”Ulu öndərin fikirləri bizim şüuraltımıza oturub”
“Ermənistan qondarma bir dövlətdir və Azərbaycan torpaqlarında yaradılıb. Ermənistanın 95 faiz əhalisi azərbaycanlı olub. Əgər Yerevanın rəhbərliyi istəyərsə, qoy Azərbaycanın tərkibində quberniya olsun”.
Bu sözləri fevralın 14-də deputat Səməd Seyidov parlamentin plenar iclasında Rusiyanın Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Azərbaycanla bağlı dediyi sözlərə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Jirnovski çıxışında Azərbaycan və Ermənistanı Rusiyanın quberniyası adlandırıb. “Əslində, bu sözlərə fikir verməyə bilərdik. Amma bu fikirlərin Xocalı soyqırımın 25 illiyi ərəfəsində deyilməsi qəbuledilməzdir. Ulu öndərin dediyi “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” fikirləri bizim şüuraltımıza oturub. Bu, şüar deyil, qan yaddaşımız, qanlı yanvarımız, Xocalımız, Qarabağımızdır”.
Seyidov qeyd edib ki, quberniya olmaq məsələsinə gəldikdə əslində İrəvan bu statusa tam uyğun gəlir.
S.Seyidov çıxışını rus dilində Rusiya vətəndaşlarına və Azərbaycandakı ruslara müraciətlə yekunlaşdırıb:
“Mənim əziz dostlarım! Dahi rus şairi Puşkinin bir fikrini yada salmaq istəyirəm: “İmperiya böyük ruhlu bir hiss olsa da, rədd olsun imperiya və onun bəlaları!”