Yevlaxda məktəb direktoruna qarşı cinayət işi açılıb

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Babək Bəkirov işdən azad edilmiş şəxsin adını vəzifəsini icra etmədiyi halda 5 il müddətində məktəbin əmək haqqı ödəniş cədvəllərinə daxil edib

Source: Foto: arxiv


Direktor işdən çıxmış şəxsin adından 5 il əmək haqqı almaqda şübhəli bilinir

Yevlax rayonunda məktəb direktoru ciayət məsuliyyətinə cəlb edilib. Yevlax Rayon Prokurorluğunun yaydığı məlumata görə, Əkşəm kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmiş Babək Nizam oğlu Bəkirovun 2014-2020-ci illər ərzində dövlət büdcə vəsaitlərini mənimsəməsi faktı aşkarlanıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Babək Bəkirov işdən azad edilmiş şəxsin adını vəzifəsini icra etmədiyi halda 5 il müddətində məktəbin əmək haqqı ödəniş cədvəllərinə daxil edib, bank kartına köçürülmüş əməkhaqqı və digər ödənişləri nağdlaşdıraraq özü götürüb:

“Bundan başqa, ayrı-ayrı müəllimlərin adlarına əlavə dərs saatları yazaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlıqların uçotunu və mühafizəsini təmin etməməklə hüquqi şəxs olan Yevlax rayon Təhsil şöbəsinin hüquqlarına və qanuni mənafelərinə ümumilikdə 10 min manat məbləğində mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib”.

İş üzrə toplanmış sübutlar əsasında Babək Bəkirova Cinayət Məcəlləsinin 179.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

Ana səhifəBölgəYevlaxda məktəb direktoruna qarşı cinayət işi açılıb