”Yerli mallar bazarlardan sıxışdırılıb çıxarılır”

Yerli malların ticarəti son 4 ildə 8,7 milyard dollar və ya 46 faiz azalıb

Source: google.az

İqtisadçı: ''Hazırkı sistem köklü şəkildə dəyişməlidir''

“Yerli malların ticarəti son 4 ildə 8,7 milyard dollar və ya 46 faiz azalıb. Bu azalmanın 1,4 milyardı və ya 16 faizi yalnız 2018-ci ilin hesabınadır. Təcili tədbirlər görülməlidir, yerli mallar daxili bazarlardan sıxışdırılıb çıxarılır. Belə bir şəraitdə istehsalda inkişafdan deyil, tənəzzüldən danışılmalıdır”.

İqtisadçı, AXCP üzvü Nemət Əliyev belə deyir. Bildirir ki, daxili bazarlarda yerli malların ticarət dövriyyəsi əvvəlki ilə nəzərən 2018-ci idə 1,4 milyard dollar və ya 12 faizə yaxın azalaraq 11,7 milyarddan 10,3 milyarda düşüb:

“Dövlət Gömrük Komitəsi və Dövlət Statistika Komitəsinin açıqladığı məlumatların təhlili göstərir ki, 2017-ci ildə yerli malların daxili ticarətində müəyyən müsbət nəticələr əldə olunsa da, 2018-ci ildə həmin nəticələrin, demək olar, hamısı itirilib. Əvvəlki illərə baxdıqda isə bu sahədə vəziyyətin fəlakətli həddə olması üzə çıxır”.

İqtisadçı deyir ki, əgər 2014-cü ildə yerli malların ticarət dövriyyəsi 19 milyard dollar olmuşdursa, bu göstərici 2015-ci ildə 15,7 milyard dollar, 2018-ci ildə isə 10,4 milyard dollar olub. 2015-ci ildə 3,3 milyard (17 faiz) azalan dövriyyə, sonrakı illərdə daha 5,4 milyard və ya 34 faiz azalıb:

“Bu hesabla, ötən 4 ildə yerli malların daxili ticarətindən itkilərimiz 8,7 milyard dollar və ya 46 faiz olub. Bu azalma həm əhali və dövlət büdcəsinin, yerli istehsalla məşğul olan fiziki və hüquqi şəxslərin yüz milyonlardan məhrum olması, həm də minlərlə iş yerlərinin itirilməsi anlamına gəlir”.

image_from_ios (1).jpg
Cədvəl

Nemət Əliyev deyir ki, dinamika üzrə aparılan hesablamalar yerli malların daxili bazarlarda ticarət payının son 4 ildə 67 faizdən 47 faizə düşdüyünü göstərir. Bu tendensiya əcnəbi malların bazar payının, mütənasib qaydada, 33 faizdən 53 faizə qədər artması ilə müşayiət olunub:

“Deməli, yerli mallar yerli bazarlardan da sıxışdırılıb çıxarılır və boşalmış yerlər əcnəbi mallar hesabına dolmaqdadır. Belə bir şəraitdə istehsalın inkişafından danışmaq əsla mümkün deyil. Yerli malların daxili ticarətində əmələ gələn bu itkilər istehsala ciddi zərbə kimi dəyərləndirilməlidir. Çünki mübadilə mərhələsində ilişib qalan istehsalçı inkişaf edə, perspektivli sayıla bilməz. İstehsal elədiyi malları realizə edə bilməyən istehsalçının istənilən iqtisadi təşəbbüsləri öləziyər, ümidləri sarsılar. Belə bir vəziyyətə düşmüş istehsalçıdan istehsalın genişləndirilməsi, yeni iş yerlərinin açılması yönündə olan bütün gözləntilər bumeranq effekti verərək geri qayıdar”.

İqtisadçı Nemət Əliyev
İqtisadçı Nemət Əliyev

İqtisadçı deyir ki, buna görə də istehsalçıların daxili ticarətdə belini qıran bu mənfi tendensiyanın durdurulması və onun doğurduğu ağır nəticələrin aradan qaldırılması gündəmin əsas mövzusu kimi diqqətdə saxlanmalıdır. Satış mərhələsində ticarət prosesinin iştirakçılarına yönəlik təcili təşviqedici tədbirlər həyata keçirilməli, bütün kateqoriya maneələr aradan götürülməlidir: “İlk növbədə vergi məmurlarının ticarətçilərdə, elə həm də istehsalçılarda allergiya doğuran davranışlarına, özbaşınalıqlarına son qoyulmalı, vergi-sahibkar münasibətlərnin hazırkı sistemi köklü şəkildə dəyişməli, monopoliya və haqsız rəqabət aradan götürülməli, ümumi iqtisadi şəraitin yaxşılaşdırılması yönündə təsirli tədbirlər həyata keçirilməlidir”.

Ana səhifəXəbərlər”Yerli mallar bazarlardan sıxışdırılıb çıxarılır”