Kürdəmir rayonu

Mənbə: google.az

Başlıq: Kürdəmir rayonu

Yenikənd sakini: Kimin imkanı, tanışı var, ona su tapılır

Kənd sakinləri su qıtlığından əziyyət çəkdiklərini deyirlər

Kürdəmir rayonunun Yenikənd kəndinin sakinləri aylardır su problemləri ilə üzləşiblər. Bu barədə Meydan TV-yə danışan kəndlilər deyirlər ki, su verilmədiyinə görə əkin sahələri, bağlarda ağaclar quruyub, yeganə gəlir mənbəyindən də məhrum olublar.

“Su olmayanda təsərrüfatla məşğul ola bilmirik”

Kənd sakini Yadigar Təvəkkül qızı Kazımova deyib ki, su olmadığından illərlə çəkilən əziyyətlər məhv olur:

“Yenikənd böyük kənddir. Kəndlilərin əsas dolanışıq mənbəyi əkin-biçin, təsərrüfatdır. Su olmayanda təsərrüfatla məşğul ola bilmirik. Mal-qara, toyuq-cücə də tələf olur”.

Kənddə yalnız suvarma deyil, içməli su problemi də var. Kənd sakinləri içməli suyu pulla alırlar: “Başqa qazanc yerim də yoxdur. Kimin imkanı, tanışı var, ona su tapılır. Mənim kimilərinin də bağında ağacları quruyub, illik məhsulu məhv olur”.

“Hər həftə suya 8 manat veririk”

Şikayətçi deyib ki, artıq maşınla su almağa belə pul tapmır:

“Bizim evdəki su çəninin tutumu azdır, hər həftə içməli suya 8 manat verirəm. Arxları qazıb, təmizləyirik ki, bəlkə su gələr. Suyu qənaətlə işlədirik, amma bir həftəyə güclə çatır. Axı heyvanları da alınan su ilə suvarırıq”.

Şikayətçi deyib ki, əvvəllər də ara-sıra su problemi olurdu, amma bu il vəziyyət kritik həddə çatıb. Kəndə bulaq çəkilib, amma bulaq və arxlar bütün kəndi əhatə etmir.

“Kəndin az hissəsində su olmaya bilər”

Adının açıqlanmasını istəməyən başqa bir kənd sakini deyir ki, təxminən 500 nəfərdən çox sakin su tapmır. Bu barədə dəfələrlə Kürdəmir Rayon İcra Hakimiyyətinə, bələdiyyəyə şikayət edilsə də, baxılmayıb.

Kürdəmir Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu il quraqlıq yarandığından su problem yaşanıb. Yenikənd kəndinin isə yalnız az hissəsində su olmaya bilər. Qurum məsələ ilə maraqlanacağını deyib.

Kürdəmir Rayon İcra Hakimiyyəti

Kürdəmir Rayon İcra Hakimiyyəti

Mənbə: google.az

Bu il Xəzər dənizinin suyu Kür çayının şirin suyuna qarışıb, nəticədə bir neçə rayonda, kəndlərdə su təminatı ilə bağlı problem yaranıb. Mütəxəssislər bunu Xəzər dənizində küləyin sürətinin artması və Kür çayında suyun səviyyəsinin düşməsi ilə əlaqələndirirlər.

Prezident İlham Əliyevin iştirakı ilə suvarma problemi müzakirə olunub.

İlham Əliyev həmçinin bu il, aprelin 15-də “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılıb. Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən Meydan TV-yə bildirilib ki, problemin həlli istiqamətində işlər görülür.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/crl53e

Ən çox baxılan