Qriqoryan deyir ki, bu, Ermənistanın yanvarın 4-dəki təklifinə cavabdır
Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri və Baş nazirin müavinlərinin görüşəcəkləri bildirilir.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli jurnalistlərə deyib.
Qriqoryan görüşün vaxtı və yerinin hələ ki dəqiqləşdirilmədiyini bildirib.
O qeyd edib ki, Ermənistan sülh müqaviləsinin Azərbaycan variantını alıb və bu, Ermənistanın yanvarın 4-dəki təklifinə cavabdır:
“Biz işimizi davam etdiririk. Düşünürəm ki, Xarici işlər nazirləri görüşəndə sülh müqaviləsini müzakirə edəcəklər”.
Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Mirzoyan-Bayramov görüşünün ikitərəfli, yoxsa vasitəçilərin iştirakı ilə olacağı hələlik bəlli deyil.
O, Azərbaycan qoşunlarının çıxarılmasının Ermənistanın gündəliyində olduğunu deyib:
“Biz bu məsələdə Azərbaycanla razılığa gəlməyə çalışacağıq, çünki bu, hər iki tərəfin razılaşdığı məsələdir. Ermənistan tamamilə əmindir ki, qoşunların aynalı (güzgü şəklində) çıxarılması insidentlərin qarşısını almaq üçün ən yaxşı vasitələrdən biridir. Silahlı Qüvvələr müəyyən məsafədə yerləşərsə və sərhəd qoşunları bütün sərhəd boyu yerləşdirilərsə, təbii ki, bu, sabitlik amili olar”.
Lakin Armen Qriqoryan rəsmi Bakının qoşunların güzgü şəklində çıxarılmasına qarşı olduğunun məqsədini izah etməkdə çətinlik çəkib:
“Müxtəlif versiyalar ola bilər, lakin bu bizim gündəliyimizdə olan bir məsələdir və biz onu müzakirə etməyə davam edirik”.
Azərbaycanın Xarici İşlər Nazirliyi Armen Qriqoryanın söylədiklərinə hələlik reaksiya verməyib.
Yanvarın 27-də Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov bildirmişdi ki, Bakı ayın əvvəlində Yerevandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb:
“Hazırda biz də qarşı tərəfə cavab üzərində çalışırıq. Hesab edirəm ki, növbəti həftələr ərzində böyük ehtimalla bizim tərəfimizdən Ermənistana cavab təqdim olunacaq. Düşünürəm ki, 2024-cü ildə sülh müqaviləsi ilə əlaqədar ölkələr arasında fiziki görüşlər prosesi də davam edəcək”.
Qoşunların aynalı çıxarılmasına gəlincə, 2023-cü ilin dekabrın 14-də Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında Ermənistanın sərhəddən hər iki ölkənin qoşunlarının çəkilməsi təklifini qəbuledilməz saymışdı.
Ceyhun Bayramov deyirdi ki, Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb:
“Tam sərhəd üzrə razılıq olmayan bir zamanda qoşunlar sərhəddən çəkilərsə, orada nələrin baş verə biləcəyinə kim zəmanət verə bilər? Bu təklif Azərbaycan tərəfi üçün qəbuledilən deyil. Azərbaycan Ordusu bu gün öz sərhədlərini qoruyur”.
“Mən sərhədlərdən qoşunların çəkilməsi ilə bağlı Ermənistan Xarici işlər nazirinin açıqlaması ilə razı deyiləm. Azərbaycan Ordusu 30 ildən sonra şəhidlər verərək öz sərhədlərini bərpa edib. Azərbaycan sərhədləri yalnız Azərbaycan əsgərləri tərəfindən qoruna bilər”, – deyə o vurğulamışdı.
Bayramov həmçinin demişdi ki, Ermənistanın təqdim etdiyi təkliflər paketi əvvəlkilərlə eyni deyil:
“Yeni təkliflər paketində nikbinlik var”.
Amma nazir detallara toxunmamışdı.
Münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.