Mən yenicə qəza keçirib, ağır travmanın nəticəsi olaraq bir müddət, yəni təxminən 11 aya yaxın yataqda olmuşam. Əlil arabasına otura bilmirdim. Təzyiqim çox aşağı, orqanizmim zəif idi. Arabaya oturan kimi gözlərim qaralır, ürəyim gedirdi. Elə indi də məhz zədələnən onurğanın yuxarı ətrafı üçün xarakterik olan aşağı təzyiq yaxamı buraxmır. Hətta bu yazını yazarkən, şirin çay içməyimə baxmayaraq, az-az başım gicəllənir. Bədənimdə qəribə uyuşma hiss edirəm.
Həmin ərəfələrdə ziyarətimə gələn iki qohumum məni yıxılıb, zədə almağıma və bu duruma düşməyimə görə qınayır, mühakimə edirdilər. Çaya kəllə vurarkən, dayaz yerə düşüb, onurğamı zədələmişəm axı. Bəli, səhvimi etiraf edirəm. 19 yaşımda çox çılğın idim. Risk etməyi və ekstrimi sevirdim. Ən təhlükəli sularda da üzməyə, çimməyə meylli idim. Nəticə də belə oldu.
Amma mən keçmişdə ilişib-qalan deyiləm. Həmin qohumlarım isə nə yataq şəraitimi, nə psixoloji durumumu, nə də əsəbdən tutulma riski olan sinirlərimi nəzərə almadan, hər ziyarətdə məni qıcıqlandıran “rıçaqlarını” işə salır, eyni və fərqli aspektdə mənim keçirdiyim qəzanı müzakirə edirdilər.
Özümü “kriminalistika” şöbəsində dindirilən şübhəli kimi hiss edirdim. Öz-özlüyümdə çalışırdım ki, o hadisəni çox yadıma salmayım, nə iləsə başım qatım ki, darıxmayım. Bunlar isə eyni ilə National Geografic kanalında yayımlanan “Air crash investigation”(Avia qəzaların təhqiqatı) sənədli serialın ixtisaslaşmış analitikləri kimi cürbəcür yanaşmalarla mənim “şüursuzluğuma” öz fikirlərini bildirirdilər. Bəli, açıq və dolayı sözlərlə məni həmin olaya görə “şüursuz” adlandırırdılar.
Bilsəniz, onların həmin söhbətləri məndə necə ikrah hissi yaradırdı?! Əsəblərim tarıma çəkilir, çox pis sarsıntı keçirirdim. Ədəbimi saxlayıb, onlara pis söz demirdim. Ürəyimdə yanımdan tez getmələrini istəyirdim. Düzdür, iradımı bildirir, özümü müdafiəyə qalxırdım, amma onlar öz arqumentləri, birlikləri ilə məni “yeyirdilər”. Əsəbdən təzyiqim düşürdü, dolub qalırdım. Bir neçə dəfə onlar gedəndən sonra özümə hakim ola bilməyib, ağlamışdım da. Səbəb isə o sözləri onlardan duyarkən yatağa ilişib, məhkum olmağım, onların yanından qaça bilməməyim olurdu.
Yaşları 50-yə çatan yetkin insanların hələ 20 yaşa qədəm qoymamış, onların təbirincə desəm, şüuru hələ formalaşmamış və keçirdiyi qəzanın ağır şokundan hələ tam çıxmamış gənci hər dəfə belə mühakimələri başa düşülən deyil. Axırda bu qənaətə gəldim ki, onlar sadəcə rəsmən əylənir və kimisə səhvinə görə qınayıb, mühakimə etməkdən ləzzət alırlar. Çünki dəfələrlə digərlərini bu cür hədəf aldıqlarını, belə tipdə dedi-qodu etdiklərini eşitmişdim. Təəssüf etdiyim o idi ki, hər iki şəxs oxumuş, dünya görmüş adamlardır.
Sonra nə baş verdi? Onlardan birinin heç ummadığı şəkildə ayaqları tutuldu. Uzun müddət xəstəxanada müalicə aldı. Əlil arabasına düşməkdən zorla qurtuldu. İndi də bəzi rahatsızlıqları qalmaqdadır. Yenə də çox şükür, gəzir. O biri isə, məni ən çox “şüursuz” adlandıran eyni mənim kimi hündürdən başı üstə yıxılmış, xoşbəxtlikdən ancaq biləyini qırmışdı. İndi hər ikisi yaxşıdır. İnanın, onlara qarşı heç bir qərəz-kin bəsləməmiş və heç vaxt elə duruma düşmələrini arzu etməmişdim. Əksinə, elə olduqlarını biləndə onları dualarımla yad etmişdim.
İndi onlarla görüşəndə, heç biri məni əvvəlki kimi “şüursuz” adlandırıb, keçirdiyim qəzanın motivlərinə toxunmur. Mən isə hər iki qohumumun başına qaxmıram ki, “gördünüz, yüksək şüurunuz sizi oxşar durumdan qoruya bilmədi”…
Hər ikisi bunu çox yaxşı başa düşüb. Bunu onların gözlərinə baxanda da aydın başa düşürəm.
Əziz insanlar lütfən kimisə mühakimə etməmişdən öncə düşünün. Əyləncə və enerji dağıtma xətrinə və ya elə əsəbdən bunu edərkən sizin də o cür şeylər yaşaya biləcəyinizi idrak edin. Tanrı sizi qorusun!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…