“Proses sovet dövrünün ən son və qanuni xəritələri əsasında aparılmalıdır”
Ermənistan və Azərbaycanın altıncı dəfədir ki, sülh müqaviləsi ilə bağlı təkliflər mübadiləsi apardığı bildirilir.
Bu barədə noyabrın 3-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlament komissiyalarının birgə iclasında danışıb.
Nazir deyib ki, Qarabağda son hadisələr, etnik təmizləmə, əhalinin məcburi deportasiyası Ermənistanın və bütövlükdə regionun təhlükəsizliyi üçün yeni risklər və çağırışlar yaradıb:
“Ancaq bunlara rəğmən Yerevanın sülh gündəliyinin həyata keçirilməsi istiqamətində kursu davam edir”.
Diplomat Ermənistanın Qranadada sülh gündəliyinin həyata keçiriləcəyinə ümid etdiyini vurğulayıb:
“Təəssüf ki, Azərbaycan Prezidenti bu sammitdə iştirak etməyi zəruri və ya məqsədəuyğun hesab etmədi. Buna baxmayaraq, Qranadada bəyannamə imzalanıb ki, bu, faktiki olaraq Azərbaycanla gələcək sülh müqaviləsinin bağlanması üçün əsasdır”.
Ararat Mirzoyan bildirib ki, sülh sazişinin birinci prinsipi ərazi bütövlüyünün tərəflər tərəfindən qarşılıqlı tanınmasına aiddir:
“Ermənistan bu məsələdə maksimum konkretliyi təmin etmək istəyir. Müqavilənin ikinci prinsipi iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Proses sovet dövrünün ən son və qanuni xəritələri əsasında aparılmalıdır. Bu xəritələr 1974-1978-ci illərdə tərtib edilib. Ümumilikdə delimitasiya SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlər əsasında aparılmalıdır”.
Nazirin sözlərinə görə, bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən anlaşılır:
“Ümumiyyətlə, Azərbaycan tərəfinin də oxşar anlayışı var”.
O, üçüncü prinsipin regional kommunikasiyaların bloklanmasına aid olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, Ermənistan nəinki blokun açılmasına qarşı deyil, həm də özünü bu kommunikasiyaların açılmasından əsas faydalananlardan biri hesab edir.
Oktyabrın 20-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Yerevanın Bakıdan təkliflər aldığını demişdi. Amma Vahan Kostanyan hələlik yeni yazılı təklif təqdim etmədiklərini, müzakirələr apardıqlarını və cavab paketi hazırladıqlarını əlavə etmişdi.
Oktyabrın 30-da Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla sülhün bərqərar olmasına və münasibətlərin nizamlanmasına töhfə verə biləcək üç əsas prinsipin razılaşdırıldığını bildirmişdi.
Meydan TV Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın söylədikləri ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadəyə sorğu göndərib.
Ayxan Hacızadə cavab verib ki, hələlik heç bir münasibət yoxdur:
“Olsa, yayacaqlar”.
Ancaq bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “Böyük Qələbənin 3-cü ildönümü: Münaqişədən sonrakı dövrün çağırışları və imkanları” mövzusunda keçirilən simpoziumda yerli jurnalistlərə deyib ki, Bakı-Yerevan arasında sülh sazişi 3 əsas prinsip üzərində qurulacaq ki, bura ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması, delimitasiya və nəqliyyat yollarının açılması daxildir.
Ararat Mirzoyanın xəritələrlə bağlı söylədiklərini Meydan TV-yə şərh edən “Xəzər Hərbi Tədqiqatlar İnstitutu”nun rəhbəri, hərbi ekspert Cəsur Məmmədov bu barədə rəsmi məlumatın olmadığını vurğulayıb.
Cəsur Məmmədov deyir ki, başqa mənbələrdə yayılan xəritələrdə hazırda Azərbaycanın inzibati sərhədləri hüdudunda olan bölgələrin bir hissəsi o zaman Ermənistanın tərkibində olub:
“Məsələn, Kəlbəcər rayonunda belə ərazilər var, amma çox böyük ərazilər deyil. Ona görə 1974-1978-ci illər xəritələri haqda ictimaiyyətə məlumat verilməlidir, yəni Yerevan konkret xəritə təqdim edəndən sonra ciddi müzakirə aparmaq olar. Güman ki, Yerevanda bundan sonra Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistanın daxilində olacağını düşünürlər. Bu baxımdan Ermənistan maraqlıdır ki, məhz göstərilən illərin xəritələri istifadə olunsun”.
Ancaq Cəsur Məmmədov düşünür ki, bir çox illərdə Azərbaycan torpaqları Ermənistana verilib:
“Söhbət Zəngəzur və Göyçə ərazilərindən getmir. Bir sıra otlaq əraziləri SSRİ dövründə Ermənistana verilib. Məhz Qazax rayonunun kəndlərinin Azərbaycandan ayrı düşməsinin səbəbi həmin otlaq ərazilərinin Ermənistana verilməsi idi. Əslində, Azərbaycanın daha çox haqqı var ki, xəritə məsələsində özünü haqlı tərəf kimi ortaya qoysun. Bu mənada Ermənistan 30 ilə yaxın işğal illərində Azərbaycana vurduğu ziyanın əvəzini ödəməlidir”.
O, sovet dövrünün xəritələrində sərhədlərin daha çox dağların zirvəsindən keçdiyini vurğulayaraq əlavə edib ki, həmin zirvələr strateji nöqtələr olduğundan Azərbaycanın nəzarətində olmalıdır:
“Bunlar ona görə lazımdır ki, gələcəkdə Ermənistanda hansısa revanşist qüvvələr hərəkətə keçməsinlər. Rəsmi Bakı delimitasiya və demarkasiya prosesində elə strateji mövqelər götürməlidir ki, bütün Ermənistan sərhədi Azərbaycanın silahlı qüvvələrinin nəzarətində olmalıdır. Belə olduqda, gələcəkdə müharibələrdən qaçmaq imkanı yaranacaq. Əks təqdirdə, Ermənistan yenidən silahlanacaq. Görürsünüz ki, Ermənistan son həftələrdə Fransayla hərbi müqavilə imzaladı, yeni silahlar almaq barədə razılaşma oldu. Ermənistanın silahlanmasının qarşısının almasının yeganə yolu onların ərazilərinə nəzarəti gücləndirməkdir. Mən Ermənistanın ərazilərinə müdaxilədən danışmıram, mən sərhəd xətlərində strateji mövqelərə sahiblənməklə bu ölkənin hərbi fəaliyyəti nəzarətə götürülməsini qeyd etdim”.
Ekspert delimitasiya və demarkasiya prosesinin çox vaxt alacağını hesab edir:
“Burada xəritələrə yanaşmada fərqlərin olmasıdırsa, digəri hər iki ölkənin nəzarətində bir-birinin əraziləri var ki, onların taleyi narahatlıq doğurur. Mən inanmıram ki, Bakı Laçın, Kəlbəcər rayonları istiqamətindəki strateji nöqtələrdən imtina etsin, çünki bununla hərbi üstünlük əldə olunur. Ona görə delimitasiya və demarkasiya danışıqları uzanacaq. Ümumiyyətlə, Naxçıvana dəhliz açılandan sonra bu proses həyata keçirilə bilər”.
İkinci Qarabağ münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Bu il sentyabrın 28-də Qarabağda fəaliyyət göstərən separatçı rejimin rəhbəri Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Dövlət başçısı Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Prezident Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında indiyə kimi sülh sazişi imzalanmayıb.