Qriqoryan Ermənistanın prosesdə intensiv işləməyə hazır olduğunu deyir
Ermənistan Azərbaycandan sülh müqaviləsi üzrə 10-cu təkliflər paketini alıb.
Bunu jurnalistlərlə söhbətində iyunun 26-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
İyunun 7-də Ermənistan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün vaxt yetişib.
Nazirlik yaxın bir ay ərzində sazişin başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğunu vurğulamışdı.
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da prosesin kifayət qədər dinamik olduğunu, bəzən irəliləyişin, bəzən isə olmadığını bildirib.
A.Qriqoryan təkliflər paketinin detallarına varmayıb.
İyunun 4-də Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyi məlum olub.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da bildirmişdi ki, bu ilin noyabrına qədər Ermənistanla sülh sazişinin imzalanması kifayət qədər realdır.
Eyni zamanda, o qeyd edib ki, bu sənədin imzalanması “Ermənistan Respublikasının Konstitusiyasını dəyişdirmədən mümkün deyil”.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.