Yerevan Azərbaycanda saxlanılan ermənilərin məhkəmə proseslərindən narahatlığını bildirib

Azərbaycan-Ermənistan. Mənbə: rawf8/shutterstock

Rəsmi Bakı: Azərbaycan 10 mindən çox qeyri-qanuni erməni silahlı qüvvələrini ölkəni tərk etməyə icazə verməklə böyük jest edib”

Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) fevralın 28-də beynəlxalq ictimaiyyətə bəyanatla müraciət edib.

Müraciətdə deyilir ki, Azərbaycanda saxlanılan erməni hərbi əsir, girov və digər şəxslərə qarşı kobud prosessual pozuntular, işgəncələrlə müşayiət olunan mərhələli məhkəmə prosesləri davam edir.

“Azərbaycan mediasında 23 əsirin məhkəmə proseslərindən videoların, fotoların dərci, habelə fiziki, psixoloji təzyiq, işgəncə və onların sağlamlığının kəskin pisləşməsi barədə məhkumların vəkillərinin yaydıqları məlumatlar dərin narahatlıq doğurur. BMT-nin İşgəncələrə Qarşı Komitəsinin ifadə etdiyi narahatlıq, “Human Rights Watch” və digər beynəlxalq təşkilatlar tərəfindən sənədləşdirilmiş erməni hərbi əsirlərə işgəncə vermə halları da bunu sübut edir. Ermənistan hökumətinə erməni hərbi əsir, girov və digər məhbuslara qarşı qadağan olunmuş vasitələrdən istifadə edilməsi barədə məlumatlar daxil olmaqda davam edir. Erməni hərbi əsirləri, girovları və digər məhbusları öz vəzifələrinə və beynəlxalq öhdəliklərinə zidd olaraq Azərbaycanda qanunsuz olaraq saxlanılır”.

“Azərbaycan hakimiyyəti məsələnin ailənin hər bir üzvü və bütün cəmiyyət üçün həssaslığını nəzərə alaraq, bu məhkəmə prosesindən Ermənistanın siyasi təzyiq və cəmiyyəti manipulyasiya vasitəsi kimi istifadə edir. Bu proseslərin Azərbaycan mətbuatında ermənilərə qarşı etnik ədavətin davam edən təbliğatı kontekstində baş verməsi xüsusilə diqqəti cəlb edir”, – bəyanatda deyilir.

Azərbaycan XİN Ermənistan XİN-nə cavab verib.

“Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib”, – Azərabaycan XİN-nin mətbuat katibi Ayxan Hacızadə bildirib.

“Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. Ermənistan XİN-ə onu da xatırlatmaq istərdik ki, Azərbaycan həmçinin 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərindən sonra 10 mindən çox qeyri-qanuni erməni silahlı qüvvələrinə silahı yerə qoymağa və Azərbaycan ərazilərini tərk etməyə icazə verməklə böyük jest edib”, – XİN sözçüsü deyib.

2025-ci il yanvarın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıda saxlanılan erməni məhbuslardan ifadələr almaq üçün onlara qadağan olunmuş psixotrop maddələr verildiyini deyib.

Azərbaycan XİN isə deyilənləri təkzib edib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Qarabağda separatçıların “prezidenti” Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan və David Manukyan da daxil olmaqla, hazırda Azərbaycanda 14 nəfər həbsdədir və Bakıda onların məhkəmə prosesi keçirilir.

Azərbaycanla Ermənistan arasında isə hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətYerevan Azərbaycanda saxlanılan ermənilərin məhkəmə proseslərindən narahatlığını bildirib