Azərbaycanda sürücülər tez-tez polis cərimələrindən şikayətlənirlər. Onlar bildirirlər ki, yol hərəkəti pozuntularına yol vermədikləri hallarda belə yol polisi əməkdaşları onları cərimələyirlər. Sürücülər bildirir ki, onların bu cərimələrlə mübarizə aparmaq üçün imkanları və vəsaitləri yoxdur.
İctimai rəydə formalaşan qənaətə görə yol polisinin çoxlu cərimələr tətbiq etməsinə səbəb həmin cərimələrdən onların maaşlarına əlavələr edilməsidir. Hökumət cərimələrin maaşa əlavə edilməsini belə izah edir ki, bu hallar rüşvətin yığışdırılmasına və yol hərəkəti qaydalarına riayət edilməsinə rəvac verir.
Vətəndaşlarsa şikayətlənirlər ki, cərimələr hazırda rüşvətin qanuniləşdirilməsi mənasına gəlir. Cərimə vəsaitlərinin polisin maaşına köçürülməsi polisləri vətəndaşları cərimələmək üçün stimullaşdırır.
Meydan TV yol hərəkəti pozuntularına görə cərimələrin polisin maaşına köçürülməsinin hüquqi aspektlərini və bunun doğurduğu fəsadları araşdırır.
Yol hərəkəti pozuntularına görə cərimələrin polisin maaşına köçürülməsinin hüquqi qaydaları
“Yol hərəkəti haqqında” Qanunun 23-cü maddəsi yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirlərinin maliyyələşdirilməsi qaydalarını müəyyənləşdirir. Həmin maddəyə əsasən, yol hərəkəti təhlükəsizliyi təmin olunması proqramında (digərləri ilə yanaşı, bu proqrama yol hərəkətinin təşkilinin təmini, yol-nəqliyyat hadisələrinin və nəticələrinin azaldılması kimi məqsədlər daxildir) nəzərdə tutulmuş tədbirlərin təmin edilməsi, bir qayda olaraq, dövlət büdcəsi, yerli büdcələr və büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin maliyyələşdirilməsinin ümumi büdcə hesabına həyata keçirilməsi ilə yanaşı xüsusi qayda kimi hüquq pozuntusuna yol vermiş sürücülərdən toplanmış cərimələr hesabına maliyyələşdirilməsi həmin Qanunda nəzərdə tutulub.
“Yol hərəkəti haqqında” Qanuna görə, yol hərəkətinin təhlükəsizliyini təmin etmək və digər orqanlarla yanaşı, Daxili İşlər Nazirliyinin yol patrul xidmətinin polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədilə yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən qoyulan cərimələr və Nazirliyin göstərdiyi müşayiət və digər haqqı ödənilən xidmətlərdən daxil olan vəsaitin 93 faizi bu halda Nazirliyin hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür.
Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu məqsədlə Nazirlər Kabineti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası”nı təsdiq edib.
Həmin Qaydanın 2-ci bəndinə uyğun olaraq cərimələrdən daxil olan vəsait bir neçə təyinat üzrə istifadəsi nəzərdə tutulur. Bu təyinatlara yol hərəkətinin təhlükəsiz təşkili tədbirlərinin maliyyələşdirilməsi, svetoforlarla bağlı xərclərin ödənilməsinə, DYP-nin texniki vasitələrlə təminatının təkmilləşməsi, müasir ölçü cihazlarının və qəza-xilasedici avadanlıqların alınması, blankların və çap məhsulların hazırlanması, poçt xərclərinin ödənilməsi kimi DYP-nin infrastruktrunun təkmilləşdirilməsi xərcləri aiddir. NK-nin bu Qaydası infrastruktur xərcləri ilə yanaşı cərimələrdən daxil olan vəsaitin 25 faizinin YPX və tənzimləmə işi görən əməkdaşların vəzifə maaşına əlavə kimi istifadə edilməsini müəyyənləşdirir.
Cərimə vəsaitinin istifadə edilməsinə nəzarəti Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi birlikdə həyata keçirir (Qayda, 3-cü bənd).
Cərimə vəsaitinin YPX əməkdaşlarının aylıq maaşına əlavə kimi verilməsi ilə bağlı Nazirlər Kabinetinin ayrıca qaydaları var. Bu məsələ Nazirlər Kabinetinin təsdiq etdiyi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə Qaydaları ilə nizamlanır.
Vəzifə maaşına 25 faiz əlavə alan polis əməkdaşlarına yol patrul xidməti inspektorları və baş inspektorları, eləcə də yol patrul xidmətinə cəlb olunan xüsusi rütbəli digər əməkdaşlar aid edilirlər (Qaydalar, 2.5-ci bənd).
Cərimə vəsaiti iki formada YPX əməkdaşlarına köçürülür (Qaydalar, 2.7-ci bənd):
1. YPX əməkdaşının birbaşa aşkar etdiyi xətalar üzrə köçürmə: Vəsaitdən YPX əməkdaşının aylıq maaşına xidmət zamanı bilavasitə aşkarladığı yol hərəkəti pozuntularına görə tərtib etdiyi protokollardan daxil olan cərimələrin məbləğinin 25 faizi miqdarında əlavə edilir.
2. Texniki vasitələrlə aşkar edilən xətalar və cəriməni əsassız gecikdirməyə görə dəbbə pulu üzrə köçürmə: Xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanmış yol hərəkəti pozuntularına görə ödənilən cərimələrdən daxil olan vəsait və cəriməni əsassız ödəməyən şəxslərə hesablanan dəbbə pulu YPX əməkdaşları arasında bərabər bölünərək, onların aylıq vəzifə maaşına əlavə edilir.
Qaydalar müəyyənləşdirir ki, aylıq maaşa əlavənin hesablanması ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayda həyata keçirilir və Qaydalarda göstərilən riyazi üsulla hesablanır (Qaydalar, 3.1 və 3.2).
Beləliklə, yol hərəkəti pozuntularına görə cərimələrin yol polisinin maaşına əlavə edilməsinə dair qanunvericilik həm yol polisini, həm də bu işə nəzarət edən qurum kimi DİN-i vətəndaşları cərimələmək üçün stimullaşdırır. Bir tərəfdən yol polisləri fərdi qaydada cərimələrdən faydalanırlar, digər tərəfdən isə qurum olaraq DİN cərimə vəsaitlərindən infrastrukturunu təkmilləşdirməyə istifadə edir. Bununla da polis orqanları sürücüləri maksimum dərəcədə cərimələmək üçün stimul qazanırlar. Bu isə yekun olaraq vətəndaşların maddi vəziyyətinin əsassız yerə pisləşməsinə səbəb olur.
Sürücülərin məhkəmə müdafiəsinin və məhkəməyə inamının olmaması
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr müxtəlif məbləğlərdə olur. Onların mühüm hissəsi kiçik məbləğli cərimələrdir. Bir çox vətəndaşlar həmin kiçik məbləğli cərimələrdən şikayət vermirlər. Çünki belə şikayətlər vermək həm vaxt itkisidir, həm də bahadır (bir çox vətəndaşların vəkil tutmaq üçün vəsaiti yoxdur). Ona görə YPX əməkdaşları kiçik məbləğli cərimələrin çoxunda yol hərəkəti qanunvericiliyini vətəndaşın əleyhinə şərh edirlər və vətəndaşları rahatlıqla cərimələyirlər. Bir çox sürücülər iddia edir ki, YPX əməkdaşları şəhərin bəzi istiqamətlərində sürücüləri cərimələmək üçün “tələlər” qururlar. Vətəndaşların əksəriyyəti də bir çox hallarda həmin cərimələrdən şikayət edə bilmirlər.
Vətəndaşların şikayətləri ilə bağlı işlərdə məhkəmələr cərimə işlərində adətən polis orqanlarının tərəfini tuturlar. Polisin inzibati şikayət instansiyaları da (DYP kimi yuxarı polis orqanları) adətən polis əməkdaşı ilə eyni mövqedən çıxış edirlər. Nəticədə polisin yol hərəkəti pozuntularına görə vətəndaşları cərimələmək imkanları genişlənir.
Çünki cərimələrdən şikayətlə bağlı məhkəmə müdafiəsi zəifdir, bahalıdır və bir çox sürücü üçün vaxt itkisidir. Məhkəmələr adətən vətəndaşı cərimələyən yol polisi əməkdaşının tərtib etdiyi protokolu olduğu kimi qəbul edir və bu da polisin bu prosesdə vətəndaşdan faktiki olaraq üstün vəziyyətdə olduğunu nümayiş etdirir.
Bundan əlavə, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) hesabatlarında Azərbaycanda əhalinin ədalət mühakiməsinə etibarının aşağı olduğunu müəyyənləşdirib.
Beləliklə, polisin qanunvericiliyi vətəndaşlar əleyhinə rahatlıqla şərh edərək onları cərimələməsi, cərimələmək məqsədilə tələlər qurması və sürücülərin məhkəmə təminatının və inamının olmaması nəticədə polis orqanlarını vətəndaşları cərimələmək üçün stimullaşdırır və buna münbit şərait yaradır.