Yeni vitse-prezidentlik institutu kimə lazımdır?

Cəmiyyətdə bununla bağlı müəyyən müzakirələr getsə də, əksər fikirlər məhz hakim ailə üzvlərindən birinin bu vəzifəyə təyin olunması üzrə cəmlənir

Source:
Nahid Cəfərov
Nahid Cəfərov
Nahid Cəfərov – banner
Nahid Cəfərov – banner

Cəmiyyətdə bununla bağlı müəyyən müzakirələr getsə də, əksər fikirlər məhz hakim ailə üzvlərindən birinin bu vəzifəyə təyin olunması üzrə cəmlənir. Bir çoxu bu vəzifəyə əsasən Mehriban Əliyevanın təyin edilməsini proqnozlaşdırsa da, bununla yanaşı fərqli ehtimalları da nəzərdən keçirmək lazımdır. Qeyd etmək lazımdır ki, bu posta təyin olunan şəxs ən azı iki xüsusiyyətdən birinə malik olmalıdır: hakim ailəyə sadiqlik və ya peşəkarlıq. Təyin olunacaq vitsa-prezidentdə həm peşəkarlığın və həm də sadiqliyin olması Əliyevlər üçün ideal bir seçim olsa da, yüksək peşəkarlıq bir çox hallarda sadiqliyin üzərinə kölgə salır və o şəxsə olan inamı sarsıdır. Bunu nəzərə alaraq, peşəkarlıq və loyallıq bu məqalədə bir-birinə əks olan xüsusiyyətlər kimi təqdim edilsə də, ikisindən birinə üstünlük verilməsi müəyyən rasional hesablamalara söykənir.

İlk öncə hökumət tərəfindən bu dəyişikliyi zəruri edən səbəblərə baxmaq və bu dəyişikliyin kimə və nəyə xidmət edə biləcəyini araşdırmaq lazımdır. Nəzərə alsaq ki, vitse-prezident postuna dair dəyişiklik məhz İlham Əliyev tərəfindən irəli sürülüb və onun birbaşa nəzarəti altında həyata keçirilib, dəyişikliyin kimə lazım olmasına dair suala cavab tapmaq o qədər də çətin deyil. Əsas məsələ, hazırkı dözülməz bir iqtisadi və siyasi durumda əhalini daha da qızışdıra biləcək bu dəyişikliyi izah edən rasional səbəblərin araşdırılmasıdır. Qeyd edim ki, bu yazıda təqdim edilmiş bütün analizlər rasional (İlham Əliyev üçün optimal ola bilən səbəblər) və ehtimal nəzəriyyələri üzərində qurulub.

Heç kimə sirr deyil ki, dəyişiklik iqtisadi vəziyyətlə və ya neftin dünya bazarındakı kəskin azalan qiyməti ilə birbaşa əlaqədardır. Azərbaycana daxil olan maddi vəsaitin azalması əhali arasında maddi və sosial narazılıqların artması ilə yanaşı bu rejimə xidmət edən insanlarda müəyyən narahatlılqlara səbəb olmuşdur. “Ümumi qazana” töküləcək vəsaitin miqdarı azaldıqca, mərkəzdənqaçma meyillərinin artmasına şərait yaranacaq və bu da bir çox dövlət qulluqçularında hökumətə qarşı olan loyallığı sarsıda bilər. Bundan əlavə, maliyyə resurslarının tükənməsi büdcədən maliyyələşən şəxslərin aylıq əmək haqqına mənfi təsir etməsi ilə paralel olaraq hökumətin müxalifət düşərgəsində fəaliyyət göstərən şəxslərin pulla satın almasını çətinləşdirir. Digər tərəfdən, hal-hazırda prezidenti əvəz edə bilən baş naziri prezidentin deyil, parlamentin təsdiq etməsi və tükənməkdə olan resurslar səbəbindən parlament üzərindəki nəzarətin itirilə bilmə ehtimalı (az da olsa belə) birbaşa İlham Əliyev tərəfindən təyin edilə bilən və yalnız ona tabe olan bir institutun yaradılmasına zərurət yarada bilər. Belə olan halda, İlham Əliyev peşəkarlığı sadiqliyə qurban verərək, ona sadiq ola bilən və xəyanət etmə ehtimalı sıfıra bərabər olan bir şəxsi vitse-president təyin edə bilər. Bu posta ailəyə məxsus olan və ya ailəyə çox yaxın olan istənilən bir şəxsin təyinatını ehtimal etmək mümkündür.

Vitse-prezidentin ailə üzvündən birinin olacağı təqdirdə, hökumətin gələcəkdə xalqa və muxalifət düşərgəsinə qarşı daha sərt və radikal addımlar atacağını qaçılmaz edir. Bu siyasətin nəticəsi olaraq, hökumətlə xalq arasında mövcud olan hazırkı böhran daha da dərinləşərək iki tərəf arasında hələ də ağır şərtlər altında qorunub saxlanılan bəzi körpüləri dağılacaq. Dağılmış körpülər sosial narazılığı daha da artıracaq və bu da diktaturanın mühərriki üçün enerji rolunu oynayan sadə və avam vətəndaşların hökumət tərəfə keçməsini çətinləşdirəcək. Belə olan halda, artan ictimai qınaqdan çəkinərək hökumətə xidmətdən imtina edən şəxslərin sayı artacaq və eyni zamanda rejimə xidmət edən şəxslərin sayında defisitin yaranmasına səbəb ola bilər. Artıq xalqın süni sürətdə yaradılmış dəstəyinə deyil, bu şəxslərin loyallığına arxalanan hökumət ona sadiq qalan bu qüvvələrin təminatını da qarşılamaq məcburiyyətindədir. Maddi resursların tükəndiyi bir şəraitdə bu şəxsləri yalnız xalqa qarşı istifadə edə biləcək əlavə səlahiyyətlərin, yəni gücün verilməsi ilə məmnun etmək mümkündür. Hal-hazırda polis nəfərlərinin və digər məmurların xalqa qarşı amansızlığı yuxarıda qeyd edilən aşağıya doğru “güc ötürülməsi”nə misal ola bilər.

Lakin Azərbaycanın iqtisadi vəziyyətinin gündən-günə pisləşdiyi vaxtda belə bir institutun yaradılmasının digər səbəbi imic problemi ilə bağlı ola bilər. Bu gün Əliyevlərin qanunsuz fəaliyyəti, səriştəsiz siyasəti, əhaliyə qarşı zülm etməsi və hakimiyyəti qeyri-qanuni olaraq zəbt etməsi nəinki Azərbaycanda, hətta bütün dünyada hər kəsə məlumdur. Bu qanunsuzluqları Azərbaycan xalqından zaman-zaman “ətrafı pisdir, özü yaxşıdır” nəzəriyyəsi ilə gizlədərək, ilham Əliyevi məsuliyyətdən yayındımağa çalışırdılar. Amma əhali arasında sosial iqtisadi gərginliyin artıdığı bir dövrdə məmurların özbaşınalığı yuxarıda qeyd edilən nəzəriyyəyə olan inamı sarsıdıb və əhalidə İlham Əliyevə qarşı nifrəti və hiddəti artırmışdır. Bunu aparılan bir çox sosial sorğularda açıq-aydın hiss etmək mümkündür. Artıq rejimə hədsiz xidmətləri ilə xalq arasında bütün nüfuzunu itirmiş Siyavuş Novruzov kimilər hökumətə ziyan verərək, hökumət üçün ağır imic problemi yaratmaqdadır. Bu insanların yeniləri ilə əvəz etmək hökumətə heç bir dividend vəd etmir, çünki xalq Eldar Mahmudov olayından sonra bu nağıllara inana bilmir. Eyni zamanda qurban seçilmiş Eldar Mahmudovun özü belə hökumətin korlanmış imicini bərpa edə bilmədi .Hökumətin bu taktiki gedişi iflasa uğradı.

Daha böyük bir taktiki gediş etmək lazımdır ki, həm”ətrafı pisdir, özü yaxşıdır” nəzəriyyəsi bərpa olunsun və həm də hakimiyyətin həm daxildə, həm də xaricdə korlanmış imicinə müsbət təsir etsin. Bu yalnız gənc və savadlı bir insanın, xalq arasında nüfuzdan düşməyən və ya tanınmayan bir şəxsin yeni vitse-president postuna təyinatı ilə mümkün ola bilər. Belə bir şəxsi bu vəzifəyə təyin etməklə hökumət ölkədə dolaşan “krallıq” fikirlərinə son qoymaqla yanaşı, cəmiyyətdə “siyasi sahədə islahatlar aparılır” fikrini formalaşdıra bilər. Təhsil naziri Misir Mərdanovun yerinə təyin edilən daha gənc və qərb təhsilli Mikayıl Cabbarov qısa müddət üçün bu təəssüratı yarada bilmişdi. Bu şəxsə əlahiddə səlahiyyətlərin verilməsi də gələcəkdə hökumətə qarşı ünvanlanmış tənqidlərin bu şəxslə bölüşdürülməsinə xidmət edə bilər. Ən pis halda narazılıqları azaltmaq məqsədilə bu şəxs qurban seçilərək bütün nöqsanları bu şəxsin ayağına yazmaq mümkün olacaqdır. Bunu hazırkı Baş nazir Artur Rəsizadəni qurban seçməklə həyata keçirmək mümkün olmayacaq. Səbəb ondan ibarətdir ki, baş naziri president deyil, Milli Məclis təyin edir və bütün ömrünü Əliyevlərə xidmətdə keçirən qoca bir şəxsin qurban seçilməsi mərkəzdən qaçma qüvvələrini hərəkətə gətirə bilər. Qurban elə bir şəxs olmalıdır ki, qurbanlıq xərci baha olmasın.

Ana səhifəAnalitikaYeni vitse-prezidentlik institutu kimə lazımdır?