Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov həbs olunub.
Bu barədə “Qafqazinfo” yazır.
Yevlax Rayon Məhkəməsinin qərarı ilə Zaur Səmədov barəsində istintaq müddəti üçün 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (silah tətbiq etməklə xuliqanlıq) ilə cinayət işi açılıb, istintaq davam etdirilir.
Hadisə Yevlax rayonunun İsmayılabad kəndində baş verib. Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq niyyəti ilə 46 yaşlı tanışının ayaq nahiyəsinə atəş açaraq ona xəsarət yetirib.
Zaur Səmədovun atası Qoca Səmədov 2011–2019-cu illərdə Yevlax şəhərinin icra başçısı vəzifəsində çalışıb.
O, 2019-cu ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, dövlət vəsaitlərini mənimsəmə ittihamları ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
2023-cü ilin iyul ayında səhhəti ilə əlaqədar olaraq onun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra isə cəzasının qalan hissəsi şərti olaraq əvəzlənib.
Qoca Səmədov azadlığa buraxıldıqdan sonra yaşadığı evdə vəfat edib.