Yevda Abramov: Məhkəmələrdə insanlara çox haqsızlıq edilir

”Professional hüquqünas olmasaq da, bilirik ki, bu gün məhkəmələr açıq-aşkar tərəf tuturlar”

Source:


”Professional hüquqünas olmasaq da, bilirik ki, bu gün məhkəmələr açıq-aşkar tərəf tuturlar”

“Mən son 10 ildə bizim komitəyə eyni problemlərlə bağlı 10-15 dəfə yazan adam görmüşəm. Vallah, adamın nüfuzu aşağı düşür, heç nə edə bilmirik. Belə hallar bizi çox incidir”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin İnsan hüquqları Komitəsinin 12 oktyabr iclasında komitənin sədr müavini, yəhudi əsilli deputat Yevda Abramov deyib. Deputat bildirib ki, məhkəmələrdə insanlara qarşı çox haqsızlıqlar edilir:

“Düzdür, məhkəmələr hakimiyyətin bir qoludur. Parlament də hakimiyyətin qanadı kimi qanunverici orqandır. Amma biz heç cür problemlərin həllinə təsir edə bilmirik. Bəzən görürük ki, məhkəmələrdə vətəndaşlara haqsızlıqlar olur. Professional hüquqünas olmasaq da, bilirik ki, bu gün məhkəmələr açıq-aşkar tərəf tuturlar. Belə olmaz. Düzdür, məhkəmədən hər iki tərəf heç bir halda razı qala bilməz. Hansısa tərəf yekunda onsuz da narazı qalacaq. Amma ədalətli qərarlar çıxarmalıdırlar”.

Yevda Abramov son aylar İnsan hüquqları komitəsinə daxil olan müraciətlərdən də bəhs edib:

“Amma son aylar bizim komitəyə daxil olan şikayətlər mənzil-tikinti korporatvlərindən (MTK), banklardan və kreditlərdəndir. Ölkədə məhkəmə qərarların icrasına nəzarət çox zəifdir. Çünki bu qurumların heç biri işləmir. Məhkəmələr qərarlar qəbul edirlər, amma icra orqanları ya bu qərarları icra etmək istəmirlər, ya da icra edə bilmirlər. Halbuki, buna görə vətəndaşlar yenidən məhkəmə iddiaları qaldıra bilərlər.

Həqiqətən də bu məsələlərə görə regionlarda ciddi problemlər var, insanlar narazıdır. Məktubun birində vətəndaş yazır: “Göydə Allah, yerdə sizə ümid edirəm. Sizdən kömək diləyirəm. Sizə güvənib yazmışdım. Sizdən də bir xeyir olmadı”. Adam belə məktubları oxuyanda xəcalət çəkir”.

Bahar Muradova foto sosial şəbəkə

APA xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında çıxışı zamanı komitənin sədri Bahar Muradova bildirib ki, məhkəmə qərarlarından şikayətlərin çoxluğunun bir obyektiv səbəbi var. Bu da məhkəmənin obyektiv qərarından həmişə bir tərəfin narazı qalması ilə bağlıdır: “Məhkəmələrlə bağlı çatışmayan məqamlara dair Məhkəmə Hüquq Şurası qərarlar verir. Ancaq məhkəmə qərarlarından şikayətlərin çoxu məhz məhkəmənin obyektiv qərarından həmişə bir tərəfin narazı qalması ilə əlaqədardır. Məhkəmə sistemi bir neçə instansiyadan ibarətdir. Millət vəkilləri, komitə olaraq biz bununla bağlı vətəndaş cəmiyyəti institutları, QHT-lər vasitəsilə insanların maarifləndirilməsi işinə xüsusi diqqət yetirməliyik. Ümumiyyətlə, məhkəmələrin ədalətli qərarlarından şikayətlərin sayının azaldılması istiqamətində hansı işlər görə biləcəyimiz barədə düşünməliyik”.

Ana səhifəXəbərlərYevda Abramov: Məhkəmələrdə insanlara çox haqsızlıq edilir