Ermənistan Laçın dəhlizinə faktaraşdırıcı missiya istəyir, Azərbaycan əleyhinədir
Ermənistan beynəlxalq faktaraşdırıcı missiyanın bölgəyə gəlməsinin tərəfdarıdır.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cermukda jurnalistlərə belə deyib:
Ermənistan Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı missiya göndərmək üçün beynəlxalq tərəfdaşları ilə intensiv işləyir”.
Ancaq Azərbaycan Laçına və Dağlıq Qarabağa missiya göndərilməsinin əleyhinədir.
Aprelin 27-də xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı Katrin Kolonnayla keçirdiyi birgə brifinqdə deyib ki, onlar görüşdə Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası barədə də danışıblar:
“Hesab edirik ki, bu missiya etimad mühitinin yaradılmasına diqqət etməli və Azərbaycanın legitim hüquqlarını nəzərə almalıdır. Təəssüf ki, missiya rəhbərliyinin yaxın keçmişdə verdiyi açıqlamalar missiyanın fəaliyyətinə xidmət etmir. Onlar təhrikedici açıqlamalar idi. Təbii ki, Azərbaycan bu açıqlamaya müvafiq reaksiya verib. Hesab edirik ki, sülh prosesinə mane olan açıqlamaların və addımların qarşısı alınmalıdır”.
Armen Simonyan isə bildirib ki, Fransa Laçın dəhlizindəki vəziyyətin həllinə böyük maraq göstərir:
“Eyni zamanda, Ermənistan beynəlxalq tərəfdaşları ilə Laçın dəhlizində və Dağlıq Qarabağda sübutların toplanması üçün beynəlxalq missiya göndərmək üçün intensiv işləyir. Bu məsələ Fransa ilə müzakirə olunur və biz dəstək alacağımızı gözləyirik”.
Onun sözlərinə görə, Fransa həm ölkənin təhlükəsizliyi ilə bağlı problemlərin həllində, həm də Qarabağ münaqişəsinin həllində Ermənistan üçün faydalı ola bilər:
“Fransa Ermənistana kömək etmək yollarını axtarır. Həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ məsələsində maraqlı olmaqda davam edir”.
Təhlükəsizlik Şurasının katibi daha məhsuldar iş üçün Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsinə ehtiyac olduğunu da vurğulayıb.
“Biz bütün tərəfdaşlarımıza daha yaxşı müşahidə apara bilməsi üçün missiyanın heyətini, eləcə də digər imkanlarını artırmağı təklif edirik”, – deyə Qriqoryan əlavə edib.
Fevralın 20-də Avropa İttifaqının 100 nəfərdən ibarət yeni missiyası iki illik mandatla Ermənistana gəlib.
Missiyanın məqsədinin sərhədyanı ərazilərdə sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etmək olduğu bildirilir.
Ancaq Rusiya Avropa İttifaqının Ermənistana missiya göndərməsini tənqid etmişdi.
Fevralın 28-də Bakıda olan Sergey Lavrov demişdi ki, Avropa İttifaqı çox ciddi şübhələrə səbəb olan qərarlar verərək Ermənistan və Azərbaycanla münasibətlərindən sui-istifadə edir.
S.Lavrov həmçinin Avropa İttifaqının Ermənistana göndərdiyi missiyanın mandatı ilə bağlı sualların olduğunu da vurğulamışdı:
“Avropa İttifaqı missiyasının Ermənistana göndərilməsi onun funksiyaları, mandatı ilə bağlı bir çox sual doğurur. Brüssel Ermənistan və Azərbaycanla münasibətlərindən sui-istifadə edərək öz missiyasının Ermənistana göndərilməsi barədə qərar verir. Onun müddəti və funksiyaları, eləcə də bunun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verib-verməməsilə bağlı çoxlu suallar yaranır. Ancaq bu, tərəflərin suveren seçimidir“.