“Fikrini ifadəyə görə həbs edilənlərin hamısı azad olunmalıdır”
“Qaçırılma və qanunsuz saxlanma cinayətdir” – Avropa İttifaqı komissarı Yohannes Han “Turan”-a Əfqan Muxtarlının işi haqda verdiyi müsahibəsində belə deyib.
Yohannes Hana görə, yaxşı idarəçilik və qanunun hakimiyyəti sərmayə və müsbət biznes mühiti baxımından zəruri şərtlərdir:
“Həm Azərbaycan, həm də Aİ-nin maraqlarına xidmət edəcək, eləcə də Aİ-nin fundamental dəyərlərlə bağlı standartlarına cavab verəcək iddialı sazişin əldə ediləcəyinə inanıram”.
Yohannes Han Azərbaycandakı son durum, jurnalistlərə, hüquq müdafiəçilərinə və siyasi fəallara qarşı təzyiqlərlə bağlı sualı da cavablandırıb. Deyib ki, məsələləri açıq şəkildə debata çıxara bilməyən cəmiyyət tərəqqi üçün lazım olan yeni iqtisadi və sosial ideyalar yarada bilməz. Bu baxımdan fundamental azadlıqların təmin edilməsi vacibdir:
“Qaçırılma və qanunsuz saxlanma cinayətdir və bu məsələdə məsuliyyəti olanların tam aydınlığa çıxarılmasını gözləyirik. Hesab edirəm ki, fikrini ifadə etdiyinə görə həbs edilənlərin hamısı, hər biri azad edilməlidir. Əlbəttə, siyasi rəhbərliklə aparılan bütün görüşlərimdə bu məsələləri açıq şəkildə müzakirə edəcəyəm”.
Yohannes Han Bakı səfərinin proqramının olduqca əhatəli olduğunu da deyib:
“Əvvəlcə prezident İlham Əliyevlə görüşəcəyəm, ardınca xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadiyyat naziri Şahin Mustafayevlə. Azərbaycanın öz iqtisadiyyatını diversifikasiya etmək səylərinin müsbət hal olduğuna inanıram və bu strategiyada mühüm rol oynayan Bakı Limanına da baş çəkəcəyəm. Biznes və beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə də görüşəcək və keçən həftə Bakıda baş tutmuş Aİ-Azərbaycan biznes forumu ilə əlaqədar məsələləri və iqtisadi artımı gücləndirmək yollarını müzakirə edəcəyəm. Sonda isə digər bir əhəmiyyətli görüş təşkil ediləcək”.
Yohannes Han bildirib ki, bütün səfərlərində olduğu kimi, vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşəcək:
“Onları əmin etmək istəyirəm ki, demokratik islahatlar sahəsində irəliləyiş, insan haqları və fundamental azadlıqlar məsələləri hazırki danışıqlar və yenilənmiş Avropa Qonşuluq Siyasəti kontekstində Aİ gündəliyində yenə də öndə gəlir. Eyni zamanda, yeni sazişin Azərbaycanda insan haqlarının təşviqi istiqamətində hansı yollarla istifadə oluna biləcəyi və son hüquqi dəyişikliklərin qeyri-hökumət təşkilatlarının iş mühitinə təsiri barədə onların fikirlərini bilmək istərdim”.