Yevlax rayonu Havarlı kənd sakini Gülbəniz Muradovanın torpaq sahəsi əlindən alınıb.
1987-ci ildən bu evdə yaşayan Gülbəniz xanım deyir ki, 2005-ci ildə bələdiyə sədri seçilmiş Sarvan və Nadir adlı şəxslər həyətini ələ keçirmək istəyiblər. Torpağın onlara verilməsi üçün qadına əvvəl pul, sonra isə torpaq sahəsi təklif edilib. Xanım torpağı vermədiyi üçün vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, torpağı ələ keçirmək istəyiblər. O vaxtkı icra başçısı Elmar Vəliyev Gülbəniz xanımı qəbul edib və məsələ ilə bağlı komissiya təşkil edib. Bütün sənədlər yoxlananılıb, qaydasında olduğuna əmin olunduqdan sonra ailəyə toxunmamaq tapşırığı verilib və həmin bələdiyyə sədri ilə müavini işdən qovulub.
9 il hər şey öz qaydasında olub. Gülbəniz Muradova deyir ki, Elmar Vəliyevin Gəncəyə icra başçısı göndərilməsi ilə ailənin qara günləri başlayıb.
Torpağın qadının əlindən alınması üçün yenidən Sarvan və Nadir adlı şəxslər işə başlayıblar. “Elmar Vəliyev yoxdur, biz burdayıq. Vaxtında sənə torpaq təklif etdik, pul təklif etdik, qəbul etmədin. İndi qara qəpik də görməyəcəksən” , “Sən kimsən ki, sənin şikayətinə prezident baxsın” kimi ifadələrlə qadını hədələyiblər. Ona “məhkəmə də bizik, qanun da bizik” -deyiblər.
Gülbəniz Muradova təəssüflə hadisənin gedişatının onların dedikləri kimi olduğunu deyir. Belə ki, bütün sənədlər qanuni olsa da, məhkəmə qətnaməni Nadir adlı şəxsin xeyrinə çıxarıb.
“Mənim adıma olan faktiki torpağı Nadirin adına yazdılar. Halbuki, mənim burda məhsuldar ağaclarım var. Ağacların ən azı 27 yaşı var. Ona baxmayaraq, bələdiyyənin müavini Nadir əl çəkmir” – deyə Gülbəniz Muradova bildirib.
Üstəlik məhkəmədən çıxanda Nadir mənə dedi: “Gördün qatıq necə qara olur? Vaxtında sənə pul, torpaq təklif etdik, götürmədin. İndi qara qəpik də görməyəcəksən”.
Gülbəniz xanım torpağı nə satmaq, nə də kiməsə vermək niyyətindədir. O, komissiya təşkil olunmasını, sənədlərin araşdırılmasını, özbaşnalıq edən məhkəmələrin və məmurların cəzalanmasını istəyir.