedi ki, guya hansısa şeir müsabiqəsi ilə əlaqədar tanışlıq üçün çağırıbmış direktor. Uşaqların həsəd dolu baxışları altında partalardan tuta-tuta yerimə keçdim. Bütün əzalarım sızıldayırdı. Özümü evə çatdırıb Aşa nənəyə sarıldım. Düyünlü barmaqlar saçlarımda gəzdikcə içimdəki qəhər gözlərimdən axırdı. Ən ağırı bu acını kimsəylə paylaşa bilməməyimdi. Yaxınlarımı belə zərbə ilə incidə bilməzdim.

İllər keçəndən sonra bu yaşlarımda düşünürəm. Bir səlahiyyət sahibi niyə o qədər amansızcasına qərib bir uşağın qəlbini parçalasın? Həm də dinləmədən, araşdırmadan. Halbuki, kəndin “ştatnı” əyyaşlarının çantanı içində yemək olduğunu zənn edib götürmək ehtimalı daha məntiqli idi.

***

...Adam meşəbəyi işləyən atamdan iki maşın seçmə odun istəyibmiş. Hazırlıq ərəfəsində məlum olub ki, odun ditektorun evinə gedəcək. Meşənin ağaclarını bizim qədər sevib qoruyan atam onda direktora heç bir özəllik tanımayıb. Biletini al, adamlarını göndər, quru kötüklərdən doğrayıb aparsınlar, deyib. Bir il sonra evimizdə təsadüfən eşitdiyim bu əhvalatın həmin cəzaya rəvac verdiyinə inanmaq istəmirəm. Atam da inanmazdı. Yalnız “Zavuç”un o gün yumruğunu direktorun stoluna çırpmasının o əhvalatdan xəbərdar olması ilə bağlılığı varmış kimi görünür. Yoxsa o toplanış kabusu beşiyində boğulmazdı. “Böyük adam” balaca qızın qarşısından çəkilməzdi. Ruhun şad olsun, məktəbimizin əfsanə “Zavuçu”...

Hətta qapalı sovet dövründə cahil səlahiyyət indiki kimi maneəsiz irəliləmirdi. Həddini aşana hətta tabelilik şərtləri altında “dur!” deyən cəsarətli və vicdanlı adamlar istisnası vardı. İndi hakimiyyət özündən yarım pillə yuxarının istənilən ədalətsiz əməlini istisnasız alqışlayan mövqesiz, yaltaq zümrənin əlindədir. Cəmiyyət birmənalı susur. Azğınlaşmış fəlakət isə ilk növbədə körpə budaqları zədələyib sındırır. Və o sınıqlar bitişsə də, sızıltısı bir ömür keçmir. Hələ bildiyimiz və bilmədiyimiz nakam elinaları demirik...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cdtrwt

Ən çox baxılan