Yerlipərəstlik

Bəlamıza çevirilən yerlipərəstlik faktoru hətta ictimai-siyasi mühitdə də özünü göstərir

Source:
Orxan Adıgözəl
Orxan Adıgözəl
Orxan Adıgözəl-Banner
Orxan Adıgözəl-Banner


Bəlamıza çevirilən yerlipərəstlik faktoru hətta ictimai-siyasi mühitdə də özünü göstərir

Bu yaxında atama bir kitab verdim ki, mənim adımdan dostuna hədiyyə eləsin. Kitabda Azərbaycanın yaxın tarixindən bəhs edilir. Ancaq nə kitabın adını, nə müəllifini, nə fə atamın dostunun hansı regiondan olduğunu qeyd edəcəm. Bu nüansı qeyd etməyimin səbəbi var. Deməli, atam kitabı əlinə aldı, arxasına çevirib diqqətlə müəllifin bioqrafiyasını oxudu və kitabı mənə geri uzadıb, dedi ki, dostu bu kitabı oxumayacaq. Səbəbin soruşdum. Atamın cavabı məni şoka saldı. Demə, bu kitabın müəllifi Azərbaycanın elə bölgəsindəndir ki, atamın dostu həmin bölgədən olan şəxslərin yazdıqları kitabları oxumur. Çünki həmin bölgənin adamlarından zəhləsi gedir. Əlim üzümdə qaldı. Dəhşət məni bürüdü. 21-ci əsrdə yaşayan, universitet bitirən, az-çox savadı olan, hər gün qəzet-kitab oxuyan adamın təfəkkürü məni, türklər demiş, çox şaşırtdı.

Nə var-nə var, atamın dostu həmin bölgədən olan adamların rəhbərliyi altında işləyib və müdirləri pis obrazla yadında qalıb deyə, bu adamın həmin bölgəyə qarşı antipatiyası yaranıb. Atam deyir ki, həmin dostunun qəribə bir özəlliyi də var. O, tanımadıqları adamların Azərbaycanın hansı regionundan olduğunu müəyyən edə bilir. Məsələn, uzaqdan gələn adama baxaraq, onun yerişi, üz quruluşu, geyiminə uyğun təhlil aparır, həmin şəxsin Azərbaycanın hansı rayonundan olduğunu qeyd edir. Proqnozları həmişə 90 faiz düz çıxır.

Allah göstərməsin, hələ bu, bizim az-çox oxumuş vətəndaşımızdır. Görün, təhsildən, kitabdan uzaq olan adamlar hansı durumda və hansı düşüncədədilər. İnsanlarımızın bu cür yerlipərəst olması məni çox sarsıdır. Belə hallarla qarşılaşanda çox məyus oluram. Nə qədər təbii olsa da, bu məsələni, reallığı həzm edə, dərk edə bilmirəm. Əslində həzm etmək istəmirəm. Problemin ağırlığı həmişə təəccübümə səbəb olur. Düşünürəm ki, bu məsələ ilə barışsam, ən ali dəyər hesab olunan humanizmə zidd getmiş olacam. Çünki yerlipərəstlik xərçəng xəstəliyi kimi insanlığın günü-gündən məhvinə xidmət edir.

Cəmiyyəti bir insan orqanizmi kimi təsəvvür edək, yerlipərəstliyi də xərçəng xəstəliyi sanaq. Yavaş-yavaş bütün orqanizmi sıradan çıxaran yerlipərəstlik xəstəliyi orqanizmdə(cəmiyyətdə) vacib əhəmiyyətli orqanlar sayılan- müasirliyi, inkişafı və ən əsası birliyi xəstələndirir. Artıq belə bir vəziyyətdə sıradan çıxmış orqanlarla yaşamaq müşkül hala gəlir. Parçalanmış, bölünmüş cəmiyyətdən hansı gələcəyi gözləmək olar?!

Onlarla dostum, tanışım var ki, illərdir yaxın olmağımıza rəğmən hansı regiondan olduqlarını bilmirəm. Kimin haradan olduğunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Önəmli olan insani keyfiyyətlərdir. Məhz insani keyfiyyətlərinə, müsbət və ya mənfi əməllərinə görə kimisə qiymətləndirməliyik.

İlk tanışlıqda adımızı soruşduqdan sonra “haralısan” sualını dilə gətirən adamlardan uzaq gəzmək lazımdır. Qəbilə təfəkkürü ilə yaşayan bu cür adamlar iki insan dalaşırsa, haqsız da olsa, öz yerlisini müdafiə edəcək, onlarla savadlı kadrı qoyub, əvəzinə savadsız yerlisini işə götürəcəklər. Digərlərinə məhz doğulduğu, məxsus olduğu yerə görə qiymət verən şəxs qəbilə, mağara təfəkküründən qırağa çıxmayan biridir.

Azərbaycanda bir-birini sevməyən bölgələr var. Aralarında sanki müharibə yaşanıb və o bölgələrə görə böyük itkiləri olub. Həmin insanlar bir yerə gələndə qarşı tərəf kimi baxdıqları bölgələrin nümayəndələrinə açıq şəkildə etimadsızlıq nümayiş etdirirlər.

Bəlamıza çevirilən yerlipərəstlik faktoru hətta ictimai-siyasi mühitdə də özünü göstərir. Bir çox təşkilatda, qurumda yerlipərəstliyin açıq təzahürləri duyulur. Həmin təşkilatlardakı qapıları müəyyən bölgədən olan adamların üzünə bağlayır, kimlərisə hansısa bölgə mənsubluğuna görə ayrıseçkiliyə məruz qoyurlar.

Xanlıqlar dövründən diyarımızda kök salan və son dövrlər kəskinləşən yerlipərəstliyə qarşı hər birimiz mübarizə aparmalıyıq. 21-ci əsrdə insanlara bölgə, region pəncərəsindən baxmaq biabırçılıqdır. İnsanlıq adına ləkə sayılan bu haldan və qütbləşmədən qurtulmaqdan ötrü yerlipərəstlikdən vaz keçək!



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəYerlipərəstlik