Azərbaycanın Xarici İşlər Nazirliyi isə sülh sazişinin mətninə dair danışıqların davam etdirildiyini deyir
Yerevanın Azərbaycana sülh prosesi çərçivəsində gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif etdiyi bildirilir.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu barədə danışıb.
“Ermənistanın konkret məsələlərə yanaşması aydın şəkildə ifadə olunub, biz bütün məsələlərin həlli yollarını təklif etmişik”.
Qriqoryan xatırladıb ki, Ermənistan Azərbaycana artıq “Dünyanın kəsişməsi” layihəsini təqdim edib.
“Regiondakı mühasirəni yarmaq üçün baxışımız “Dünyanın kəsişməsi”dir. Biz bu istiqamətdə irəliləməyə davam edirik və sülh gündəmi prioritetimiz olaraq qalır. Biz sülh istəmirik, bütün mövcud məsələlərin sülh yolu ilə həllini təklif edirik, bundan sonra da gündəmimiz çərçivəsində qalacağıq”, – katib bildirib.
Sülh sazişinin mübahisəli məqamları ilə bağlı müəyyən razılaşmanın olub-olmaması məsələsinə gəlincə, Qriqoryan deyib ki, Yerevan Bakıya iki razılaşdırılmamış bəndlə bağlı təkliflərini göndərib:
“Biz bu iki bəndlə bağlı Azərbaycan tərəfinə tövsiyələrimizi göndərmişik və onların cavabını gözləyirik, ümid edirik ki, həll yolu tapılacaq”.
Azərbaycanın Xarici İşlər Nazirliyindən “Turan”a sülh sazişinin mətninə dair danışıqlar davam etdirildiyi bildirilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci il yanvarın 9-da rəsmi “Facebook” hesabında paylaşdığı postda Minsk qrupunun buraxılması ilə bağlı addımı atmağa hazır olduğunu bəyan edib.
Baş nazir ATƏT-in Minsk qrupunun mümkün ləğvini Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması ilə əlaqələndirib. Paşinyanın sözlərinə görə, belə bir addıma cavab olaraq rəsmi Bakı da müasir Ermənistan ərazisinin çox hissəsini “Qərbi Azərbaycan” adlandırmağı dayandırmalıdır.
2025-ci il yanvarın 13-də Ermənistan Baş nazirinin ofisindən bildirilib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) Dağlıq Qarabağ üzrə Minsk qrupunun buraxılması ilə bağlı müraciət imkanı nəzərdən keçirilir.
ABŞ, Fransa və Rusiyanın üzv olduğu Minsk qrupu 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq üçün yaradılıb. Prezident İlham Əliyev çıxışlarında qrupun işini “fəaliyyətsiz” adlandırıb.
Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasının ilkin şərtləri sırasına Minsk qrupunun ləğvini daxil edib.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.