Zümrüd Yağmur: “Cinayətkar saxlanıldı, bundan sonra məhkəməyə çıxarılmalı, layiq olduğu cəzanı almalıdır”
Yazar Zümrüd Yağmurun qızı Sənaya cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə məlumatı Zümrüd Yağmur yayıb. Bildirib ki, özü də bu gün istintaq idarəsinə dəvət olunub və ifadəsi alınıb.
Zümrüd Yağmur
deyib
ki, Baş Prokurorluq işi nəzarətə götürmüşdü. Bu gün isə cinayət işində şübhəli bilinən Əsgər Ağazadəni saxlayıblar. Buna görə onlar istintaq isarəsinə dəvət edilib, ifadə verib:
“İnana bilmirdim ki, bu baş verib. Çünki 1 il 2 aydır gözləyirdim, indi şokdayam. Ümid edirəm ki, bundan sonra da proses indiki kimi davam edər. Cinayətkar öz cəzasını alar və indiyədək baş vermiş qanunsuzluq aradan qalxar. Bizim istəyimiz tək budur”.
Zümrüd Yağmur əlavə edib ki, təcavüz məsələsi çox həssas mövzudur. Hüquq-mühafizə orqanları bu işlərə həssas yanaşmalıdırlar:
“Mən heç kimin təcavüzlə və bizim üzləşdiyimiz dəhşətli qanunsuzluqla üzləşməyini istəmərəm. Bundan sonrakı sürəcdə də ümid edirəm ki, eyni həssaslığı görəcəyik. Bu cinayət işində qanunsuzluğun, ədalətsizliyin olması barədə bir də paylaşım etməməyə ümid edirəm. Cinayətkar saxlanıldı, bundan sonra məhkəməyə çıxarılmalı, layiq olduğu cəzanı almalıdır”.
Yazar sonda deyib ki, bu ədalətsizliyin aradan qaldırılması həm də ictimai dəstəyin nəticəsidir.
Oktyabrın 13-də yazar Zümrüd Yağmur
mətbuat konfransı
keçirərək qızı Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb.
O deyib ki, ona bu zorakılığı edən bacısı oğlu Əsgər Ağayevdir.
Yazarın sözlərinə görə, ekspertiza rəylərində Sənayın paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilsə də, indiyədək o həbs olunmayıb: “Hadisə günü Əsgər Ağayev Sənayın içkisinə narkotik vasitə qatıb və huşsuz halda ona qarşı zorakılıq edib”.
Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.
“Əsgər Ağayev cinayət işində, sadəcə, şahid qismində dindirilib”, – Zümrüd Yağmur deyib.
Oktyabrın 18-də isə Baş Prokurorluq Meydan TV-nin sorğusuna cavab olaraq
bildirib
ki, Sənay Yağmurun cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi istintaq idarəsinə həvalə edilib.
Zümrüd Yağmurun şikayətinin lazımi qaydada araşdırılması üçün imza kampaniyasına da başlanılıb.
Kampaniyanı “Qadın üçün” komandası başladıb və artıq yüzlərlə şəxs imzalayıb.
Bu məsələ ictimailəşəndən bu yana Əsgər Ağayev və ailəsindən münasibət öyrənmək mümkün olmayıb.