SSRİ-nin kriminal tarixinin ən heyrətamiz cinayəti
Sovet adamları bank soyğununu yalnız əxlaqsız, çürüməkdə olan Qərb həyatından bəhs edən filmlərdə görürdülər. Çiçəklənməkdə olan sosializmdə yaşayan, yüksək mənəvi dəyərlərə malik olan sovet adamının belə bir cinayətə imza atacağı ağlagəlməz idi.
Hərçənd, sovet dövlətinin əsasını qoyanlar bu işə heç də nabələd deyildilər. Məsələn, 1907-ci ildə Stalin və Kamonun rəhbərlik etdiyi bir qrup bolşevik Tbilisidə bankına pul aparan karetaya hücum etmişdilər. 341 min rublun (indiki kursa çevirəndə 4 milyon dollara yaxın) oğurlanması ilə nəticələn aksiya o qədər amansız həyata keçirildi ki, 40-a yaxın adamın ölümü ilə nəticələndi.
Lakin sovet hakimiyyəti zamanı müxtəlif soyğunlar olsa da, bank qarəti heç zaman baş vermirdi. Bunun bir səbəbi də o idi ki, SSRİ-də şəxsi əmlakla müqayisədə sosialist, yəni dövlət əmlakına oğurlayanlara daha ağır cəza verilirdi. Belələri hətta ölüm cəzasına məhkum edilə bilərdilər. Buna görə də peşəkar cinayətkarlar banklardan uzaq gəzir, qeyri-peşəkarların isə belə qarət üçün resursu adətən olmurdu.
***
8 avqust 1977-ci il, bazar ertəsi. İki qeyri-iş günündən sonra Ermənistan dövlət bankında adi günlərdən biridir. Bir neçə məsul şəxs hansısa səbəbdən ikinci mərtəbədə yerləşən və nağd vəsaitin saxlanıldığı otağa yollanırlar. Bura yalnız bir qapısı olan, pəncərəsiz bir otaqdır. Pullar bağlama şəklində sadəcə rəflərə düzülüb. Seyflər, metal dolablar yoxdur. Axı belə şeylərə xərc çəkmək nəyə lazımdır?
Lakin içəri girənlər rəflərdən xeyli pulun yoxa çıxdığını görürlər. Bu inanılmazdır, axı qapı bağlı idi, siqnalizasiya qoşulmuşdu, kimsənin oradan girməyi mümkün deyil. Başqa hər tərəf isə qalın divardır, oğru kabus kimi onu keçə bilməz ki… Bu zaman bank işçilərindən birinin gözü tavana sataşır və orada elə də böyük olmayan dəlik açıldığını görür. Sehr yoxa çıxır, yerini fakt tutur: bank qarət olunub.
Qısa müddət sonra Ermənistan hüquq-mühafizə orqanlarının rəhbərliyi cinayət yerində idilər. Onlar heyrət içində qarətin necə baş verməsini müəyyənləşdirməyə çalışırdılar. Bunu etmək isə heç də asan deyildi. Qarətçilər oğurluq üçün çox güman ki, cümə günü işdən sonrakı vaxtı seçmişdilər ki, xəbər tutulana qədər Ermənistandan çıxsınlar. Qalan məsələlər isə qaranlıq idi.
Dövlət bankı üçmərtəbəli binada yerləşirdi. Onun birinci mərtəbəsi əsas iş yeridir. İkinci mərtəbədə pullar saxlanılır, təmir işləri aparılan üçüncü mərtəbənin təyinatı barədə dəqiq məlumata rast gəlmədim, bir mənbədə onun istirahət yeri olduğu yazılır. Qarətçinin buradan deşik açaraq aşağı düşdüyü məlumdur, amma üçüncü mərtəbənin özündə necə peyda olması hələ bilinmir.
Bina başqa bir yaşayış binası ilə eyni divara malikdir, lakin bu divarda heç bir xəsarət yoxdur. Əvəzində pəncərələrdən birində barmaqlıqlar çıxarılıb (yəqin ki, təmir ilə əlaqədar olaraq), pəncərə hətta örtülməyib. Görünür, cinayətkar(lar)ın binaya daxil ola biləcəkləri yeganə yol budur. Amma necə?
Pəncərədən müəyyən məsafədə və ondan bir qədər hündürdə qonşu binanın damı yerləşir. Qaqrada istirahətini yarımçıq qoyub təcili geri dönən daxili işlər naziri Yevgeni Patalov qarətçinin damdan pəncərəyə tullandığını iddia edir. İlk baxışda ağlasığmaz və çox təhlükəli görünən bu versiya sonda yeganə mümkün variant kimi qəbul olunur.
Bundan sonra istintaq bank işçilərinin qarətlə əlaqəsini araşdırır. İstənilən oxşar hadisə zamanı belə bir ehtimalın yoxlanılmasından əlavə, bu dəfə şübhələri əsaslı edən iki hal var idi. Birinci, bayaq yazdığım, pəncərənin örtülməməsi faktı idi ki, təsadüfi səhlənkarlıqdan daha ciddi bir şey ola bilərdi.
İkinci fakt isə ondan ibarət idi ki, ikinci mərtəbənin tavanından dəlik açılarkən beton parçaları döşəməyə düşərək səs çıxarmalı idilər. Bu səsləri isə birinci mərtəbədə gecə mühafizəsini təşkil edən iki nəfər milis işçisi eşitməyə bilməzdi. Bəlkə onlar qarətçilərlə əlbir olublar, yaxud hətta özləri qarətdə iştirak ediblər.
Sorğu-sualdan sonra pəncərənin bankın təsərrüfat müdirinin səhlənkarlığı üzündən açıq qaldığı aydın olur. Qiymətli heç bir əmlak olmayan, təmir gedən, üstəlik üçüncü mərtəbədə yerləşən otağın pəncərəsinin örtülüb-örtülməməsinə ciddi önəm verilməmişdi.
Qarət baş verən gün növbədə olan milislərdən isə heç biri tavanda açılan dəlikdən keçəcək cüssəyə malik deyildilər. Diametri cəmi 34 santimetr olan bu dəlikdən yetkin insanın keçməsi ümumiyyətlə inanılmaz görünürdü. Bununla belə, milis işçilərinin suallara dolaşıq ürkək cavabları onlarla bağlı şübhələri dağıtmır.
İstintaq üçüncü mərtəbədəki otaqda tapılan uşaq çətirinə daha ciddi diqqət ayırır. Nəhayət, məlum olur ki, qarətçi divarda dəlik açandan sonra çətiri oradan aşağı sallayıb və açıb. Bundan sonra qopardılan parçalar döşəməyə deyil, çətirə düşüb, buna görə də birinci mərtəbədəki milislər heç nə eşidə bilməzdilər. Bununla da qarətin təxmini süjeti aşkar edilir.
Bankdan oğurlanan məbləğ isə sovet dövrü üçün astronomik idi – 1,5 milyon rubl. Bu çəkiyə çevriləndə 32 kilqoram edirdi. Qarətçi bu qədər pulu götürərək yenidən kiçik dəlikdən üçüncü mərtəbəyə qalxmış və çox güman ki, yenə də qonşu binanın damı vasitəsilə uzaqlaşmışdı.
***
Sovet vətəndaşı üçün 1,5 milyon rublun nə demək olduğunu təsvir etmək çətin vəzifədir. İnternet resursları 1977-ci ildə SSRİ-də orta əmək haqqının həddi barədə tam yekdil olmasalar da, 150 rubla yaxın bir məbləğ göstərirlər. Başqa sözlə, oğurlanan vəsait 10 000 orta aylıq əmək haqqına bərabər idi.
SSRİ-də əmək haqları ilə müqayisədə avtomobillər kifayət qədər baha idilər. 1977-ci ildə ölkənin ən prestijli avtomobili sayılan "QAZ-24 Volqa"nın qiyməti 9453 rubl idi. Bu pulu halal yolla toplamaq çox az sayda sovet vətəndaşına müyəssər olurdu. İrəvan qarətçiləri isə 158 "Volqa" ala bilərdilər.
O zaman Sovet İttifaqına rəhbərlik edən Brejnevin əmək haqqı 800 rubl idi. 18 il və 1 ay sürən hakimiyyəti dövründə Leonid İliç ümumən 173 600 rubl maaş almışdı. Göstərdiyim rəqəmlərdən Brejnevi və ümumiyyətlə SSRİ-ni öymək üçün tələsik istifadə etmək istəyənlərə mövzumuza aid olmasa da bəzi faktlar deyim.
Baş katib heç də 800 manatla dolanmırdı. 1973-cü ildə özü-özünə "Xalqlar arasında dostluğu möhkəmləndirməyə görə Beynəlxalq Lenin mükafatı" vermişdi. Bu mükafatın pul məbləği isə 25 000 rubl idi.
1978-ci ildə Brejnevin "Kiçik torpaq", "Dirçəliş" və "Xam torpaq" adlı memuarları çıxdı. Bu kitabların hər biri 15 milyon tirajla çap olundu. Onların hansı qiymətə satıldığını bilmirəm. SSRİ-də kitablar ucuz idi. Lakin hər nüsxədən sadəcə 10 qəpik qalsaydı, bir kitabın qazancı İrəvanda oğurlanan məbləğə bərabər idi.
Yəni bərabərliyin əsas şüar olduğu "fəhlə-kəndli dövləti"nə rəhbərlik edən Leonid İliç rəsmən milyonçu idi. Özü də əsərlərini özü yazmadığını nəzərə alsaq (bu artıq təsdiq olunmuş faktdır) başqalarının istismarı hesabına milyonçu olmuşdu.
Lakin Baş katib hətta bununla da kifayətlənmədi. Sözügedən trilogiyaya və eləcə də "sülh uğrunda yorulmaz fəaliyyətinə görə" 1979-ci ildə özünü ədəbiyyat üzrə Lenin mükafatına (yuxarıdakı Beynəlxalq Lenin mükafatı ilə qarışdırmamalı) layiq gördü. Bu mükafatın pul məbləği isə 10 000 rubl idi. Lakin qayıdaq İrəvanda oğurlanan pulun dəyərinə.
1977-ci ildə dolların sovet rubluna nisbətən rəsmi kursu (bu kurs bazarla deyil, inzibati yolla tənzimlənirdi) 74 qəpik idi. Başqa sözlə desək, Yerevanda oğurlanan pulun məbləği 2 milyon dollara ekvivalent idi. Lakin dolların vətəni ABŞ-dan fərqli olaraq SSRİ-də bu qədər pulu xərcləmək asan məsələ deyildi.
1,5 milyonu yalnız bir şəhərdə – Moskvada xərcləmək olardı, hətta orada da bunun üçün xeyli "çalışmaq" lazım idi. Buna görə də xəfiyyələrin diqqəti Moskvaya yönəldi. Burada yenicə pullanmış insanlar, xüsusən də ermənilər haqqında məlumat toplanmağa başlanıldı.
Eyni zamanda müstəntiqlərə ümid verən başqa bir nüans vardı – pulun 1 milyona yaxın hissəsi yenicə çap olunmuş АИ seriyalı yüzlük əskinaslar idilər. Onlar bir çox şəhərə göndərilmiş, lakin hələ dövriyyəyə buraxılmamışdılar. Kremldən verilən göstərişlə onların dövriyyəyə buraxılması dayandırıldı.
Nəhəng ölkənin bütün banklarına, əmanət kassalarına, külli miqdarda pul daxil ola biləcək bütün obyektlərinə АИ seriyalı yüzlük əskinas təqdim edən şəxslərin görünüşünə, statusuna baxmayaraq dərhal saxlanılması göstərişi verildi. Xüsusən Moskvada restoranlar, mağazalar, bazarlar milis və KQB agenturası tərəfindən nəzarətə götürüldü.
SSRİ-də analoji hallar barədə əhaliyə açıq məlumat verilmirdi. Buna görə də görülən tədbirlər müxtəlif şayiələrin yaranmasına səbəb olur. Daha çox yayılan şayiə ondan ibarət idi ki, dövriyyədə külli miqdarda saxta yüzlüklər var. Bu da əhali arasında həmin əskinaslara qarşı böyük inamsızlıq yaradır.
***
Ermənistanın hüquq-mühafizə orqanları cinayətkar aləmin liderlərilə də əlaqə yaradaraq məsələnin ciddiliyini anlatmağa çalışırlar. O zaman ən nüfuzlu erməni "qanuni oğru" sayılan Svo Raf (Rafael Baqdasaryan) onları əmin edir ki, bu işi törədənlər peşəkar cinayət aləmin üzvləri deyillər.
Bir neçə ay sürən nəticəsiz axtarışlardan sonra Özbəkistanın paytaxtı Daşkənddən xəbər gəlir. Buradakı əmanət kassalarında АИ seriyalı əskinaslar peyda olur. Oğurluqdan bir müddət keçməsindən sonra Daşkənddə qadağanı artıq unutmağa başlamışdılar. Bundan istifadə edən soyğunçular 100 min rubl dəyərində sovet istiqrazları alaraq aradan çıxırlar.
Baş verən hadisə ciddi uğursuzluq olsa da müstəntiqlərə müəyyən ipucu verir. Onlar öyrənirlər ki, cinayətkarlar yüzlük əskinasların izlənildiyini, yaxud da izlənilə biləcəyini anlayırlar və onlardan müxtəlif hiylələrlə qurtulmağa çalışırlar. Bu zaman isə istədikləri zaman satıb yenidən pula çevirə biləcəkləri istiqrazların alışına üstünlük verirlər.
Bundan sonra əmanət kassalarına göndərilən təlimatlarda az-çox əhəmiyyətli miqdarda istiqraz almaq istəyən, xüsusən də əvəzini yüzlük əskinaslarla ödəməyə çalışan qafqazlı şəxslərə diqqət yetirmək tapşırılır. Əgər əskinaslar АИ seriyası ilə olardısa, dərhal milis çağırılmalı idi.
***
1978-ci iyunun əvvəllərində Moskvanın Çertanovo rayonunda yerləşən kiçik əmanət kassalarının birində qəribə hadisə baş verdi. Kassaya yaxınlaşan şəxs 6 min rubl dəyərində istiqraz almaq istədiyini söylədi. Şəxsin slavyan görünüşlü olmasına görəmi, yoxsa nədənsə, kassir qız aldıqları təlimatı xatırlamadı, halbuki vətəndaşın əlində 60 ədəd yüzlük əskinas vardı.
Kassirdə olan istiqrazların yalnız 3 min rubl dəyərində idi. O, bu istiqrazları müştəriyə verdikdən sonra çatışmayanları gətirmək üçün içəri otağa yönəldi. Burada iş yoldaşlarından biri ilə söhbətə başı qarışdığndan ləngidi, geri dönəndə isə müştəri kassada yox idi. Çölə baxarkən onun yaşıl rəngli "Moskviç" avtomobilinə minərək sürüb getdiyini gördü.
Müştəri 6 min rubl dəyərində istiqrazın pulunu ödəmiş, əvəzində yalnız 3 min dəyərində alaraq getmişdi. Bu qəribə hadisədən sonra sözügedən qadağa kassirin yadına düşdü, yoxsa daxili dürüstlüyündənmi, pulu mənimsəmədi, rəhbərliyə, onlar da milisə xəbər verdi. Bu zaman əskinasların АИ seriyalı olduğu üzə çıxdı.
Kassir xanım yaxşı yaddaşa malik idi və müştərinin fotorobotunun tərtibinə kömək etdi. Bu fotorobot və yaşıl "Moskviç" axtarışlarda yeni ipucu oldu. O zaman sovet vətəndaşlarının çox az hissəsi şəxsi avtomobili ilə öyünə bilərdi. Buna görə də yaşıl "Moskviç" hətta fotorobotdan daha əhəmiyyətli fakt idi.
Hadisələrin sonrakı inkişafı barədə mənbələrdə fərqli versiyalara rast gəlinir. Məsələn, bir sahə müvəkkilinin yaşıl "Moskviç"ə minən rus və iki Qafqaz görünüşlü şəxsi təsadüfən gördüyü söylənilir. Başqa mənbədə sahibənin öz evində kirayədə qalan ermənilərdə çoxlu pul olmasını milisə xəbər verməsi iddia olunur və s.
İnformasiyanın haradan və necə gəlməsindən asılı olmayaraq iyunun 6-dan 7-nə keçən gecə aparılan əməliyyat nəticəsində Nikolay və Feliks Kalaçyan adlı iki əmioğlu həbs edilir. Onlardan milyon rubldan artıq pul, xeyli istiqraz götürülür. Pulların əsas hissəsi АИ seriyalı yüzlük əskinaslar idilər.
***
Nikolay Kalaçyan 1961-ci ildə Rusiyanın Krasnoyarsk vilayətində anadan olmuşdu. Dördüncü sinifdə oxuyarkən evdən qaçıb, qaraçı köçünə qoşulub. Müxtəlif qanuni və qanunsuz işlərlə, o cümlədən, narkotik satışı ilə məşğul olub. Həddi buluğa çatandan sonra müstəqil yaşamağa başlayıb, əsasən xırda-para oğurluqlardan əldə etdiyi gəlirlə dolanıb.
Bir dəfə isə ətrafına yığdığı bir neçə nəfərlə birlikdə əmanət kassasının divarını dələrək içəri daxil olub və bir neçə min rubl oğurlayıblar. Bu "uğur"dan sonra Nikolay daha böyük işlər barədə düşünməyə başlayır və Ermənistanda yaşayan əmioğlusu Feliksin bu sahədə ona ən yaxşı köməkçi ola biləcəyi qənaətinə gəlir.
Feliks Kalaçyan ucqar kəndlərin birində doğulsa da, Leninakanda (indiki Gümrü) yaşayırdı, artıq ailə qurmuşdu və iki övladı vardı. Ailə çətinliklə dolanırdı. Gəncliyində gimnastika ilə məşğul olan Feliks fiziki gücü və çevikliyi ilə seçilirdi. Məhz bu keyfiyyətlərinə görə Nikolay öz əmioğlusuna müraciət etmək qərarına gəldi.
Ciddi maddi sıxıntılar içində yaşayan Feliksi cinayətə təhrik etmək çətin olmadı. Əmioğlular əvvəlcə bir radiotexnika mağazasını soydular. Onlar mağazanın divarlarından birində dəlik açdılar və xeyli maqnitofon oğurladılar. Onların satışından 15 min rubl qazandılar.
İkinci cəhd isə, nə az, nə çox, dövlət bankının yarılmasını nəzərdə tuturdu. Müstəntiqlər qarətçilərə bankın içindən kömək edən olmasından şübhələnəndə sən demə haqlı imişlər. Amma Zaven Baqdasaryan adlı həmin adamdan heç kim şübhələnməmişdi. Pul saxlanan otağa girməyin ən optimal yolunun üçüncü mərtəbədən keçdiyini Kalaçyanlara məhz Zaven söyləmişdi.
Bununla belə, qarət planı bir qədər baş cür idi. Feliks Kalaçyan bank ilə eyni divarı olan binaya keçməli və buradan divarı dələrək üçüncü mərtəbəyə daxil olmalı idi. Daha sonra üçüncü mərtəbənin döşəməsi dəlinəcək və oradan aşağı düşəcəkdi. Lakin bu plan baş tutmadı. Bankla qonşu binaya daxil olan Feliks divarın çox qalın olduğunu, onu mexaniki burğu (drel) ilə dəlməyin mümkünsüzlüyünü anlayır.
Binanın damına çıxan keçmiş gimnast bankın üçüncü mərtəbəsindəki pəncərələrdən birinin barmaqlıqlarının çıxarıldığını, pəncərənin özünün isə açıq qaldığını görür. O, başqa yol olmadığı qənaətinə gəldikdə qonşu binanın damından bankın pəncərəsinə tullanmağı qərara alır. Bu olduqca təhlükəli, ölümlə nəticələnə biləcək tullanış idi, lakin uğurlu alınır.
Sonrakı hadisələr isə oxucuya artıq məlumdur. O qədər də böyük olmayan cüssəsi, həm də bədəninin elastikliyi hesabına 34 santimetrlik dəlikdən aşağı düşən qarətçi əsasən yüzlük əskinaslar seçir ki, bacardıqca çox məbləğ apara bilsin və üçüncü mərtəbədə bərkitdiyi iplə dırmanaraq yuxarı qalxır. Bu zaman 1977-ci il avqustun 5-i, cümə günü idi.
***
Feliksin ailəsinə müəyyən xərclik verən əmioğlular düşünüldüyü kimi Moskvaya yollanırlar. Burada 8 ay ərzində yemək-içməyə, eyş-işrətə, avtomobil almağa (iz itirmək üçün maşını Nikolayın məşuqəsi olan bir rus qızın adına alırlar) 100 min rubl xərcləyə bilirlər.
Nikolayın forslanmaq üçün tez-tez istifadə etdiyi bir fənd vardı. O, restoranda qızlarla çörək yeyərkən nəyisə bilərəkdən yerə salırdı. Daha sonra yarıqaranlıq zalda həmin əşyanı axtarmaq üçün bir yüzlük əskinas çıxarır və yandıraraq aşağı tuturdu. Bu zaman qızların keçirdiyi heyrət və məftunluq hissini yalnız təsəvvür etmək olar.
Amma və lakin bu kef-damağın ömrü, dediyim kimi, cəmi 8 ay oldu. Bir hissəsi yeni avtomobilin ehtiyat təkərinə doldurulan pullarla birlikdə Kalaçyanlar da İrəvana gətirildilər və məhkəmə qarşısına çıxarıldılar. Gözlənildiyi kimi onların hər ikisi ən ağır cəzaya – güllələnməyə, yardımçıları Zaven Baqdasaryan isə 11 il həbs cəzasına məhkum edilirlər.
Lakin maraqlıdır ki, Ermənistanın bir sıra tanınmış adamları, hətta deyilənlərə görə Ali Sovetin Rəyasət Heyətinin sədi Babken Sarkisov Kalaçyanların heç kəsi öldürmədiklərini və gənc olmalarını, pulun çox hissəsinin qaytarıldığını əsas gətirərək SSRİ rəhbərliyindən onların cəzasının yumşaldılmasını istəyirlər.
Eyni hadisənin Azərbaycanda baş verəcəyi təqdirdə yazıçı və şairlərimizin, xüsusən də o zaman Ali Sovetin Rəyasət Heyətinin sədri Süleyman Rüstəmin eyni addım atacağını təsəvvür etmək istədim, alınmadı. Çətin ki, "sosialist əmlakını oğurlayanlara, xalqın malına tamah salanlara" kiminsə ürəyi yanıb mərhəmət istəyəydi.
Kalaçyanların cəzası isə yümşaldıldı və 15 illik həbslə əvəz olundu. Lakin bu barədə qərar çox gec qəbul olundu və müvafiq sənədlər Moskvadan Yerevana yetişəndə onlar artıq güllələnmişdilər. SSRİ-nin kriminal tarixinin ən heyrətamiz cinayəti belə bir qeyri-adi sonluqla başa çatdı.