Yeni teatr – o, azad ola biləcəkmi…

“Mənim” Teatrım dünyaya necə göz açdı.

Source:



Yenə biz öz milli-mənəvi süqutumuzu yaşayırıq. Yenə sənət Azərbaycan hüdudlarında mədəniyyətin fövqünə can atır…

Bir dəqiqə… Azərbaycanda yeni azad teatr yarandı. Özü də monumental binaların söküldüyü, müstəqil ODA teatrının bir neçə dəfə bağlanmağa məcbur olduğu, aclıq, devalvasiya dövründə.

Tarixi 20-ci əsrin əvvəllərinə dayanan “Azərbaycan” kinoteatrı sökülüb, yerində kafe tikilir. Ondan dahaqədim YUĞ Teatrının binası sökülür. Kukla Teatrına köçürülür. Belə bir vaxtda Azərbaycanın ikinci azad teatrı “M.Teatr Production” yaranır.

Hamının 90-cı illərlə müqayisə apardığı bu zamanda incəsənət özünün ən dinamik, coşğun illərini yaşayır. Belə hal həmin dövrlərdə də yaşanmışdı. YUĞ Teatrı yaranmışdı, ədəbiyyat inkişafa, fərqliliyə qaçırdı, musiqi qrupları yaranırdı və s.

Yenə biz öz milli-mənəvi süqutumuzu yaşayırıq. Yenə sənət Azərbaycan hüdudlarında mədəniyyətin fövqünə can atır. YUĞ Teatrında Azərbaycanda ilk dəfə açıq oxunuş (çitka) keçirildi. Teatr konfransları, ODA Teatrının tərkibində yeni ADO Teatrı yarandı. Ən önəmlisi aktyor, əməkdar artist və həm də teatrın bədii rəhbəri Vidadi Həsənovun təşəbbüsü ilə ikinci azad teatr (mən “müstəqil” sözündən daha çox “azad” sözünü işlətməyi rəva bilərdim) “M.Teatr Production” doğuldu.

Özünə “M.Teatr” yəni, “Mənim Teatrım” adını verən bu teatr öz istedadlı aktyor və idarə heyəti ilə inanıram ki, qarşılarına ciddi məqsədlər qoyub. Çünki, Mənim Teatrım əhali, xalq olaraq hər birimizin teatrıdır.

İlk çıxışını Üzeyir Hacıbəyovun “Ordan-burdan” əsərinin əsasında hazırlanmış “Məsəl-ya” adlı oyunla açan teatr mart ayının 29-u göstərdiyi tamaşa ilə müsbət aura və böyük ümidlər yaratdı. Tamaşada H.V.İsmayılın mahnıları, Mirzə Ələkbər Sabirin şeirlərindən geniş şəkildə istifadə olunmuşdu. Həm musiqili, həm də konseptual xarakterli bir tamaşa alınmışdı.

Vidadi Həsənov və aktyorlar (Oqtay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Günay Əhməd) “M.Ə.Sabir – Ü.Hacıbəyov – 20-ci əsr” üçbucağının konteksti daxilində müasir dünyamıza baxmağa çalışırdı. Aktual siyasi məsələləri – terror, siyasi vəziyyətimiz, məmurlar və s. kimi problemləri ortaya qoyan teatr tamaşaçı qarşısına cəsarətli mövzularla çıxmışdı.

Onlar təkcə tamaşaçıya yox, yaşadığımız dünyaya qarşı müqavimətə başlayırdılar. Ü.Hacıbəyovun publisistik məqalələrindən peşəkar və özünəməxsus formada istifadə edib, oyun quran Vidadi Həsənov tamaşaçıların reaksiyasından belə göründü ki, uğurlu iş görüb. Oyunda təkcə sözlər yox, həm də onun səhnədə qurduğu modellər danışırdı.

Aktyorların oyunun sonunda tamaşaçıların yanında düşüb, özlərini xalqa qatmasını – əslində “Mənim Teatrım”-ın başlıca ideyası kimi qəbul etdim.

Hərçənd, mənim fərdi fikrimə görə, bu mövzu otaqlarının qapısını çoxdan bağlayıb müasir teatr kimi yeni kitablara müraciət etməliydi. Amma bunlardan danışmaq üçün hələ tezdir.

Görəsən, “M.Teatr” azadlığa tab gətirib, teatral mühitimizin vizit-kartına çevrilə biləcəkmi?

Bu sənət dirənişindən birlikdə qalib çıxmaq arzusu ilə…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəYeni teatr – o, azad ola biləcəkmi…