Baş nazir “soyqırımına” məruz qalanların siyahısını tələb edib
Ermənistanın Baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı yeni göstəriş verdiyi bildirilir.
Baş nazir hadisələrdə həyatını itirənlərin siyahısının tərtib olunmasını istəyir.
Bu barədə Ermənistan Milli Məclisi Müdafiə komitəsinin sədri Andranik Koçaryan “Azadlıq” radiosunun erməni xidmətinə danışıb.
Deputatın sözlərinə görə, Nikol Paşinyan “soyqırımına” aid real əsaslar yaratmaq, “soyqırımına” məruz qalan soydaşların daha obyektiv siyahısının tərtib olunmasını istəyir:
“Paşinyanın məqsədi soyqırımı ilə bağlı “real təməllər” qurmaqdır. Bu, bizim 1,5 milyon soydaşımızın hər birinin ünvanlarını və yerlərini bilmək üçün sadə bir məqsəddir. Həmçinin gələcəkdə qonşularla münasibətlərimizin qurulması üçün çox vacibdir. 1.5 milyon, 2 milyon və ya bundan az, tam dəqiqləşdirilmə olmalıdır. Əgər biz bunu sənədləşdirməsək, qarşı tərəf həmişə deyəcək ki, belə bir şey heç vaxt olmayıb. Elə deyir də”.
O, siyahı tərtib olunandan sonra həmin adamların adlarının Soyqırımı Muzeyinin divarlarına həkk edilməsini əlavə edib:
“Bu adamların adları Soyqırımı Muzeyinin divarlarına həkk olunmalıdır. Mən deyə bilməliyəm ki, soyqırımına görə bugünkü Ermənistana köçmüşəm və bu Ermənistan bizə 1946-cı ildə mühüm demoqrafik problemi həll etmək imkanı verib”.
Ancaq Soyqırımı Muzeyinin keçmiş direktoru Suren Manukyan hökumətin bu təşəbbüsünü “çox təhlükəli” adlandırıb.
O, bu tezisin türklərin ötən əsrin 60-cı illərindən dövriyyəyə buraxdığını vurğulayıb:
“Belə bir siyahının tərtib olunması türklərin 1960-cı illərdən dövriyyəyə buraxılmış inkar tezislərindən biridir. Biz isə həmişə demişik ki, nə qədər insanın ölməsi mühüm deyil, vacib olan bir qrup insanı məhv etmək niyyətidir. Məsələn, 1995-ci ildə Srebrenitsa hadisələri zamanı beynəlxalq məhkəmə tərəfindən soyqırımı kimi tanınan Bosniya soyqırımı zamanı 8000-ə yaxın bosniyalı kişi və oğlan öldürüldü”.
“Osmanlı imperiyasında 1.5 milyon erməninin ölməsini Türkiyədən başqa mübahisələndirən yoxdur. Belə çıxır ki, illər və onilliklər ərzində bunu deyən Ermənistanın özü indi buna inanmır, çox qəribədir. Çünki Beynəlxalq Soyqırımı Alimləri Assosiasiyası arasında belə bir konsensus, iki qətnamə var ki, baş verənlər elmi cəhətdən isbat olunub və əlbəttə, erməni soyqırımı olub. İndi ermənilərin bunu şübhə altına alması qəribədir”, – deyə o bildirib.
Ermənistanın Respublika Partiyasının funksioneri Eduard Şarmazanov isə Nikol Paşinyan hökumətini Türkiyədən sərəncam almaqda ittiham edib.
ABŞ, Fransa, Almaniya, İtaliya, Rusiya, Kanada və başqaları da daxil olmaqla 30-a yaxın ölkə Osmanlı Türkiyəsindəki “erməni soyqırımı”nı tanıyıb.
İsveçrə də “erməni soyqırımı”nın inkarını cinayət hesab edib.
ABŞ Prezidenti Co Bayden 2021-ci ilin 24 aprelində Osmanlı dövründə ermənilərin qətlə yetirilməsini “soyqırımı” kimi xarakterizə edib.
Co Baydeninin açıqlamasını əsassız, ədalətsiz və həqiqətə zidd adlandıran Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, bəyanatdakı ifadələr radikal erməni dairələrinin və anti-Türkiyə qruplarının təzyiqi ilə yer alıb:
“Tarixi hadisələri araşdırmaq, həqiqəti üzə çıxarmaq siyasətçilərin yox, tarixçilərin öhdəsinə buraxılmalıdır. Erməni iddiaları ilə bağlı illərdir ki, dilə gətirilən birgə tarix komissiyasının yaradılması təklifimizə hələ də cavab ala bilməmişik. Biz öz arxivlərimizi tamamilə bu komissiyaya açacağımızı öhdəmizə götürmüşük, lakin hələ də Yerevandan cavab ala bilməmişik”.
“II Dünya müharibəsindən əvvəl Osmanlı torpaqlarında ümumi erməni əhalisi 1 milyon 300 min nəfər olaraq qeyd edilir. Mən sənədlə danışıram. Hazırda arxivimizdə 1 milyondan çox sənəd var, gəlib yoxlaya bilərlər. Maraqlıdır, Amerikanın arxivində bu mövzuda nə qədər sənəd var, bu sənədləri aça bilərlərmi? Avropada mövcuddursa, açıla bilərmi? Amma indiyədək zənglərimizə cavab verə bilməyiblər”, – deyə o vurğulayıb.
Ərdoğanın sözlərinə görə, 1 milyon 300 min əhalinin təxminən 350 mini müharibə zamanı Rusiyaya, 500 mini isə İrana keçib.
Prezident qeyd edib ki, Amerikanın öz hesabatlarında belə köçürülmə və məskunlaşmaya məruz qalanların sayı ən çox 600 min, real sayı isə ondan da azdır:
“Osmanlı erməni əhalisinin köçürülməsi prosesində epidemiyalar, ictimai asayişin pozulması və ya təhlükəsizlik qüvvələri ilə qarşıdurmalar nəticəsində həyatını itirənlərin sayı 150 minə çatırdı. Təbii ki, bu 150 min insanın hər biri bir həyat və əhəmiyyətli bir rəqəmdir. Erməni tarixçiləri və siyasətçiləri özləri də etiraf edirlər ki, bir sıfır əlavə etməklə real rəqəmlər şişirdilir. Erməni tarixçiləri də itkilərin çoxunun cəbhədəki müharibələrdə baş verdiyini bildirirlər”.
Professor Cəmil Həsənli Nikol Paşinyanın bu addımını “soyqırımı”ndan imtina kimi qəbul etmir:
“Amma Baş nazirin bu təşəbbüsü irəliyə doğru bir addımdır. Çünki uzun müddətdir ki, soyqırımı məsələsini tarixi prizmadan çıxarıb siyasiləşdiriblər. Türkiyənin müraciətlərinə baxmayaraq Ermənistan dövləti bununla razılaşmadı. Paşinyana qədər Ermənistan hakimiyyəti “soyqırımı”ndan siyasi məqsədlər üçün istifadə etdikləri üçün təklifi yaxın buraxmırdılar. İndi demək olmaz Paşinyan “erməni soyqırımı”ndan imtina edir. Bu məsələ dəqiqləşdirmələrin hansı nəticələr verəcəyindən asılı olacaq və bundan sonra Ermənistan dövlətinin hansı qərarı verəcəyini görəcəyik. Ancaq ümumilikdə irəliyə doğru addımdır”.
“Hələ 2013-cü ildə Osmanlı imperatorluğunun dəvəti ilə fransız əhali sayımı təşkilatı siyahıya alınma keçirmişdi, ən etibarlı siyahıya alınma sayılırdı, çünki təşkilat peşəkar idi. Onların məlumatına görə, 1 milyon 259 min erməninin Osmanlı imperiyasında yaşadığı bilindi. Amma ermənilər 1 milyon 500 min nəfərin soyqırıma məruz qaldığını iddia edir. Şübhəsiz ki, soyqırımı harda baş veribsə, əhalinin sayından asılı olmayaraq onu pisləmək lazımdır. Lakin əvvəlcə onu sübut etmək lazımdır. Ona görə Paşinyanın addımı məsələlərin dəqiqləşdirilməsi baxımından doğrudur. Amerikalı alim Günter Levinin bu barədə araşdırması var. Günter Levi çoxlu faktlar əsas gətirərək göstərdi ki, həmin dövrün məhkəmələri də ermənilərin iddialarını təmin etməyib”, – deyə Həsənli əlavə edib.
Professorun fikrincə, itkilərlə bağlı dəqiqləşmələr üçün Rusiyanın tarix arxivi daha etibarlıdır:
“Həmin arxivdə bununla bağlı 10 minlərlə sənəd var. Çünki almanlardan, ingilislərdən və fransızlardan fərqli olaraq Rusiyanın hərbi-siyasi və diplomatik, təhlükəsizlik orqanları bilavasitə bölgədə olduğundan hər hadisə haqda Qafqaz Ordusu Baş Qərargahına və Hərbi Nazirliyinə məlumatlar göndərirdilər. Onlar Avropadan gəlib Qafqazda döyüşən erməni könüllülərinin reallığı əks etdirən məktublarını belə rus dilinə tərcümə edib arxivləşdiriblər”.
Konfliktoloq Arif Yunus Meydan TV-yə deyib ki, Nikol Paşinyan “soyqırımı”ndan imtina etmir:
“Məsələ tamamilə fərqlidir, xatırlayırsınızsa, Nikol Paşinyan bir neçə gün əvvəl parlamentdə tarixi və real Ermənistanın fərqini, birincinin ikinciyə təhlükə yaratdığını demişdi. O, tarixi Ermənistanın hazırkı Ermənistan cəmiyyətinə mənfi təsir göstərdiyini və qonşularla normal münasibətlər qurmağa imkan vermədiyini vurğulamışdı. Baş nazir qonşular dedikdə Türkiyə və Azərbaycanı nəzərdə tuturdu. Hələ 2008-ci ildə Türkiyənin Prezidenti Ərdoğan erməni həmkarı Serj Sarkisyana təklif etdi ki, tarixi tarixçilərin öhdəsinə buraxın, biz isə siyasətlə məşğul olaq”.
“Paşinyan da deyir ki, 100 il əvvəlki hadisələr münasibətlərə təsir göstərməməlidir, tarixdə baş verənləri isə tarixçilər araşdırsınlar. Elə Andranik Koçaryan da çoxlu məsələləri bilmədiklərini, xüsusən sayı qabardır və rəqəmlərdən misal gətirir. Andranik Koçaryan açıq şəkildə cəmiyyətə mesaj verdi ki, sabah Türkiyə ölənlərin adını istəsə, verə bilməyəcəklər”, – deyə o qeyd edib.
Arif Yunusın fikrincə, Ermənistan cəmiyyətində təkcə Türkiyə yox, Azərbaycanla bağlı da səhv stereotiplər var:
“Paşinyan da bu vəziyyəti dəyişmək istəyir. Paşinyan Ermənistanda dərsliklərin də dəyişməsini istəyir, çünki bunlar da xalqların və dövlətlərin münasibətlərinə mənfi təsir edir. İndi həmin erməniləşmə, uydurma nağıllar Azərbaycanda başlayıb. Heç kimə sirr deyil ki, soyqırımı terminini yəhudi hüquqşünas gündəmə gətirib və 5 il sonra BMT-də bu barədə xüsusi qətnamə qəbul olunub. Bununla da 1948-ci ilə qədər baş verənlərin soyqırımına aidiyyatı yoxdur. Söhbət 1915, 1918, yaxud 1932-ci ilin “Qolodomor” hadisələrindən gedir”.