”Yeni təhsil naziri seçkidən sonra təyin olunacaq”

“Təhsildə uğurlu olmaq üçün müəllimlərin maaşları artırılmalıdır”

Mənbə: Meydan TV
Asim Mollazadə
Asim Mollazadə


“Təhsildə uğurlu olmaq üçün müəllimlərin maaşları artırılmalıdır”

“Hesab eləmirəm ki, yeni təhsil naziri təhsildə hansısa köklü dəyişiklik edə biləcək. Ona görə də təhsil nazirinin olub-olmaması elə də fərq eləmir. Azərbaycan hakimiyyətinin təhsilə baxışı dəyişməyincə, nazir kürsüsündə kiminsə oturmağının heç bir fərqi yoxdur”.

Xəzər Universitetinin dosenti, Azərbaycan dili və Ədəbiyyat Departamentinin müdiri Vurğun Əyyub yeni təhsil nazirinin təyinatının gecikməsi ilə bağlı sualı cavablandırarkən deyib.

2017-ci ilin dekabrın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilərək vergilər naziri təyin olunub. Bu müddətdən üç ay keçsə də, təhsil naziri vəzifəsinə təyinat olmayıb. Təhsil naziri vəzifəsini müvəqqəti olaraq nazir müavini Ceyhun Bayramov icra edir.

Vurğun Əyyub
Vurğun Əyyub

Keçmiş nazirin fəaliyyətini təftiş edən Vurğun Əyyub deyir ki, Mikayıl Cabbarov təhsildə islahatdan çox danışsa da, elə bir köklü islahatın şahidi olmadıq:

“Təhsilin inkişafını istəyiriksə, Azərbaycan hakimiyyətinin təhsilə baxışı dəyişməlidir. Təhsilə qayğı məktəb binası təmir etməklə başa çatmır. Məsələn, çox ciddi islahatlardan biri kimi təhsil işçilərinin attestasiyası ola bilər. Təəssüf ki, bu attestasiya keçirilmir, çünki hakimiyyət özündən narazı olan böyük bir qüvvəyə malik olmaq istəmir. Orta məktəblərdə təxminən 150 minə yaxın müəllim çalışır, attestasiya keçirilsə, bəlli olacaq ki, bunun 50 mini heç bir işə yaramır. Bu, çox ağrılı proses olar. Amma hakimiyyət hətta müəllimlik attestasiyasından keçməyən müəllimlərin qayğısına qalmaq üçün müəyyən layihələr fikirləşə bilər, bunu anlamaq olar. Amma bunsuz təhsildə ciddi dəyişikliyə imza atmaq mümkün olmayacaq”.

Dərsliklər məsələsində də ciddi islahatların vacib olduğunu deyən Vurğun Əyyubun sözlərinə görə, Təhsil Nazirliyi özü üçün aydınlaşdırmalıdır – sovet təhsilinin dağıntıları üzərindəmi nə isə qurmaq istəyir, yoxsa yeni bir təhsil sistemi qurmaq fikrindədir:

“Bunlar nə köhnə sovet sisteminin tələblərindən əl çəkə bilirlər, nə də yenilik tətbiq edirlər. Azərbaycanda ali təhsil əlçatan olmalıdır. Bizdə hər yüz nəfərə düşən ali təhsilli şəxslərin sayı region dövlətlərindən ən sonuncudadır. Amma bu, demək deyil ki, hər kəsə diplom verib onu ali təhsilli etmək lazımdır. Ali təhsil ocaqlarına giriş onsuz da indi asanlaşdırılıb. Az qala 150-200 balla ali məktəblərə qəbul olunurlar. Amma heç olmasa ali məktəblərdə oxuduqları təhsil illərində ciddi nəzarət təşkil olunmalıdır. Hər 4 il universitetə gedib-gələnə diplom vermək olmaz. Bu istiqamət Azərbaycan təhsilini fəlakətə doğru aparır. Əslində, Azərbaycan böyük fəlakət içindədir”.

Altay Göyüşov
Altay Göyüşov

Tarixçi-alim, tarix elmləri doktoru Altay Göyüşov deyir ki, yeni nazirinin olmaması problem deyil, çünki orada birinci müavin nazirin səlahiyyətlərini icra edir:

“Yəni sistem əvvəlki qaydada işləyir, çünki müavin eks-nazirin kadrıdır. Görünür indi kadr məsələsində vahid mövqe yoxdur, ona görə yeni nazirin təyinatı uzanır. Amma mən inanmıram ki, prosesin uzanması mövcud sistemin davamında problem yarada bilər. Yenə deyirəm ki, əvvəlki nazirin qoyduğu sistemdir və bu, davam edir. Ola bilər ki, müavinin özünü qoysunlar. Çünki onun imkanları daha çoxdur. O, qalsa, sistem davam edəcək”.

Altay Göyüşov deyir ki, Mikayıl Cabbarov böyük dəyişikliklər etmədi, orta məktəb sistemində korrupsiya və digər məsələlərin həllinə nail ola bilmədi:

“Amma tələbələrin də qeyd etdiyi kimi ali məktəblərdə rüşvətin yığışdırılmasında nailiyyətlər var idi, nisbətən azalmışdı. Həm də sabah qrupları yaradıldı, amma bunun nə dərəcədə effektiv olduğunu deyə bilmərəm. Fundamental şəkildə böyük şeylər dəyişilmədi. Müəyyən pozitiv hallar oldu, rüşvət məsələsi, nazirin qəbul günlərinin keçirilməsi və s. Dərin olmasa da, müəyyən kiçik dəyişikliklər oldu. Nəticənin olması üçünsə fundamental dəyişikliklər olmalıdır”.

Milli Məclisinin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə deyir ki, seçkidən sonra yeni hökumət formalaşacaq və bu formalaşan yeni hökumətdə yeni təhsil naziri də təmsil olunacaq:

“Hansısa nazirin bir neçə ayda vəzifədə olmaması faciə kimi qəbul olunmamalıdır. Çünki o nazirin vəzifəsini icra edənlər var. Düşünürəm ki, xaricdə təhsil almış Mikayıl Cabbarov təhsildə müəyyən islahatların başlamasına təkan verib. Təhsil islahatları prosesi bir saniyədə baş vermir. Unutmayın ki, bizə sovet dövründən miras qalmış təfəkkür sistemini bir aya, bir ilə dəyişmək mümkün deyil. Burada bir amil də var ki, Azərbaycan SSRİ-nin bir əyaləti kimi hər zaman diqqətdən yayınıb. Azərbaycandan milyonlarla ton neft aparılıb, amma xeyrini başqa ölkələr görüb. Son illərdə Azərbaycanda daha çox məktəb inşa olunub, nəinki bütün MDB məkanında. Təhsili inkişaf etdirmək lazımdır. Bu gün Azərbaycanın təhsil sistemini dünyada mövcud olan müasir sistemlərə uyğunlaşdırmaq lazımdır. Həm Avropa, həm də ABŞ sisteminin uğurlu modellərini tətbiq etmək lazımdır. Təhsil sistemi hər zaman çox böyük maliyyə tələb edən sistemdir. Uğurlu olmaq üçün müəllimlərin maaşları artırılmalıdır, yüksək səviyyəli mütəxəssislər bu sistemə dəvət edilməlidir. Arzu edirəm ki, Azərbaycan buna nail olsun və təhsilimiz inkişaf etsin”.

Ana səhifəXəbərlər”Yeni təhsil naziri seçkidən sonra təyin olunacaq”