Yerli tolerantlıq

Qurban bahasına

Source:

Hələ XVI-XVII əsrlərdə Avropada yaranmış tolerantlıq dini-siyasi termini əvvəllər insanları, əsasən  dini və siyasi dözümlülüyə çağırsa da, sonralar ksenofobiya və irqçiliklə mübarizəyə də ciddi dəstək oldu. Zamanla tolerantlıq fərqliliyi konfliktdən uzaqlaşdıran, fərdlərin barabər hüquqlu olmasının vacibliyini bildirən bəlkə də ən əsas  anlayış modelinə çevrildi.

Doqmatizmə yox deyərək, bütün insanların fərqli tərzinə hörmətlə yanaşmaq, onlara fikirlərinin bizim fikirlərimizdən fərqli olmasına rəğmən, dözüm nümayiş etdirmək tolerantlıq adını aldı və bu fəlsəfə başlanğıc mərhələsində çətin olsa da, sosial həyatda özünü təsdiq etdi.

Tolerantlıq sənin kimi düşünməyənin fikirlərinə qoşulmaq deyil. Əksinə, onunla razı olmadığına baxmayaraq, sənin kimi fikirləşməyəni olduğu kimi qəbul etmək, onunla konfliktə girməmək, yaxşı davranmaq deməkdir. Bəli, yəni mənim üçün qəbuledilməz bir şey, başqası tərəfindən çox asanlıqla qəbul edilə bilər. Yaxud mənim üçün çox sevimli, dəyərli, müqəddəs olan nəsə başqası üçün axmaqlıq və ya cəhalət sayıla bilər. Çox sadə…

Tolerantlıq insanların arasındakı  bütün ziddiyyətlərə, fikir müxtəlifliyinə baxmayaraq, bir-birilərini dinləmək bacarığıdır. Əsəbiləşmədən, aqressiya nümayiş etdirmədən, qarşısındakı insanları olduğu kimi qəbul etmək prinsipidir.

Amma bizim cəmiyyətdə bütün normallıqlar mutasiyaya məruz qaldığı kimi, tolerantlıq da mutasiyaya uğrayıb. Adı var, dadı yox. Eynən demokratiya kimi. Azərbaycanda onların hər ikisini elə  hala salıblar ki, bu adları verənlər onları görsələr, tanımazlar.

Tanrılardan biri “Azərbaycan xalqı çox dözümlü xalqdır” sözlərini deyəndə mən balaca uşaq idim. O vaxt bunu eşidəndə, içimdə bir işıq yanmışdı ki, adam bunu deməklə yəqin ki, bir-birimizin fərqliliyinə olan hörməti və dözümlülüyü nəzərdə tutur. Bizi bir-birimizə fərqliliyimizdən asılı olmayaraq, hörmət etməyə səsləyir. Bir az böyüyən kimi, belə olmadığını, tamamilə cəfəngiyyat olduğunu və heç də bunu nəzərdə tutmadığını başa düşdüm.

O ifadə xalqımızın bir-birinə qarşı dözümlülük nümayiş etdirdiyini, tolerant olduğunu deyil, zülmə və zülmkarlara qarşı tolerant olduğunu, zalımlara və zülmə dözümlü olduğunu nəzərdə tuturmuş. İndi mənə elə gəlir ki, o vaxt bunu məndən başqa çox adam başa düşürmüş.

Əlbəttə, çox adam. Çünki mən gözümü açandan, Azərbaycanda çoxunun başqa adamların fərqli fikirlərinə hörmət etdiyini görməmişəm. Bir onu eşitmişəm ki, bütün günü bir-birilərinin arxalarıyca danışıblar. Bir-birilərinin tərzini, seçimini pisləyiblər. Səhərdən-axşama kimi bir-birinin ətini didiblər. Sanki yarışa çıxıblar – kim kimin tərzini və seçimini daha çox pislədi deyə…

Bir düşünün, onlar buna sərf etdikləri zamanı xalqın və vətənin rifahı üçün səmərəli istifadə etsəydilər, bəlkə də, indi biz bütün dünya banklarına kreditə pul verirdik. Ən azından, həmin vaxtı kitab oxumağa sərf etmək olardı. Təsəvvür edirsiz, o zaman ərzində oxunan kitablar üçün neçə min mərtəbəli kitabxana lazım olardı?

Kitablar demişkən, biz də dini kitabların ən ideal yeri heç də masa və ya kinolarda gördüyümüz kimi yatanda oxumaq üçün yatağın yanındakı kiçik dolab deyil. Bizim dini kitab, adətən, əlçatmaz yerdə bir büt kimi dayanır və illərlə tozlanır. Din demişkən, indi bizim illərdir ki, yeni tanrımız var.

Köhnə tanrının ölümündən sonra məddahlarımız indi də ona qurban aparır. Səfalətin əlindən intihar edənlərin simasında, kreditə görə özünə qəsd edənlərin simasında, yaxud az qala hər gün özümüzünkülər tərəfindən öldürülən əsgərlərimizin simasında…

Nə bilmişdiniz? Bütün bunlar qurban deyil, bəs nədir? Əlbəttə, qurbandır və bu qurbanları bizim siysətə qarışmayan məddah həmvətənlərimiz öz tanrılarına ərmağan edirlər.

Deməli, Azərbaycan xalqı tanrıları çox sevən xalqdır. Tanrı olmasa belə, onu min-bir əziyyətlə yaradar və hökmən kimlərisə ona qurban verər. Fədailərin, sənətkarların, yazıçıların simasında…

Amma hər şeydən öncə, Azərbaycan xalqı həm də çox dözümlü xalqdır, çox! Başqalarının fərqliliyinə yox, tanrıların zülmünə…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəYerli tolerantlıq